“Laçınsız illər” adlı dəyirmi masa keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində
fəaliyyət göstərən Tarix klubunun təşkilatçılığı ilə Laçın rayonunun erməni hərbçiləri
tərəfindən işğal olunmasının 25-ci ildönümünə həsr olunmuş "Laçınsız illər”
adlı dəyirmi masa keçirilib.
Universitetin Tərbiyə işləri
üzrə prorektoru Ələddin Əliyev, Təhsil fakültəsinin dekanı, professor Fikrət
Cahangirov, Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, Azərbaycanın
işğal olunmuş ərazilərindəki Tarixi və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri Faiq İsmayılov və tələbələrin iştirak etdiyi dəyirmi
masada Laçın rayonunun qədim tarixi ilə yanaşı onun zəngin təbiəti, coğrafi
mövqeyindən bəhs edilib. Çıxışçılar Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin
törətdikləri vəhşiliklərdən söz açıb, erməni vandalizminə məruz qalmış mədəniyyət
və tarixi abidələr haqqında məlumat veriblər.
Tədbirdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna güvənərək işğal
olunmuş torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin tezliklə doğma yurdlarına
qayıdacağına inam da ifadə olunub.