• cümə, 26 Aprel, 09:12
  • Baku Bakı 12°C

“İspanlar tez panikaya düşüb evə ərzaq tədarük edirdilər”

01.04.20 16:18 1167
“İspanlar tez panikaya düşüb evə ərzaq tədarük edirdilər”
Mirzə Bayrampur: "Bir günün içində supermarketlər, apteklər boşalır və ani xaos yaranmağa başlayır”

Son bir neçə aydır ki, koronavirusun yayılma səbəbi ilə ölkələrin bir çoxu əhalisini qorumaq üçün ciddi tədbirlər görür. Karantin rejiminin elan edilməsi, sərhədlərin bağlanması və s. görülən işlər sırasındadır. Ən əsas tədbirlərdən biri də xaricdə təhsil alan tələbələrimizin ölkəmizə gətirilməsidir. Bir müddət əvvəl xüsusi reyslərlə müxtəlif ölkələrdə təhsil alan tələbələrimiz ölkəmizə gətirilərək karantin rejimində saxlanıldı və daha sonra evlərinə buraxıldı. Həmin tələbələrdən biri də İspaniyada təhsil alan Mirzə Bayrampurdur.

Qeyd edək ki, Mirzə Bayrampur 12 dekabr 1997-ci ildə Bakıda doğulub. 2015-ci ildə Bakı Atatürk Liseyindən məzun olub. Mirzə deyir ki, xaricdə təhsil almaq barəsində uşaqlıqdan düşünüb: "Xaricdə təhsil almağımda oxuduğum məktəb də böyük rol oynadı. 2015-ci ildə Türkiyə hökumətinin keçirdiyi təqaüd proqramının qalibi oldum. Azərbaycandan 46 nəfər seçilmişdi. Bakalavr təhsilimi Ankara Universitetində aldım. Təyyarə biletimdən tutmuş, qalacaq yerimə qədər hamısını Türkiyə dövləti ödəyirdi. Amma 2017-ci ilin əvvəllərində İtaliyada təhsilimi davam etdirmək qərarına gəldim. Açığını desəm, Ankara çox sıxıcı şəhərdir və bu da qərarıma böyük təsir etdi. 2017-ci ilin sentyabr ayından İtaliyanın Turin Universitetində təhsil almağa başladım. Təbii ki, bu da məni qane etmədi və 2018-ci ildən təhsilimi İspaniyaya keçirdim. Orada "Schellammer Business School”da biznes menecmentliyi üzrə təhsil alıram”.

Müsahibim İspaniyadakı təhsilin bir sıra üstünlükləri olduğunu deyir: "İspaniya mənim uşaqlıq arzum idi. Həm dil, həm mədəniyyət olaraq ispanlar dünyada sözünü demiş xalqlardandır. Ora getməyimə əsas səbəblərdən biri də bir çoxunun azarkeşi olduğu "Barcelona” futbol klubudur. İspan insanı bizim insanımıza çox bənzəyir. Həm istiqanlı, həm qonaqpərvər, həm də kömək etməyi sevən bir xalqdır. Oradakı təhsilin bir çox tərəfini bəyənirəm. Əsas üstünlüyü insanda analitik düşünmə qabiliyyətini və araşdırma bacarığını formalaşdırmasıdır. Bizim təhsil sistemimizlə də ən böyük fərqləri budur. Bizdə hazır konspekti tələbəyə verib, deyirlər öyrən. Onlar isə "araşdır, tap və öyrən” deyirlər. Şübhəsiz ki, əzbərləməklə öyrənilənlər bir müddətdən sonra yaddan çıxır, amma araşdırılıb öyrənilən şeylər uzun müddət yadda qalır. Ümumiyyətlə, Avropanın bir çox ölkələrində təhsil sistemi güclüdür”.

O ki qaldı dünyanı və xüsusilə də İspaniyanı cənginə alan koronavirusa, Mirzə deyir ki, fevral ayının ortalarından etibarən artıq söz-söhbət gəzməyə başlamışdı: "Dərslərdə əsasən İtaliyadakı vəziyyət haqqında danışırdıq. Əsas müşahidə etdiklərim isə insanların tez panikaya düşüb evə ərzaq tədarük etməsi idi. Konkret olaraq tarix deyə bilmərəm, amma mart ayının əvvəllərində kəskin şəkildə artmağa başladı. İlk tədbirlər bütün dünyada olduğu kimi idi. Gigiyenaya fikir vermək, çölə çıxmamaq, başqaları ilə təmasda olmamaq. Universitetdən bizə bu tələblərə uymağın vacibliyi bildirildi. Biz də əməl etməyə çalışırdıq. İspanlar çox tez panikaya düşmüşdülər və çox qorxurdular. Mənim öz şəxsi fikrimi soruşsanız, mən buna elə də çox inanmıram. Biznes fakültəsində oxuyuram və izah olunanlar o idi ki, bu, pul dövriyyəsinin artırılması məqsədi ilə bir çox ölkələrdə yayılan epidemiyadır. Təsəvvür edin, 1 günün içində supermarketlər, apteklər boşalır və millətdə ani xaos yaranmağa başlayır. Qiymət artımları və azalmalar tez-tez nəzərə çarpır və əldə qalan məhsullar satılır. Buna axın istiqamətinə üzmək deyilir. Hər kəs bundan lazım olduğu kimi istifadə etməyə çalışır”.

Ölkəyə Madrid-Doha-Bakı reysi ilə gəldiyini deyən müsahibim Novruz bayramına görə onsuz da gəlməyi planlaşdırdığını bildirdi: "Aeroportda ilkin müayinədən keçdim və heç bir hal aşkar olunmadı, temperaturum normal idi. Həmçinin gəlməmişdən öncə də İspaniyada virusa qarşı analiz vermişdim və əlimdə analizlərin cavabı var idi. Buna baxmayaraq, bildirdilər ki, karantinə getməliyəm. Səbəbini soruşduqda isə, təyyarədə kimdəsə virusun ola biləcəyini, yoluxma halı baş verməsinin mümkün olduğunu dedilər. 2 saylı Əfəndiyev adına şəhər xəstəxanasına yerləşdirildim. 11 gün karantin dövrü keçdi və 2 dəfə analiz alındı. Hər ikisi neqativ olduğu üçün həkim rəyi əsasında evə buraxıldım. Karantin günlərində də ciddi problem yaşamadım. Şərait, bizə olan münasibət yaxşı idi, sadəcə yaxınlarımızın bizə yemək gətirməsinə icazə vermirdilər. Bu da bəzən mübahisələrə səbəb olurdu”.
Həmsöhbətim hazırda Bakıda, evində gələcək planları ilə məşğul olduğunu bildirir: "Gələcək planlarımı qurur, özümü inkişaf etdirmək üçün onlayn şəkildə "Marketing və Project Management” kurslarında iştirak edirəm. Universitet dərslərim isə aprel ayının 6-dan etibarən onlayn şəkildə davam edəcək. Universitetimiz hər şeyin fərqindədir və bizim sağlamlığımıza böyük önəm verir. Pandemiya İspaniyada bizim ölkəmizdən tez bitsə belə, bizim ölkədə bitənə kimi onlayn şəkildə dərslərimizi almağa davam edəcəyik. Universitet rəhbərliyi vəziyyətimizi yaxından izləyir və bildiriblər ki, narahatlığa heç bir əsas yoxdur”.

Günel Azadə


banner

Oxşar Xəbərlər