• şənbə, 27 Aprel, 05:06
  • Baku Bakı 14°C

“Çin sarımsağı”

12.11.16 12:41 4225
“Çin sarımsağı”
Artıq qışa az qalıb. Qışın özü ilə bərabər gətirdiyi xəstəliklərin əsas dərmanı isə soğan və sarımsaqdır. Soyuq qış günlərində yeməkləri onlarsız təsəvvür etmək mümükün deyil. Lakin son zamanlar marketlərdə və bazarlarda yerli sarımsaq demək olar ki, yoxa çıxıb. Bunun əvəzində isə xaricdən, xüsusilə Çindən, İrandan və digər ölkələrdən gətirilən sarımsaqlar vitrinləri bəzəyir.
Yəqin ki, son dövrlərdə marketlərdə Çindən gətirilən iri sarımsaqların siz də şahidi olmusunuz. Bəs görəsən qiymətləri fantastik həddə baha, görüntüsü, forması ənənəvi olmayan bu sarımsaqların keyfiyyəti necədir? Bu sarımsaqların insan orqanizminə hansısa mənfi təsiri varmı? Ümumiyyətlə, ölkədə sarımsaq tədarükü kifayət qədər deyilmi ki, Çindən sarımsaq idxal olunur?..
Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov deyir ki, Azərbaycanda sarımsağa böyük tələbat var: "Respublikada sarımsaqdan geniş istifadə edilir. Xüsusilə, Qazax-Tovuz bölgələrinə xas olan yeməkləri sarımsaqsız təsəvvür etmək mümkün deyil. Bildiyiniz kimi, sarımsağın həm də orqanizmə böyük faydası var. Ona görə də sarımsağa tələbat böyükdür. Lakin marketlərdə sarımsağın qiyməti çox bahadır. Bir sıra iri supermarketlərdə sarımsağın bir kiloqramının qiyməti təqribən 10 manatdır. Əslində sarımsağın qiymətinin bu qədər baha olması ilk dəfə rastlanan bir haldır. Ölkəyə əsasən İrandan və Çindən sarımsaq idxal olunur ki, həmin məhsulların keyfiyyəti çox yüksəkdir. Xüsusilə Çindən gətirilən sarımsaqlara bu gün əhali daha çox üstünlük verir. Bunun əsas səbəblərindən biri də Çin sarımsaqlarının qoxusunun olmamasıdır. Bu gün bir çox dünya ölkələrində, o cümlədən Yaponiya və Çində qoxusuz sarımsaqlar istehsal edilir ki, bu sarımsaqlar insanlar tərəfindən çox yaxşı qarşılanır. Lakin yenə də qeyd edim ki, əsas problem sarımsağın qiymətinin çox baha olmağıdır”.
Ekspert Azərbycanda yetişdirilən sarımsağın daha keyfiyyətli olduğunu vurğuladı: "Əvvəllər İsmayıllı rayonunun İvanovka kəndi 2 min tona yaxın sarımsaq istehsal edə bilirdi. Lakin keçən il havaların həddindən artıq quraqlıq olması sarımsağın inkişafına imkan vermədi. Ümumiyyətlə Azərbaycanda bu sahəyə diqqət bir o qədər də yüksək səviyyədə deyil. Ayrı-ayrı iş adamları, fermer təsərrüfatları sarımsaq istehsalı ilə məşğul olmurlar. Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları yerlərdə bu sahəyə diqqəti daha da artırmalıdırlar. Bunun üçün həm də sahibkarlar arasında geniş təbliğat işi aparılmalıdır. Hesab edirəm ki, tələbat xeyli artdığına görə, 2017-ci ildə bu sahəyə xüsusi diqqət ayrılacaq. Sarımsaq əkini hər il oktyabrın 20-25-də aparılır. Bəzən əkin noyabr ayının 10-a kimi də davam edir. Məhsul isə iyun ayının əvvəllərində yığılır. Bazarda yerli sarımsaq bol olarsa, qiymətlər də bu qədər baha olmaz. Həm də satışda yerli məhsul olarsa, niyə İrandan və Çindən ölkəyə sarımsaq gətirilsin ki?”
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov mövzu ilə bağlı qəzetimizə statistik rəqəmləri açıqladı: "Respublikada 2015-ci ildə 2378 hektar sahədə sarımsaq əkini həyata keçirilib. Bütövlükdə isə həmin sahələrdən 20794 ton məhsul əldə olunub. Bu da təqribən hər hektardan 87 sentner məhsul əldə olunması deməkdir. Sarımsaq Azərbaycan iqlimi üçün xarakterik olan bir bitkidir. Respublikamızın bir çox bölgələrində, Aran iqtisadi zonasında, Dağlıq-Şirvanda, Quba-Xaçmaz bölgələrində geniş ərazilərdə bu bitki əkilir”.
İ.Cümşüdov Çindən gətirilən sarımsaq məsələsinə də münasibət bildirdi: "Bu gün ölkədə açıq bazar iqtisadiyyatı hökm sürür. Azərbaycandan digər ölklərə məhsul ixrac edildiyi kimi, bir çox xarici ölkələrdən də respublikamıza kənd təsərrüfatı məhsulları gətirilir. Qeyd edim ki, ölkəyə sarımsaq adətən müəyyən mövsümdə gətirilir. Bu gün hər şeyi bazar özü tənzimləyir. Lakin yerli istehsal məhsulları xaricdən gətirilən məhsullarla müqayisədə həm ekoloji, həm də keyfiyyət baxımından çox üstündür. Biz fermerlərə və sahibkarlara da tövsiyə edirik ki, yerli məhsullara daha çox üstünlük verilsin. Həmçinin onlara satış təbliğinin genişləndirilməsini söyləyirik. Çindən gətirilən sarımsaqların qiymətinin baha olması yerli istehsalçılar üçün böyük şansdır. Onlar bundan stimul alaraq bu sahəyə daha çox diqqət ayıra bilərlər. Fermerlər öz istiqamətlərini çoxşaxəli etməlidirlər. Bundan başqa, fermerlər bazarı araşdırmalıdırlar ki, hansı məhsula daha çox ehtiyac var. Belə olarsa, həm yerli bazarı təmin etmək, həm də ümumi istehsalın həcmini artırmaq mümkün olar. Hesab edirəm ki, bu həm də sonradan qiymətlərin ucuzlaşmasına təsir edə bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər