Hər vəsiqə alan, avtomobil sürmür
2016-cı ildə Azərbaycanda avtomobil parkının sayı 1.347.812 təşkil edib. Bu barədə
Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, İdarənin
əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat
vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması,
sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların
nümayəndələrinin qəbulu aparılıb, 10.457
avtomobil ilkin qeydiyyata alınıb, 50.308 ilkin sürücülük vəsiqəsi verilib.
Ötən il ərzində 30 svetofor obyekti quraşdırılıb, 24.236 yol nişanı qoyulub və
ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi
aparılıb.
Son zamanlar sürücülük vəsiqəsi almaq xüsusən gənclər
arasında, belə demək olarsa, "dəb” halını alıb. Bəs görəsən bu həvəs nə ilə
bağlıdır? Getdikcə artan bu maraq Bakıda tıxac problemini daha da dərinləşdirə
bilərmi?
Sosial Strateji Tədqiqatlar
Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynlideyir ki,gənclərin böyük əksəriyyəti avtomobil idarə etməkdə maraqlıdır. Müsahibim
bunun bir növ hobbi halına çevrildiyini vurğuladı: "Son dövrlərdə sürücülük məktəblərinin
sayının artması, gənclərin əksəriyyətinin əvvəlki dövrlə müqayisədə özlərinin
oxuyub imtahan verə bilməsi və imtahanların liberallaşdırılması diqqət çəkən əsas
amillərdəndir. Bir çoxları hətta avtomobil vasitəsi olmadan belə, sürücülük vəsiqəsi
almaqda maraqlıdır. Sürücülük vəsiqəsi almaq istəyənlərin sayının çoxalmasının bir
başqa səbəbi isə işlə təmin olunmaqla bağlıdır. Belə ki, əksər şirkətlərdə işə
götürülmə zamanı daha çox sürücülük vəsiqəsi olanlara üstünlük verilir. Bu
baxımdan, işəgötürmə zamanı şəxsin nəqliyyat vasitəsini idarə etmə imkanlarının
olmasına xüsusi diqqət yetirilir. Dövrümüzdə həmin tələblər norma halına
keçdiyinə görə, əhalinin böyük hissəsi sürücülük vəsiqəsi almaqda maraqlıdır”.
İ.Hüseynli bəzi vacib məqamlara da diqqət çəkdi:
"Hazırda digərləri ilə müqayisədə nəqliyyat sektorunda iş imkanları daha
genişdir. Taksi, şəhərdaxili avtobusların idarəsi üçün tələblər getdikcə artır.
Elə şirkətlər var ki, "uber” özəl taksi xidmətindən istifadə edir. Artıq bu
xidmət Azərbaycanda da bir müddətdir ki, fəaliyyətə başlayıb. Burada sürücülük
vəsiqəsi və nəqliyyatı olanlar xidmətə cəlb edilirlər. "Uber” özü də iş
baxımından bir cəlbedici xidmətdir. Hər hansı bir şirkətdə və yaxud dövlət
qurumunda fəaliyyət göstərən insanlar var ki, onlar da özəl avtomobil xidmətini
təklif edirlər. Belə demək olarsa, onlar öz avtomobillərindən qazanc mənbəyi kimi
istifadə edirlər. Bütün bu faktorlar sürücülük vəsiqəsini əldə etmək üçün
stimullaşdırıcı amillər hesab oluna bilər. Elə ailələr də var ki, ailənin bütün
üzvlərinin sürücülük vəsiqəsi olsa da, ailənin yalnız bir şəxsi avtomobili var.
İnsanlarda belə bir yanaşma var ki, ailə olaraq harasa getdikdə, uzaq məsafələrdə
bir-birini əvəz etmək mümkün olsun. Yaxud kimsə spirtli içki qəbul edibsə, o öz
avtomobilini xanımına verir və avtomobili xanım
idarə edir. Bu kimi faktorlar da əsas rol oynayır. Lakin mən hesab etmirəm
ki, sürücülük vəsiqəsini almaq istəyənlərin sayının artması Bakıda tıxac
problemini dərinləşdirə bilər. Bütün hallarda paytaxtda nə qədər nəqliyyat vasitəsi varsa, onlar
istifadə olunur. Bu avtomobillərin kim tərəfindən necə idarə olunması tıxac
probleminin həlli ilə bağlı məsələdə önəmli faktor hesab edilmir. Lakin son illərdə
ölkəyə idxal olunan avtomobillərin sayında kəskin azalma var. Bu baxımdan,
tıxac probleminin daha da dərinləşəcəyini hesab etmirəm”.
Avtosfer.az saytının
baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspertElməddin Muradlıbildirdi ki, sürücülük vəsiqəsini
almaq istəyənlərin sayı çox olsa da, rəqəmlərdə kəskin azalma var: "Statistik göstəriciləri ötən illərlə müqayisə etsək,
görərik ki, bu, əvvəlki illərə nisbətən xeyli aşağı göstəricidir. Bundan bir
neçə il əvvəl il ərzində 60 min və daha artıq şəxs sürücülük vəsiqəsi alırdı. Yəni
belə demək olarsa, son beş-altı ildə statistik göstəricilər daha yüksək idi. Rəqəmlərə
baxsaq, xeyli geriləmə olduğunu görərik. Hesab edirəm ki, bu, avtomobil almaq
imkanları olanların sayının azalması ilə bağlıdır. Mövcud iqtisadi şəraitdə
avtomobil bazarında da zəifləmə müşahidə olunur. Xüsusən yeni avtomobillərin
ölkəyə gətirilməsində qiymət artımı var. Avtomobillər bazarda əvvəlki dövrdən
iki-üç dəfə daha artıq qiymətə təklif edilir. Ona görə yerli bazarda hələ ki əlimizdə
olan avtomobillər alınıb-satılır. Bütün bu proseslərin fonunda sürücülük vəsiqəsi
alanların sayında artım gözləmək də düzgün deyil. Əslində bu, təbii bir
prosesdir”.
E.Muradlı deyir ki, sürücülük vəsiqəsi alanların hər
biri də öz avtomobilini idarə etmir: "Demək olmaz ki, statistikada deyilən 50.308
nəfərin hamısı öz şəxsi avtomobilini idarə edir. Bəziləri sırf həvəskar olduğu
üçün sürücülük vəsiqəsini alıb evə "atır”. Bu baxımdan xanımlar üstünlük təşkil
edir. Gənclər, yeniyetmələrin əkəsriyyəti 18 yaşı tamam olan kimi, sürücülük vəsiqəsi
almaq həvəsinə düşürlər. Onların bir qismi oxuyub imtahan verir və vəsiqəni əldə
edir. Amma bu o demək deyil ki, onların hər biri bu vəsiqədən istifadə edir. Bu
statistika ilə məsələyə yanaşsaq, hər il sıralarımıza 50 mindən çox sürücü
qoşulsa, Azərbaycanda ciddi tıxac problemi yaranar. Paytaxtın küçələrində tıxac
əlindən tərpənmək olmaz. Həmçinin bu, nəinki paytaxtda, bölgələrdə də ciddi
tıxac problemi yarada bilər”.
Şəbnəm
Mehdizadə