AZE | RUS | ENG |


“Kütləvi qətl törədən birisinə “psixi xəstə” diaqnozu qoymaq çox asan seçimdir”

“Kütləvi qətl törədən birisinə “psixi xəstə” diaqnozu qoymaq çox asan seçimdir”
Ekspertlər Las Veqasda törədilən qətliamın ciddi səbəbləri olduğu qənaətindədirlər

Bir neçə gün bundan öncə ABŞ-ın Las Veqas şəhərində dinc insanların ölümü ilə nəticələnən daha bir qətliam baş verib. "Mandalay Bay” otelində qalan 64 yaşlı multimilyonçu Stiven Peddok 32-ci mərtəbədəki otağından yaxınlıqdakı "Route 91 Harvest” musiqi festivalının qonaqlarına atəş açıb. Avtomat silahla 59 dinc sakini qətlə yetirən, 527 nəfəri yaralayan qatil sonda özü də intihar edib. Hadisədən sonra S.Peddokun otağından videogörüntülər yayan ABC telekanalı qatilin optik nişangah quraşdırılmış avtomat silahını və sair əşyalarını nümayiş etdirib. Axtarışlar zamanı qatilin oteldəki otağından 23, mənzilindən 19 ədəd silah aşkarlanıb. Cinayətin motivləri məlum olmasa da, video poker qumar oyununun alüdəçisi kimi tanınan S.Peddokun psixi problemlərinin olması barədə məlumatlar bəzi Qərb medialarında yer almaqdadır. Bu hadisədən əvvəl də Amerikada, eləcə də bir sıra Avropa ölkələrində baş verən oxşar qətllər zamanı da medianın qatilləri psixi xəstə kimi qələmə verməsi diqqət çəkicidir. Sanki, media məqsədli şəkildə ictimai rəyi əsas hədəfdən yayındırır. Lakin eyni cinayət əməli hansısa miqrant, xüsusən də müsəlman bir şəxs tərəfindən törədilən zaman Qərb mediası bunu şişirdir, terrorla, İslamla əlaqələndirir, baş verən hadisəyə müxtəlif siyasi çalarlar qatır.
 
 

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylibildirib ki, kütləvi qətl törədən birisinə "psixi xəstə” diaqnozu qoymaq çox asan seçimdir. Onun fikrincə, belə addım atan hansısa dövlətin xüsusi-xidmət orqanı məsuliyyətdən yayınmağa çalışır. Siyasətçi deyib ki, əsl reallıqda Amerikada baş verən son hadisənin səbəbi tamam başqadır: "Las Veqasda yaşanan olayla əlaqədar BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ictimaiyyətə geniş açıqlama verib. Konkret faktlara istinad edilməklə bildirib ki, bu faciə hansısa bir psixopatın törətdiyi qətliam deyil. Millət vəkili Las Veqasda baş verən qətliamın qurbanlarının əslində siyasi korrupsiyanın qurbanı olduğunu vurğulayıb. Uzun illərdir ABŞ-da silah satışına məhdudiyyətlər qoyulması ilə bağlı müzakirələr gedir. ABŞ-da hər bir sadə vətəndaş silah satışına dövlətin ciddi nəzarəti etməsini istəyir. Buna rəğmən, silah satışına məhdudiyyətlərin qoyulması ilə bağlı qanunun qəbulu mümkün olmur. Hətta Barak Obama da prezidentliyinin 8 ili ərzində nə qədər cəhd etsə belə, buna nail ola bilmədi. Silah satışında mövcud olan xaosun qarşısının alınmamasına əsas səbəb 1871-ci ildə Amerikada yaradılan və hazırda 5 milyona yaxın üzvü olan Milli Tüfəng Assosiasiyası (National Rifle Association - NRA) rəhbərliyinin Respublikaçılar Partiyasının təmsilçilərindən təşkil olunmasıdır. Bu assosiasiyanın üzvü olan şəxslərin böyük bir qismi konqresmenlərdir. Sözügedən qurum tərəfindən onlara həm maliyyə yardımları edilir, həm də rüşvət və korrupsiya faktlarına yol verilir. Elə Donald Trampın ABŞ prezidenti seçilməsində də bu assosiasiyanın müstəsna xidmətləri olub. Məhz bu kimi səbəblərdən Amerika vətəndaşlarının silah satışının dövlət nəzarəti altına keçməsi, silah satışının məhdudlaşdırılması barədə qanun layihəsinin hazırlanması, qəbulu barədə istəkləri reallaşmır. Milli Tüfəng Assosiasiyası və bu assosiasiyanın korrupsiya yolu ilə ələ aldığı konqresmenlər buna imkan vermirlər. Beləliklə də dünyaya korrupsiya dərsi keçməyə iddialı olan bir dövlət vətəndaşlarının kütləvi qətlinə gətirib çıxaran bir prosesə son qoymur. Bu da mahiyyət etibarilə demokratiya, insan hüquq və azadlıqlarına riayət olunmadığını aşkar edir, sözügedən dövlət təmsilçilərinin başqa ölkələrdə bu mövzuda danışmağa mənəvi haqqının olmadığını sübutlayır”.
 
