Manatın məzənnəsi sabit qalacaq
ABŞ-ın Federal
Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin tədricən artırılması siyasətinə
2015-ci ilin dekabrından başlayıb. 2006-ci ilin iyununda da FED uçot dərəcəsini
artırıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25
faiz) həddədək aşağı salıb. Cari il martın 15-i və iyunun 14-də də FED uçot
dərəcəsini artırıb. Ən nəhayət, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq
Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası srağagün
yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25 - 1,25 faiz
səviyyəsindən 1,50 faizədək artırıb. İqtisadçılar ABŞ-ın Federal Ehtiyatlar
Sisteminin bu qərarının dünya iqtisadiyyatına, maliyyə bazarına təsir edəcəyi qənaətindədirlər.
Bəs, bu qərar Azərbaycan iqtisadiyyatına, milli valyutamıza hər hansı formada
təsir edə bilərmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Vahid Əhmədov FED-in uçot dərəcəsi ilə bağlı
müxtəlif vaxtlarda fərqli qərarlar verdiyini bildirdi. İqtisadçı millət vəkili "Kaspi”yə açıqlamasında
vurğuladı ki, bu qərarlar dünya maliyyə bazarına öz təsirini göstərir: "Dollar
bütün dünyada istifadə edilən valyutadır. Ona görə də Federal Ehtiyatlar
Sisteminin uçot dərəcəsini aşağı salması, yaxud artırması maliyyə bazarlarına
təsir edir. Sözsüz ki, Federal Ehtiyatlar Sisteminin bu dəfə də uçot dərəcəsini
0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırması maliyyə bazarlarına
təsirsiz ötüşməyəcək. Hətta məlumat var ki, Federal Ehtiyatlar Sistemi 2018-ci
ildə uçot dərəcəsinin səviyyəsinə daha tez-tez baxacaq, müvafiq qərarlar
verəcək. Konkret, Azərbaycana gəldikdə isə ölkəmizdə bu hadisədən dolayı hər
hansı ciddi problem olmamalıdır. Çünki, milli valyutanın məzənnəsinə təsir edən
amillər var. Bunlar neftin bazar qiyməti, idxal-ixrac əməliyyatları, ölkədəki
pul kütləsinə nəzarət mexanizmləridir. Hazırda neftin bazar qiyməti yüksək səviyyədədir.
Son məlumatlara görə, "AzeriLayt” markalı neftin 1 barelinin dəyəri 65
dollardan bahadır. Bu baxımdan, FED-in uçot dərəcəsini artırmasının
iqtisadiyyatımıza ciddi təsir göstərəcəyi proqnozlaşdırılmır. Digər tərəfdən,
idxal-ixrac əməliyyatları ilə bağlı Azərbaycanda müsbət saldo yaranıb. Bu amil
də hər hansı təsirin gözləniləcəyini inkar edir. Ən nəhayət, ölkədəki pul
kütləsinə Mərkəzi Bank tərəfindən çox ciddi nəzarət olunur. Bu mexanizm
sayəsində izafi pul kütləsinə icazə verilmir. Bütün bunları nəzərə alaraq, hər
hansı ciddi problem görmürəm. Manatın məzənnəsinin sabit saxlanması üçün
Mərkəzİ Bank maliyyə bazarına lazım gələndə müdaxilələr edir. Bundan sonra da
bu qayda ilə manatın məzənnəsinin sabit saxlanmasına cəhd olunacaq. Manatın
həddən artıq ucuzlaşması gözlənilmir”.
İqtisadçı alim Vüqar Bayramov son aylar
dolların alış kursunun ilk dəfə 1.705-ə yüksəlməsinə diqqət çəkərək, artıq
əksər bankların 100 dollara 170 manatdan çox vəsait ödədiklərini vurğulayıb.
Onun fikrincə, bu, o deməkdir ki, FED-in uçot dərəcəsinin artırılması ilə bağlı
qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi də olsa
artırıblar: "Öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici
valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlarla bağlı xarici
səfərlərin sayının çoxalması və ən əsası, özəl və dövlət müəssisələrinin builki
xarici borc öhdəlikləri üçün son ayın olması, dollara tələbi artıran
amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən
asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərraclara daha çox
valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə Federal
Ehtiyatlar Sisteminin qərarına öncədən hazır olduğu üçün dünya bazarında
dolların möhkəmlənməsi müşahidə edilmədi”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
digər üzvü Tahir Mirkişili qəzetimizə açıqlamasında
bildirib ki, 2017-ci ilin indiyə qədər olan iqtisadi göstəriciləri manatın
məzənnəsinə təhlükə yaradan səbəblərin tam aradan qaldırıldığını deməyə əsas
verir: "Xarici ticarətdə ixrac idxalı üstələyir, tədiyyə balansı pozitivdir,
strateji valyuta ehtiyatlarımız artıb. Mərkəzi Bankın həyata keçirdiyi
pul-kredit siyasəti, pul kütləsinin balansının tənzimlənməsi bazarda sabitlik
yaradıb. Bu amillərin hamısını bir yerdə götürsək, manatın məzənnəsi gələcəkdə
də sabit olacaq. Bunun üçün əlverişli şərait yaranıb. Ona görə də, ABŞ-ın
Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən
1,50 faizədək artırmasının Azərbaycan manatının məzənnəsinə minimal təsir
edəcəyi qənaətindəyəm. Bu təsirlərin də manatın məzənnəsini dəyişdirəcəyini
düşünmürəm”.
İqtisad elmləri doktoru, professor
Fikrət YusifovABŞ-ın Federal
Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmasının səbəbini makroiqtisadi
göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsi ilə
əlaqələndirib. O bildirib ki, bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər
yüksəkdir, əmək bazarı çox yaxşı göstəricilər nümayiş etdirir. Professorun
qənaətinə görə, bu fonda bahalı dollar siyasətinin gələn ildə və ondan sonrakı
illərdə də davam etdiriləcəyi gözlənilir: "İlkin proqnozlara görə, 2018-ci
ildə uçot dərəcəsinin 2,100 %-ə, 2019-cu ilin sonuna 2,700 %-ə, 2020-ci ilin
sonuna isə 3,100 %-ə yüksəldilməsi nəzərdə tutulur. Uzun illər aparılan ucuz
dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması
ilə nəticələndi. Məhz bundan sonra mərhələlər üzrə dolların bahalanması
siyasəti yürüdülməyə başlandı. Bu, çox düşünülmüş və ardıcıl şəkildə həyata
keçirilən siyasətdir. Başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox
investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır.
Prezident Donald Trampın siyasi müstəvidə nümayiş etdirdiyi çılğınlıqlara
baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun
prezidentliyinin biri ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması
ilə yadda qaldı. Uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı
valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcəkdir – bu,
qaçılmazdır. Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi
həmin ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı
olacaqdır. İqtisadiyyatı neftlə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın
real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin
artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli
valyutamızın taleyi bundan çox asılıdır".
Rufik İSMAYILOV