• cümə, 26 Aprel, 18:20
  • Baku Bakı 22°C

İran-Gürcüstan-Rusiya-Ermənistan qaz xətti layihəsi iflasın bir addımlığında

19.04.17 09:00 674
İran-Gürcüstan-Rusiya-Ermənistan qaz xətti layihəsi iflasın bir addımlığında
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu həftənin sonunda İrana səfər edəcək. Bunu ölkənin xarici işlər naziri Mixail Canelidze Tehranda iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşdən sonra bildirib. M.Canelidze qeyd edib ki, M.Zəriflə Gürcüstan baş nazirinin Tehranda keçirəcəyi görüşləri və səfərin digər detallarını müzakirə ediblər.
Çox böyük ehtimalla görüşdə İran-Gürcüstan-Rusiya-Ermənistan qaz xəttinin iflasa uğraması müzakirəyə çıxarılacaq.
Ermənilərə məxsus "Armtimes.com” saytında bununla bağlı dərc edilən məqalədə qeyd edilir ki, bu günlərdə məlum olub ki, Gürcüstan bu ilin axırına qədər Rusiyadan qaz əldə etmək üçün hər hansı bir saziş bağlamağa hazırlaşmır, apreldən isə tamamilə Azərbaycan qazının istehlakına keçəcək. Bu haqda Gürcüstan energetika naziri, baş nazirin müaviniKaxa Kaladzebildirib. Onun sözlərinə görə, Gürcüstan bu ilin yanvar-fevralında Rusiyadan 170 milyon kubmetr qaz idxal edib ki, bu da əsasən Azərbaycan qazının tədarük həcminin azalması ilə şərtlənib. O həmçinin bildirib ki, iki ildən sonra yeni qaz anbarlarının inşası bitdikdən sonra Gürcüstan ümumiyyətlə Rusiya qazından asılılıqdan qurtulmağı planlaşdırır.
Ermənilərin narahatçılığı ondadır ki, Tbilisinin Rusiya qazından imtina niyyəti gerçəklikdə Ermənistan, xüsusən də ümumən şimal-cənub (İran-Ermənistan-Gürcüstan-Rusiya) energetika dəhlizi üçün uzağa gedən nəticələri ola bilər. Müəllif məsələ ilə bağlı fikirlərini diqqətə çatdırır. Energetika məsələləri üzrə ekspertVage Davtyanqeyd edir ki, "Ermənistan İran qazının Gürcüstana tranziti üçün energetika qovşağı ola bilərdi. Ermənistan üçün nəzərdə tutulmuş Rusiya qazının bir hissəsi Ermənistan-Rusiya qaz kəməri vasitəsilə Gürcüstana tədarük olunacaqdı, Ermənistan isə öz kəsirini İran qazının hesabına dolduracaqdı”. Ekspert Ermənistanın energetika qovşağı olmaq perspektivi haqda bitməmiş keçmiş zamanda danışır, çünki Tbilisinin planlarından çaş-baş düşüb. Davtyan qeyd edir ki, Gürcüstan hökumətinin qərarı Ermənistanın energetika təhlükəsizliyinə təhdid deyil, lakin şimal-cənub energetika layihəsinin perspektivlərini şübhə altına alır və Ermənistanı regional energetika layihələrindən tamamilə təcrid edir. "Gürcüstanda gündəlik qaz istehlakı həcmi, təxminən, 12 milyon kubmetrə çatır. Bunun 10%-ni Rusiya qazı təşkil edir, qalan hissəni Azərbaycan tədarük edir. Lakin Gürcüstanın qazlaşdırılmasına paralel olaraq qaz istehlakının həcmi də çoxalır. Rəsmi hesablamalara əsasən, bu ilin axırına doğru gündə, təxminən, qaza tələbat bir milyon kubmetr artıb 13 milyona çata bilər. Bu isə göstərir ki, Gürcüstana gündə, təqribən, 1-1,5 milyon kubmetr tədarük oluna bilər. Təsadüfi deyil ki, Ermənistan hökuməti 2016-cı ilin əvvəlində İran qazının Gürcüstana tranziti üçün xüsusi sərəncamla