Kubanın səfiri ADU-da olub
Azərbaycan Dillər Universitetində (ADU) universitetin
İspan dili kafedrasının təşkilatçılığı ilə Kubanın Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə adıçəkilən kafedranın əməkdaşları
və Tərcümə fakültəsində ispan dili ixtisası üzrə təhsil alan tələbələrin görüşü
keçirilib.
Qonağı salamlayan ADU-nun Beynəlxalq əlaqələr üzrə
prorektoru, dosent Jalə Qəribova universitetin tarixi, beynəlxalq əlaqələri, tədris
prosesi haqqında məlumat verib. Erasmus Mundus proqramı çərçivəsində
universitetin tələbə və müəllimlərinin İspaniyada təhsillərini davam etdirməsindən
söz açan dosent Jalə Qəribova həmin əməkdaşlığa əsasən ispan müəllimlərinin də
ADU-da təşkil etdiyi seminarlardan danışıb. Həmin kafedranın müdiri Aynur
Quliyeva isə kafedra və ispan dilinin tədrisi barədə səfirə məlumat verib.
ADU-da ilk dəfə olduğunu qeyd edən səfir məmnunluğunu
dilə gətirib, tədris sahəsində ikitərəfli əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə
inandığını ifadə edib.
Kubanın multikultural dövlət olduğunu qeyd edən səfir,
tələbələrə ölkəsinin tarixi, coğrafi mövqeyi, idman sahəsindəki uğurları,
musiqi və mədəniyyəti barədə geniş məlumat verib, iki xalq arasındakı oxşar və
fərqli cəhətlərdən bəhs edib. Universitetdə keçirilən tədrisi yüksək qiymətləndirən
səfir Alfredo Nieves Portuondo sonda tələbələri maraqlandıran sualları
cavablandırıb.