 

Yurddaş Partiyasının (YP) sədri Mais Səfərlibildirib ki, dünyada baş verən proseslər, xüsusən də savaşlar hamı tərəfindən qəbul edilən beynəlxalq normalara, qanun-qaydalara riayət edilməməsindən qaynaqlanır. Onun sözlərinə görə, bir çox hallarda konkret hadisəyə ikili standartlardan yanaşmaq da neqativ nəticələrə səbəb olur: "Həm Las Veqasda, həm də İspaniyanın Kataloniya bölgəsində baş verən hadisələr zamanı insanlara qarşı törədilən əməllər insan hüquq və azadlıqlarının kobud surətdə pozulmasıdır. Birinci halda hadisənin törədilməsinə səbəblərdən biri silah satışına qadağanın vaxtında tətbiq edilməməsi, bunun dövlət nəzarətinə keçməməsidir ki, son nəticədə həmin silah-sursat dinc vətəndaşlara qarşı yönəlir, onların ən böyük hüququ sayılan yaşamaq hüququna son qoyulur. Təsəvvür edin, əgər Azərbaycanda hansısa müxalifyönümlü bir şəxs cinayət əməli törədirsə və buna görə qanun çərçivəsində məsuliyyətə cəlb olunursa, dərhal bəzi Qərb dövlətləri, beynəlxalq təşkilatlar onu siyasi məhbus adlandırır, verilən cəzanı insan hüquq və azadlıqlarının tapdanması kimi qələmə verirlər. Ancaq özlərində bu proses baş verdikdə, buna fərqli yanaşırlar. Bu da bir daha sübut edir ki, aparıcı dövlətlər, böyük güclər yalnız öz maraqlarına xidmət edirlər. Böyük dövlətlər beynəlxalq hüququ öz maraqları üçün alətə çevirirlər. Bu gün dünyada baş verən bir çox hadisələr, xüsusən də münaqişələr, müharibələr, separatizm və terrorizmlər məhz bundan qaynaqlanır”.
 
 

Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, dünyadakı bir çox problemlərin səbəbi nə Azərbaycanda, nə də digər kiçik dövlətlərdədir. Onun fikrincə, dünyanın qarşılaşdığı problemlərin günahını elə dünyaya rəhbərlik edən dövlətlərdə axtarmaq gərəkdir: "Demokratik dəyərləri əsas silaha çevirən Qərb dövlətlərinin hadisələrə ikili standartlar çərçivəsində yanaşması müasir dünyanı indiki vəziyyətə salıb. Separatizm, terrorizm, aclıq geniş vüsət alıb, iqtisadi inkişaf geriləyib, ən xırda hadisə geosiyasi problemə çevrilib. Bunlar ona görə baş verir ki, bu gün dünyanı idarə edənlər yerində olmayan, səriştəsiz insanlardır. Bəzi Avropa ölkələrini çıxmaq şərti ilə, digərlərində son 10-15 il ərzində bir nəfər də olsa normal adam siyasi hakimiyyətə gəlməyib. Hakimiyyətə gələnlərin ya şəxsi problemi olub, ya da hakimiyyətdən gedənlər rüşvət və korrupsiya ilə əlaqələndirilib. İkili standartlar, İslam dininə qeyri-ordinal yanaşma və sair xoşagəlməz hadisələr dünyanın başında duran dövlətlərin düzgün olmayan idarəçiliyi ilə əlaqədardır”.

Politoloq M.Əhmədoğlu bildirib ki, hazırda qlobal miqyasda ən düzgün və güclü siyasət aparan, sabitliklə təhlükəsizliyin ortaq məxrəcini tapan, kompromis xətti tutan, milli-dövlətçilik maraqlarını qoruyan ölkələrdən biri Azərbaycandır. Onun qənaətincə, bu mənada hətta Qərb ölkələrinin də Azərbaycandan öyrənəcəyi çox şey var: "Misal üçün, Kataloniyada nümayişçilərə qarşı polis ən sərt tədbirlər gördü. Halbuki, demokratiya, insan hüquq və azadlıqları kimi dəyərlər qanunsuzluğun qarşısını yalnız qanuni yolla almağı çıxış yolu kimi təlqin edir. Söhbət ərazi bütövlüyünün qorunmasından, bunun üçün hətta ən sərt tədbirlərə əl atmağa haqq qazandırmaqdan gedirsə, nə üçün Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünə eyni münasibəti nümayiş etdirmir, işğalçını öz adı ilə çağırmır, Ermənistana hər hansı təzyiq etmir? Gürcüstanın, Ukraynanın, Moldovanın ərazi bütövlüyünə xüsusilə həssas yanaşan, oradakı separatçılara ən sərt qadağalar, sanksiyalar tətbiq edən Qərb dövlətləri niyə eyni münasibəti Dağlıq Qarabağdakı separatçılara, terrorçulara, qondarma rejimə sərgiləmir?”
 
Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001