şirkət yaradıb. İran Neft Nazirliyinin qaz ixracatı Milli şirkətinin direktoru Əlirza Kamali keçən il bildirib ki, Ermənistan ərazisindən Gürcüstana hər il haradasa 500 milyon kubmetr qaz ixrac etmək nəzərdə tutulub”,- deyə məqalədə qeyd edilir. V.Davtyan daha sonra qeyd edir ki, ancaq Tbilisi hazırda Rusiya qazından tam imtina etmək niyyətindədir, təəssüf ki, nəticə etibarilə energetika dəhlizi formalaşdırmaq ideyası aktuallığını itirir. Gürcüstan üzrə ekspert Conni Melikyan onun fikrinə ortaq çıxmayaraq qeyd edir ki, Kaladzenin bəyanatı bir tərəfdən antirusiya əhval-ruhiyyəli auditoriyanı sakitləşdirmək məqsədilə mesajdır, digər tərəfdən isə mövcud gerçəkliyin etirafıdır.
Rusiyalı ekspert, Milli energetik təhlükəsizlik Fondunun baş direktoruKonstantin Simonovisə hesab edir ki, Gürcüstanın bəyanatı daha çox texniki problemə aiddir. Onun sözlərinə görə, Gürcüstan istehlak üçün pik dövrdə Rusiya qazı alır. O deyir: "Baxın, əsas həcm qaza tələbatın çox olduğu qış aylarında alınıb. Və hazırda bildirirlər ki, ilin sonunadək saziş bağlanmayacaq. Normaldır, pik dövrü keçib”. Gürcüstanın da ekspert dairələrində bu xüsusda vahid fikir yoxdur. Bir qisim Rusiyaya özəl qabarıq münasibəti olmaqla bu ölkə ilə energetik əməkdaşlıqda heç bir perspektiv görmür və bunun kəsiləcəyindən danışır. Başqa bir qisim, əksinə, hesab edir ki, energetik tədarüklərin şaxələndirilməsi Gürcüstanın maraqlarından qaynaqlanır.Giya Xuxaşviliyazır:"Rusiya və İran qazı Gürcüstan üçün bu planda alternativdir, şimal-cənub energetika dəhlizinin formalaşması isə bölgədə energetika layihələrinin kəsişməsi qismində Gürcüstanın önəmini daha da yüksəldəcək”.
Digər tərəfdən, Kaladzenin bəyanatı həmdə avropayönümlü və Rusiyaya qarşı hədsiz dərəcədə tənqidi köklənmiş auditoriyaya yönəlib. Ekspert Conni Melikyan qeyd edir ki, Gürcüstan müxalifəti Ermənistana qaz tranziti haqda "Qazprom”la yeni ikiillik müqavilənin bağlanmasına görə ölkə hökumətini kəskin tənqidə məruz qoyur və təkid edir ki, bu müqavilə məxfilikdən çıxarılsın. Saakaşvilinin müxalif "Vahid Milli Hərəkat” Partiyası xüsusi komissiya yaratmaq və bu müqaviləni araşdırmağı tələb edir”. Ekspert əlavə edir ki, Gürcüstan bu bəyanatla daxili auditoriyanın Rusiya ilə energetik əməkdaşlığın tam kəsilməsi uğrunda çıxış edən zümrəsinə müəyyən müsbət siqnal göndərir:"Eyni zamanda, müqaviləyə əsasən, Gürcüstanın özəl şirkətlərinin qaz alışı haqda Rusiya şirkətləri ilə ayrıca müqavilə bağlamaq hüququ var”.
Yuxarıda sözügedən ekspertlərin əksəriyyəti güman edir ki, Gürcüstan nazirinin açıqlamasını Rusiya qazından tam imtina, Şimal-Cənub energetika dəhlizi formalaşdırmaq cəhdlərini heçə endirəcək bildiriş kimi qəbul etmək lazım deyil. Regional qisimdə yeni fors-majorlar meydana çıxmasa, bugünkü gerçəkliklər bu cürdür. Conni Melikyan vurğulayır: "Hazırda qaz tədarüklərini heç nə təhdid etmir. Planlaşdırılmış İran-Ermənistan-Gürcüstan-Rusiya meqalayihəsi davam edəcək və tərəflər artıq 2019-cu ildə onu işə sala bilər”.
Azər
banner

Oxşar Xəbərlər