• cümə, 26 Aprel, 20:59
  • Baku Bakı 22°C

Gürcüstanın dördüncü prezidenti and içdi

18.11.13 17:25 1265
Gürcüstanın dördüncü prezidenti and içdi
Bazar günü Gürcüstan prezidenti Georgi Marqvelaşvili paytaxt Tbilisidə, parlamentin köhnə binasında and içərək səlahiyyətlərinin icrasına başlayıb. Əvvəlki mərasimlərdən fərqli keçirilən budəfəki tədbir sadəliyi ilə seçilib. Təxminən dörd dəfə ucuz başa gəlib.
Müqayisə üçün bildirək ki, 2004-cü ildəki inauqurasiya mərasimi 100 min dollara baş gəlmişdi. O zaman bəyan edilmişdi ki, bu vəsaitin yalnız bir qismi büdcədən ayrılıb, yerdə qalan hissə sahibkarlar tərəfindən ödənilib. Bu dəfə vəsait isə hökumət fondundan ayrılıb. O ki qaldı inauqurasiyada iştirak edən şəxslərə - əvvəldən elan edildiyi kimi, Rusiya, o cümlədən eks-prezident Mixail Saakaşvili təmsil olunmayıb. O bu addımını onunla izah edib ki, yeni hakimiyyət onun bir çox tərəfdarlarını, o cümlədən sabiq baş nazir Vano Merabişvilini həbsxanaya salıb. Özü də Saakaşvili heç ölkədə də yoxdur. Bir neçə gün bundan əvvəl onu Brüsselə aparan təyyarə onsuz geri dönüb. Onun sədri olduğu “Vahid Milli Hərəkat”dan olan deputatlar da mərasimə qatılmayıblar. Dünyanın 53 ölkəsindən təşrif buyuran qonaqlar arasında ən yüksək ranqlı şəxs Litva prezidenti Dalya Qribauskayte olub. Avropa İttifaqına sədrliyi həyata keçirən Litva prezidenti həm də qurumu təmsil edib. Bütövlükdə isə 220 qonaq tədbirə qatılıb. Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri Mayya Pandjikidze bildirib ki, Rusiya nümayəndəsi tədbirə dəvətli olmayıb. O buna səbəb kimi, iki ölkə arasında diplomatik münasibətlərin olmamasını göstərib. Dəvət edilməyənlər arasında digər bir eks-prezident Eduard Şevardadze də olmayıb.
“Yalan və zorakılıq üzərində qurulan avtoritar rejim sona çatdı” deyə yeni prezidentin andiçmə mərasimini şərh edən İvanişvili bəyan edib. “Bu inauqurasiya ilə Gürcüstana həqiqi demokratiya gəldi. Bizim həqiqətən də, sözün əsl mənasında avropalı prezidentimiz oldu” deyə əlavə edib. Elə həmin gün qüvvəyə minən yeni Konstitusiyaya görə, artıq daxili və xarici siyasətlə bağlı bütün əhəmiyyətli məsələləri prezident yox, baş nazir həll etmiş olacaq. Dövlət başçısı isə mərasimdəki çıxışında bir sıra önəmli açıqlamalar verib. Gürcüstanın ərazi bütövlüyü məsələsinə toxunan prezident deyib: “Mən qaçqınların öz evlərinə ləyaqətli dönüşünü təmin etməyi üzərimə götürürəm. Abxazları və osetinləri demokratik dövləti birgə qurmağa çağırıram”. Yeni prezident bildirib ki, ali baş komandan olaraq ölkənin müdafiə qabiliyyətini təmin edəcək və ölkə hər bir xarici təhlükəyə hazır olacaq, amma Gürcüstan üçün bütün münaqişələrin dinc yolla həlli prioritet olacaq. Qeyd edək ki, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrini tamamilə işğal edərək bu bölgələrdə qurulmuş separatçı rejimləri müstəqil dövlət kimi tanıyıb.
2010-2012-cü illərdə Gürcüstan İctimai İşlər İnstitutunun rektoru olan Georgi Marqvelaşvili 2012-ci ildən baş nazir müavini, elm və təhsil naziri postunu tutub. O, Abxaziya və Cənubi Osetiyanı güc yolu ilə deyil, məhəbbətlə geri qaytaracağına ümid etdiyini deyib. “Biz çox ciddi çağırışlar qarşısında qalmışıq və ilk növbədə bura iqtisadiyyat, məşğulluq daxildir və sizə də yaxşı məlumdur ki, bu istiqamətdə iş aparırıq. Hakimiyyət qısa zaman keşiyində fövqəladə dərəcədə əhəmiyyətli layihələr həyata keçirə bilib. İqtisadiyyatı dirçəldə və ölkənin ayaq üstə durması üçün real şərait yarada bilib. Paralel olaraq biz ciddi dəyişikliklər həyata keçirə və xalqa həm kənddə, həm də şəhərlərdə kömək edə bildik. Biz diqqəti əsas dəyərlər üzərində qurduq - təhsil, demokratik idarəetmə, səhiyyəyə diqqət ayırdıq. Bu istiqamətdə hökumət effektiv fəaliyyət göstərir. Bütün bunlar ən ağrılı problem olan Abxaziya və Cənubi Osetiya məsələsi üçün şərtdir. Biz heç bir halda müharibə yolunu seçməyəcəyik. Çünki, bizim daha tutarlı ciddi arqumentlərimiz olacaq. Bu arqument şəffaf, iqtisadi cəhətdən güclü Gürcüstandan keçir. Bu elə Gürcüstan olacaq ki, orada hamının maraqları qorunacaq. Heç bir etnosun problemləri qorunmuş olacaq. Əksinə, hamının hüquqları qorunacaq. Biz bu arqumentlərlə bizim abxaz və osetin qardaşlarımızla danışacağıq” - deyə o əlavə edib. Dövlət başçısı Gürcüstanın xarici siyasət kursunu dəyişməyəcəyini və Avropa İttifaqı və NATO istiqamətində inteqrasiyanı davam etdirəcəklərini də deyib. Məlumat üçün bildirək ki, artıq noyabrın 27-də ölkənin Avropa İttifaqının Assosiativ üzvlüklə bağlı sənədi paraflanacaq. O, həmçinin Birləşmiş Ştatlarla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. “Biz Qara və Xəzəryanı dövlətlərlə də əməkdaşlığı davam etdirəcəyik. Gürcüstan özünün balanslaşdırılmış siyasəti ilə artıq region ölkələri - Azərbaycan, Gürcüstan və Türkiyə ilə sıx münasibətlər qurub” deyən dövlət başçısı Rusiya ilə bərabərhüquqlu dialoq aparmaq niyyətini ortaya qoyub.
Yeri gəlmişkən, dövlət başçısı kimi fəaliyyətə başlayan Marqvelaşvili ilk qərara da imza atıb. Bu qərarla İvanişvili və bütün kabinet üzvləri səlahiyyətlərini icra edən şəxslərə çevriliblər. Gürcüstanın baş nazirinin səlahiyyətlərini icra edən Bidzina İvanişvili iş otağını yeni prezident Georqi Marqvelaşviliyə verərək istefasını tam reallaşdırıb. İvanişvili vədinə əməl edərək baş nazir postunda qalmaq istəmədiyini bildirib və otağını prezidentə verərək gedib. Baş nazir postuna keçmiş daxili işlər naziri İrakli Qaribaşvilininin gətiriləcəyi təsdiqlənib.
Nüfuzlu “The Economist” jurnalı bu arada mərasim sonrası məqalə ilə çıxış edib. Müəllif yazır ki, Gürcüstanda demokratiya yetkinləşir. Və xatırladılır ki, indi Gürcüstanda baş nazir vəzifəsi prezidentlikdən daha əhəmiyyətlidir və İvanişvili qarşıdan gələn həftələrdə öz postunu 31 yaşlı tərəfdarı - daxili işlər naziri İrakli Qaribaşviliyə verəcək: “İvanişvili bundan sonra hökuməti səhnə arxasından idarə edəcəyi barədə iddiaları rədd edir. Lakin çoxları buna şübhə ilə yanaşırlar”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər