• çərşənbə axşamı, 19 mart, 13:29
  • Baku Bakı 8°C

Ölkədə qarayara təhlükəsi varmı?

22.07.17 09:45 1465
Ölkədə qarayara təhlükəsi varmı?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Ukraynanın Sumı vilayətində heyvanlar arasında aşkarlanan qarayara xəstəliyinin Azərbaycana keçmə və xəstə heyvanların ölkəmizə gətirilə bilmə ehtimallarına aydınlıq gətirib. DBNX-nin mətbuat katibi Yolçu Xanvəli Trend-ə Ukraynada aşkarlanan xəstəliyin ölkəmiz üçün təhlükəli olmadığını deyib.
O bildirib ki, Azərbaycana yalnız epizootik vəziyyətin sağlam olduğu ərazilərdən diri heyvan və heyvan ətləri gətirilir: "Sumı vilayətindən isə ölkəmizə diri heyvan və heyvan ətləri gətirilmir. Bu məsələ tam nəzarətdə saxlanılır. Heyvanlar gətirilməmişdən əvvəl həmin ölkədə, daha sonra isə Azərbaycanın özündə karantində saxlanılır. Fermerlərə yalnız sağlam heyvan verilir".
Qeyd edək ki, emal müəssisələri Azərbaycana xaricdən iribuynuzlu heyvan ətləri - çamış, inək, donuz əti və donuz piyi, o cümlədən quş əti gətirirlər. Hazırda iribuynuzlu heyvan əti Azərbaycana Ukrayna, Gürcüstan və Rusiyadan, camış əti isə daha çox Hindistandan gətirilir. Xatırladaq ki, Ukraynanın Sumı vilayətində heyvanlar arasında qarayara xəstəliyinin aşkarlanması ilə əlaqədar Rusiyanın sərhədlərində əl yükləri ciddi yoxlanılır və həmin yüklərdə aşkarlanan ət məhsullarının Rusiya ərazisinə keçirilməsinə icazə verilmir. İyulun 6-dan 16-a kimi Rusiya sərhəddində əl yükündə aşkarlanmış 41 kq ət məhsulları saxlanılıb.
Bəs görəsən qarayara xəstəliyinin hansı fəsadları var və qarşısını necə almaq olar? Ümumiyyətlə, xəstəlik insana da yoluxa bilirmi?
Məsələ ilə bağlı DBNX-nin mətbuat katibi Yolçu Xanvəli ilə əlaqə saxladıq. O bəzi məsələlərə aydınlıq gətirdi: "İyunun 27-də Ukraynanın Sumı vilayətində qarayara xəstəliyinin qeydə alınmasına dair xəbər yayılıb. Bu barədə artıq məlumatımız var. Amma biz sözügedən vilayətdən Azərbaycana nə kəsilmiş heyvan əti, nə də diri heyvan almışıq. Ölkəyə əsasən Kiyev, Odessa kimi, yəni epizootik vəziyyətin sabit olduğu ərazilərdən ət və diri heyvan gətirilir. Bu infeksiya sürətlə yayılan xəstəliklərdən olsa da, qeyd edim ki, Azərbaycan üçün heç bir təhlükə yoxdur. Hər il olduğu kimi, cari ildə də epizootik tədbirlər planına uyğun olaraq həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanlarda və eləcə də cütdırnaqlılar və donuzlar arsında peyvəndləmə tədbirlərini artıq həyata keçirmişik. Bir daha qeyd edim ki, hansısa təhlükədən söhbət gedə bilməz. Ümumiyyətlə, ölkədə təkcə qarayara xəstəliyi ilə bağlı deyil, digər yoluxucu xəstəliklərlə də bağlı epizootik vəziyyət sabitdir”.
"Azərbaycan Camışçılar” İctimai Birliyinin sədri Akif Fərəcov qəzetimizə açıqlamasında bildirdi ki, qarayara xəstəliyinə yoluxan heyvanlar məhv edilməlidir: "İri və xırda buynuzlu mal-qara bu xəstəliyə görə ildə bir dəfə mütləq peyvənd olunmalıdır. Peyvənd edilən heyvanların xəstəliyə yoluxma riski olmur. Hazırda xəstəliyin yayılmasına dair məlumatlar verilsə də, hələlik hansısa təhlükə yoxdur. Xüsusilə xaricdən gətirilən heyvanlara daha çox diqqət yetirilməlidir. Bu xəstəliyə yoluxan heyvanlar mütləq məhv edilməlidir ki, digərlərinə yayılmasın. Çünki xəstəlik sürətlə digər heyvanlara yoluxa bilir. Bu xəstəliyin, həmçinin insana da yoluxma ehtimalı var. Ona görə də mütləq ehtiyatlı davranmaq lazımdır”.
Tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, qarayara, yaxud "Sibir xorası” adlı bu xəstəlik adətən heyvanlarda müşahidə edilsə də, onun insanlara keçmə ehtimalı da var: "Xəstəliyin yayılmaması üçün xəstəliyə yoluxan heyvanlar adətən məhv edilir, infeksiyanı məhdudlaşdırmaq üçün digər tədbirlər görülür. Xəstəlik heyvandan insana və insandan insana keçə bilir və kifayət qədər ağır infeksiyadır. Təhlükə hiss olunduğu anda bununla bağlı mütləq sanitar-epidemioloji tədbirlər görülməlidir. Adətən dəridə çibana bənzər yara əmələ gəlir və bu yara infeksiyanın keçdiyi yerdir. Daha sonra isə xəstəlik daxili orqanlara yayılmağa başlayır. Xəstəliyin gizli dövrü iki-üç gündən bir həftəyə qədər uzana bilir. Daha sonra infeksiya bədəndə ağciyəri, bağırsaqları və digər orqanları zədələyir. Ümumiyyətlə, infeksiya daha çox heyvani mənşəli olduğuna görə, əsasən vəhşi heyvanlarda və iribuynuzlu mal-qarada müşahidə edilən təhlükəli bir xəstəlikdir. İnfeksiya heyvanın limfa düyünlərinə keçir və ölümünə gətirib çıxara bilir. Həmçinin insanlarda da bu xəsətəlik ölümə səbəb ola bilir. Xəstəliyin ilkin vaxtında xəstəyə daha çox antibiotiklər vurulur və çoxlu maye köçürülür. İnfeksiyanın qarşısının alınması üçün bütün tədbirlər görüldükdə, xəstəlik lokallaşır. Xəstəliyin formasından və aşkar edilmə müddətindən asılı olaraq diaqnoz da fərqli olur. Lakin mütləq vaxtında müalicə aparılmalıdır. Müalicə aparılmadıqda isə, dəri formasında 20, ağciyər formasındaa 90-95, bağırsaq formasında isə 50 faiz ölüm halları müşahidə edilir. Xəstəyə erkən formada diaqnoz qoyulub müalicə təyin edildiyi zaman onun yaşamaq şansı var”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər