• cümə, 26 Aprel, 17:12
  • Baku Bakı 23°C

JEM-dən layihə - Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində

18.07.17 20:26 886
JEM-dən layihə - Aprel döyüşləri qəhrəmanlarının şücaətləri rəsm əsərlərində
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Aprel döyüşləri qəhrəmanlarının şücaət anını əks etdirən rəsmlərin yeniyetmə rəssamlar tərəfindən çəkilməsi və sərgilənməsi" layihəsinə başlayır.
JEM-dən verilən məlumata görə, iyulun 17-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında layihənin təqdimatı keçirilib. İncəsənət ocağının rəhbərliyi, rəsm müəllimləri və yeniyetmə rəssamlarla görüşən JEM sədri Ceyhun Musaoğlu bildirib ki, onun rəhbərliyi ilə iyul-noyabr aylarında davam edəcək layihəyə rəsm dərnəyində təhsil alan yeniyetmələr cəlb olunacaqlar.
Rəssamlar ötən ilin aprel döyüşlərində işğalçı Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərin şücaət göstərdiyi anın rəsmini çəkəcəklər. Sərgisi keçiriləcək əsərlər sonda muzeyə hədiyyə olunacaq.
Layihə rəhbərinin sözlərinə görə, məqsəd əsgərlərimizin qəhrəmanlıqlarını rəsmlərdə əbədiləşdirməklə yanaşı, gələcək nəslin yaradıcı nümayəndələrinə vətənpərvərlik ruhu aşılamaq, yeniyetmələri dövlətçilik ənənələrinə daim sadiq qalmağa, azərbaycançılıq məfkurəsinə söykənərək yaşayıb yaratmağa, Vətən uğurunda canlarından keçən şəhidlərlə qürur duymağa sövq etməkdir. Rəsm müəllifləri diplom və hədiyyələrlə mükafatlanacaqlar.
Filarmoniyanın direktoru Dilarə Əliyeva rəhbərlik etdiyi təhsil ocağının qəhrəmanlığın təbliğatına yönələn layihəyə cəlb edilməsindən məmnun qaldıqlarını deyərək, dərnək üzvlərinin bu işi yüksək səviyyədə həyata keçirəcəklərinə inandığını dilə gətirib.
Direktor müavini Samirə Əmiraslanova da qeyd edib ki, qəhrəmanlığın təbliğatı cəmiyyətin sağlam inkişafında böyük rol oynayır. Onun fikrincə, gənc nəslin bu həqiqəti indidən dərk etməsi vacibdir.
Rəsm dərnəyinin rəhbəri Gilan Əzizxanlı layihənin məsuliyyətindən və eyni zamanda iştirakçılara qürur hissi yaşadacağından söz açıb. Dərnək rəhbəri aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevi xatırlayaraq, uşaqlar arasında gələcəkdə onun yaradıcılıq yolunu davam etdirəcək istedadlıların olduğunu söyləyib.
Müəllimlər - Günay Qarayeva və Gürşad Quliyeva təlim keçdikləri şagirdlərinin yaradıcılıq imkanlarına güvəndiklərini, çəkiləcək obrazların qəhrəman şəhidlərimizin adlarına layiq olacaqlarına əminlik ifadə ediblər.
Şagirdlərdən Gövhər İsmayılova, Hüseyn İbrahimov, Ofeliya İbrahimova
şəhid qəhrəmanların obrazlarını yaratmağa hazır olduqlarını diqqətə çatdırıblar.
Sonda yeniyetmə rəssamlara tanınmış jurnalist Aida Eyvazlının aprel döyüşləri şəhidlərindən bəhs edən "Qalibiyyət - şahidlər və şəhidlər” kitabı paylandı. Bu kitab qəhrəmanlarımızı yaxından tanımaq, onların obrazlarını daha dolğun canlandırmaq üçün yaxşı əyani vəsaitdir.


banner

Oxşar Xəbərlər