• şənbə, 27 Aprel, 02:22
  • Baku Bakı 14°C

Gürcüstan növbəti sınaq qarşısında

21.10.17 10:30 3386
Gürcüstan növbəti sınaq qarşısında
Oktyabrın 21-də yerli özünüidarə orqanlarına keçiriləcək seçkiləri müşahidə etmək üçün ATƏT-in təxminən 200-ə yaxın əməkdaşı Gürcüstana ezam olunub edib. Nümayəndə heyətinin rəhbəri Briqit Ayva bildirib ki, monitorinq qrupu seçkidən bir gün sonra gürcü və dünya ictimaiyyətini öz qiymətləri ilə tanış edəcək. Bununla yanaşı, artıq müxalifət partiyaları hakim "Gürcü arzusu” koalisiyasını seçki kampaniyasını pozmaqda günahlandırıblar. "Azad və ədalətli seçkilər naminə” komissiyanın seçkilərdən öncə sonuncu iclasında dövlət qulluqçuları və siyasi partiya təmsilçilərinin törətdiyi pozuntuların monitorinqinin nəticələrindən söhbət açılıb. 14 müxalif siyasi partiyanın liderlər şurası hökuməti oktyabrın 21-i keçiriləcək seçkiləri saxtalaşdırmağa hazırlaşmaqdaittiham edib. Dövlət büdcəsindən partiyalara ödənməli olan pulların verilməməsi, inzibati resurslardan sui-istifadə, siyasi opponentlərin sıxışdırılması və təqibi müxalifətin "Gürcü arzusu”na irəli sürdüyü iddiaların az bir hissəsidir. Liderlər Şurası öz iradlarını beynəlxalq və yerli müşahidəçilərə də təqdim edib. Parlamentdənkənar müxalifətin nümayəndələri digər müxalifət partiyalarının da ünvanına tənqidlər səsləndiriblər. Keçmiş hakim partiya olan "Vahid Milli Hərəkat” və ondan ayrılmış "Avropa Gürcüstanı” partiyaları tənqidin əsas hədəfi olub. "Demokratik hərəkat – vahid Gürcüstan naminə” partiyasının nümayəndəsi Nino Burcanadze həmin partiyaları iqtidarla sözləşməkdə ittiham edib: "Biz görürük ki, iqtidar çox ciddi saxtalaşdırmaya hazırlaşır. Biz "Gürcü arzusu” və cənab Bokeriyanın "Avropa Gürcüstanı” Partiyasının tutduğu xüsusi mövqeyi görürük. Bu, şübhələrimizi artırır: Bidzina İvanişvili öz hakimiyyət müddətini maksimum uzatmaq üçün satellit partiyalar və "Gürcü arzusu”ndan yararlanmaq istəyir. Əminəm ki, onların arasında parlament seçkilərində sövdələşmə olub. Sövdələşmə nəticəsində "Vahid Milli Hərəkat” partiyası parçalanıb. Bu gün də sövdələşmə həyata keçirilir”, – deyib o qeyd edib. "Gürcü arzusu” və "Avropa Gürcüstanı”nın nümayəndələri Burcanadzenin ittihamlarından yayınıblar.
"Gürcü arzusu”nun Tbilisi merliyinə namizədiKaxa Kaladzepartiyasının hakimiyyətini "Vahid Milli Hərəkat”ın 9 illik hakimiyyəti ilə müqayisə edib: "2012-ci ilədək nə baş verdiyi hamınızın yadındadır – çubuqla, süpürgə ilə döymə, işdən çıxarma, şantaj. Bir də 2012-ci ildən sonra keçirilmiş bütün seçkilərlə bağlı beynəlxalq təşkilatların verdiyi qiymətə baxın. Bu gün hər bir namizədin, siyasi partiyanın azad və bərabərhüquqlu atmosferdə öz baxışlarını təqdim etmək haqqı və imkanı var. Hər kəsin bərabərhüquqlu mühitdə seçki kampaniyası keçirməsinə şərait yaradılıb”.
Qeyd edək ki, parlament seçkilərindən öncə, hətta uşaq bağçalarında belə "Gürcü arzusu”nun namizədlərinin xeyrinə səslər səfərbər edilmişdi. Kvemo Kartli vilayətinin Dmanisi rayonunda isə "işgüzar” dövlət məmurları yerli kəndliləri "Quran”a əl basaraq həqiqətən də "Gürcü arzusuna” səs verəcəklərinə and içməyə məcbur etmişdilər. Ancaq Kaladze qalmaqala səbəb olmuş bu hallara münasibət bildirməyib.
"Azad və ədalətli seçki naminə” komissiyasının rəhbəri, ədliyyə naziriTea Tsulukiani seçki qanunvericiliyinin bu və digər pozuntuları ilə bağlı son bir ayda bir neçə dəfə danışmalı olub. O, dəfələrlə dövlət qulluqçularının iş vaxtı siyasi təbliğat aparmasının yolverilməz olduğunu xatırladıb. Sözügedən komissiya seçki qanunvericiliyinin dövlət qulluqçuları tərəfindən pozulmasını əngəlləmək, belə pozuntulara reaksiya vermək məqsədilə yaradılıb. Komissiya üç aylıq fəaliyyəti dövründə 7 tövsiyəylə çıxış edib. Onun fəaliyyəti nəticəsində müxalifət təmsilçilərinə fiziki zorakılıq faktları üzrə bir neçə cinayət işi açılıb.
Oktyabrın 19-da isə gecə saatlarında Marneuli rayonunda naməlum şəxslər odlu silahdan atəş açaraq hakim partiyadan 4 nəfəri yaralayıb. "Marneuli rayonunun Qızılhacılı kəndində, "Gürcü arzusu” partiyasının seçki qərargahı yaxınlığındakı ərazidə naməlum şəxs avtomatdan açdığı atəşlə 4 nəfərə xəsarət yetirib”, - deyə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir. Dünən səhər isə yayılan məlumatda bildirilir ki, sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır. DİN-in açıqlamasına əsasən, xəstəxanaya çatdırılmış yaralıların həyatına təhlükə yoxdur. Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernator müavini Zaur Darğalı xəbəri BBC-yə təsdiq edib. Onun sözlərinə görə, insident zamanı "Gürcü arzusu” Partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndindən üzrə majoritar namizəd Ceyhun Çovdarov və daha üç şəxs yaralanıb. Yaralılar Anar Məmişov, Vüqar Bayramov Azad Çobanov xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri stabildir. Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili və səhiyyə naziri hadisə yerinə gedib və vəziyyətlə maraqlanıblar. Hadisəni törədənlər haqqında məlumat verilmir.
Bir faktı da qeyd edək ki, bu gün keçiriləcək seçkilər və onun nəticələri həm müxalifət, həm də iqtidar üçün mühüm əhəmiyyət kəsb edir. İqtidar bu seçki ilə ona olan münasibətin hansı səviyyədə olduğunu müəyyən edəcək - yəni bu, bir test sınağıdır. Müxalifət, xüsusən də eks-prezident Mixail Saakaşvili tərəfdarları da əhali arasındakı reytinqlərini müəyyən edəcəklər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər