İslahatların uğurlu olması bu prosesin ardıcıl və dönməzliyi ilə bağlıdır
Tahir Mirkişili: "Radikal islahatları keçirmək üçün tələb olunan məcburi
şərait əhalinin əksəriyyətinin maddi rifah halının kəskin pisləşməsinə səbəb
olan dərin iqtisadi böhrandır”
İnqilablardan
(mövcud olanın dağdılması) fərqli olaraq İSLAHATLAR cəmiyyətdə yığılmış
ziddiyətləri həll edir və ola biləcək sosial gərginliyi kompromislər və
dəyişikliklər yolu ilə aradan qaldırır. HAKİMİYYƏTİN islahatları həyata
keçirərkən ƏSAS BACARIĞI ondan ibarət olur ki, vaxtı, miqyası, resursları və
dəyişikliklərin nəticələrini diqqətlə təhlil edərək və planlaşdıraraq bir
tərəfdən islahatlarda daha çox maraqlı olan əhali təbəqəsi tərəfindən dəstək
qazanmaqla islahatları cəsarətli və məqsədyönlü şəkildə aparır, digər tərəfdən
isə bu ishalatları apararkən lazımi səviyyədə sayıq və çevik olur. 2018-ci ilin
aprel ayında cənab İlham Əliyevin xalqın yüksək etimadı ilə Prezident seçilməsi
1-ci amilin təmin olunduğunu, yəni əhalinin mütləq əksəriyyətinin islahatları
dəstəklədiyini deməyə imkan verir. Digər tərəfdən, islahatlar gedə-gedə
müxtəlif təhlillərin və ölçmələrin aparılması, islahatlara şəxsən ölkə
Prezidentinin başçılıq etməsi, bir çox məsələlərə şəxsən müdaxilə etməsi, kadr
dəyişiklikləri 2-ci amilin də təmin olunduğunu, yəni hakimiyyətin bu mərhələdə
kifayət qədər sayıq və çevik olduğunu deməyə imkan verir.
İSLAHAT– dövlətin mövcud siyasi və iqtisadi strukturunun təkmilləşməsi, yenidən
qurulması üçün kompleks tədbirlər məcmusudur. İslahat bir yoldur. Xarakterinə
görə islahatları RADİKAL, YUMŞAQ VƏ MİNİMAL ishalatlar kimi ayırmaq mümkündür.
RADİKAL
İSLAHATLAR – cəmiyyətin siyasi və iqtisadi quruluşunun əsaslarını dəyişir və
sosial həyatın bir çox istiqamətlərini əhatə edir: dövlət quruluşu, ölkə təsərrüfatı,
təhsil, elm, hərbi kompleks, məhkəmə hakimiyyəti və s. sahələri. Radikal
islahatlara əsas misal kimi, Rusiyada Y.Qaydarın "Şok terapiyası” kimi
islahatlarını göstərmək olar. Radikal islahatların demək olar ki, hamısı
cəmiyyət üçün çox ağrılı olur və çox halda iflasla nəticələnir. Radikal
islahatları keçirmək üçün tələb olunan məcburi şərait əhalinin əksəriyyətinin
maddi rifah halının kəskin pisləşməsinə səbəb olan dərin iqtisadi böhrandır.
YUMŞAQ
İSLAHATLAR mövcud sistemin onun fundamental əsaslarına toxunmadan
modernizasiyasını təmin edir. Bu dəyişikliklərə misal kimi, iqtisadiyyatın
dövlət tənzimləməsini dərəcəsinin aşağı salınması, rəqabətin inkişaf
etdirilməsi, azad sahibkarlığa dövlət dəstəyinin səviyyəsini artırılması,
əhaliyə sosial dəstəyin səviyyəsinin artırılması və s göstərmək olar. Bu tip
islahatlar daha səmərəli və qəbul edilən olur.
MİNİMAL
İSLAHATLAR – yalnız tənzimləmə xarakteri daşıyır və siyasətdə, iqtisadiyyatda,
idarəetmə sistemində mövcud olan mexanimlərdə cüzi dəyişiklikləri əhatə edir.
İslahat
aparan bir çox ölkələrin təcrübəsi göstərir ki, islahatların nəticələrinin
uğurlu olması islahat prossesinin ardıcıl və dönməzliyi ilə bağlıdır. Eyni
zamanda əks islahatçı qüvvələrin fəaliyyətlərinin neytrallaşdırılması da
islahatların uğurlu nəticələrinə birbaşa təsir edir. Məşhur islahatçı, Çar
Rusiyasının baş naziri P.Stolıpin deyirdi: "Dövlətə 20 il daxili və xarici
sabitlik verin və siz indiki Rusiyanı tanımayacaqsız”. 1911-ci ildə Stolıpini
güllələməklə dövlətə bu müddəti vermədilər, nəticələr isə: inqilab, terror,
aclıq, müharibə, geriləmə və s... oldu.
Azərbaycanda
sosial-iqtisadi islahatlar uğurla aparılır. Dünya Bankı 2020-ci il hesabatıda
da Azərbaycan dünyanın ən çox islahat aparan 20 ölkəsindən biri seçildi. Sosial
Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusunda əhalinin mütləq
əksəriyyəti Prezident İlham Əliyevi - islahatların rəhbərini dəstəklədi.
Azərbaycanda ictimai siyası sabitliyin möhkəm olması da islahatların sürətli və
əhatəli olması üçün münbit şərait yaratmışdır. İslahatların aparılması üçün
gecli siyasi iradənin və liderin olması nəticələrin hər il daha da
yaxşılaşmasına mühüm zəmanət verir.
Tahir
MİRKİŞİLİ
Milli Məclisin deputatı