AZE | RUS | ENG |


Gürcü larisi çətin durumda

Gürcü larisi çətin durumda
Gürcüstanın milli valyutasının kursu qısa müddətə 4,2 faiz ucuzlaşıb

Gürcüstanın milli valyutası - larinin kursunun aşağı düşməsi əhali arasında təşviş və ərzaq məhsullarının qiymətinin qalxması il nəticələnib. Hakimiyyət orqanları əhalini sakitləşdirməyə çalışaraq lari ilə bağlı yaşananların müvəqqəti hal olduğunu bəyan edib. Müxalifə isə hakimiyyəti diletantlıqda ittiham edərək, məhz bu yarıtmaz siyasət nəticəsində devalvasiyanın baş verdiyini bəyan edib. Məsələ ondadır ki, lari ilə bağlı vəziyyət, daha dəqiq desək, onun kursunda tənəzzül avqust ayından start götürüb. Və bu hal bir çoxları tərəfindən təəccüb və anlaşılmazlıqla qarşılanmışdı. Axı məntiqlə turizmin qızğın vaxtında, valyuta axının gücləndiyi bir dövrdə milli valyuta möhkəmlənməli idi. Gürcüstanda isə bunun əksi baş verib. Əvvəlki dövrlərdə də belə olub. Lakin avqustdan start götürən proses zamanı kurs fərqi elə də nəzərəçarpacaq dərəcədə deyildi və əhali də məhz bu səbəbdən də artan rəqəmlərə fikir vermirdi. Lakin sentyabrın əvvəlindən bəri milli valyutanın kursunda ciddi eniş baş verməyə başladı. Ötən gün isə antirekord qeydə alınıb. Valyutadəyişmə məntəqələrində bir avro 3 lari olub. Məhz bundan sonra əhali arasında narazılıq artmağa başladı. Hökumətin əhalini sakitləşdirmək yönündə bəyanatları isə odun üstünə yağ tökmə effekti vermiş oldu. Bankomatlar qarşısında növbələri yaranıb, əhali sürətlə banklardakı vəsaitlərini çıxarmağa başlayıb. Yerli skeptiklər bildirirlər ki, larinin sıxılması ola bilsin müvəqqəti haldır və tezliklə proses əksinə gedəcək. Lakin uzun illərin təcrübəsi göstərir ki, əgər qiymət artırsa, sonradan ucuzlaşmır. Gürcüstan Mərkəzi Bankı etiraf edib ki, avqustun 22-dən bəri lari 4,2 faiz qiymətdən düşüb. Bankın rəsmi nümayəndəsi etiraf edib ki, bütün yay boyu ölkəyə valyuta axının güclü olduğu dövrdə lari xeyli möhkəmlənib. Valyuta bazarının iştirakçıları avro və dolları ən aşağı kursla götürüblər, indi isə əksinə proses baş verir.

Parlamentin büdcə və maliyyə komitəsinin sədri İrakli Kovzanadze ölkənin aparıcı telekanallarının efirində bildirib ki, kəskin devalvasiya üçün makroiqtisadi əsaslar yoxdur. "Bizdə üzən valyuta kursudur və bu səbəbdən də hərəkət hər iki istiqamətdə gedə bilər. Yayda lari möhkəmlənirdi. Mərkəzi Bank bu prosesdə nizamlanma siyasəti apararaq özünün ehtiyatlarını möhkəmləndirmək üçün 100 mln. dollar əldə edib. Bu da maliyyə sabitliyinin yaranmasına gətirib çıxarıb”, - deyə komitə sədri vurğulayıb. Onun sözlərinə görə, avqust ayında xeyli dollar alınıb və görünür bu aksiya da larinin kursuna həddən artıq güclü təzyiq göstərmiş olub. "Bu da valyuta bazarında özünü göstərib olub və əhali arasında təşvişə səbəb olub. Vəziyyət yaxın vaxtlarda sabitləşə bilər”, - deyə İrakli Kovzanadze vurğulayıb.

"Vahid Milli Hərəkat”ın parlament fraksiyasının rəhbəri, Mərkəzi Bankın keçmiş rəhbəri Roman Qoçiridze isə hakimiyyəti iqtisadi proqramının olmamasında günahlandırıb. Onun sözlərinə görə, iqtisadiyyatı dirçəltmək əvəzinə kommersiya banklarının fəaliyyəti stimullaşdırılır. "İki ay ərzində banklara 500 mln dollar kredit veriblər. Bu, ağılsız bir qərardır, ölkə və xalq üzərində keçirilən eksperimentdir”, - deyə müxalifətçi deputat "Rustavi-2” telekanalının efirində bildirib. Onun sözlərinə görə, bir çoxları vəziyyəti düzgün qiymətləndirməyərək avro və dollar almağa başlayıblar, bu da müvafiq olaraq larinin dəyərinin aşağı düşməsinə gətirib çıxarmalı idi. Ekspertlərin bir qismi diqqəti qəribə bir fenomen hala yönəldirlər - dollar digər valyutalarla müqayisədə ucuzlaşır, yalnız lariyə gəldikdə möhkəmlənir. Belə bir fikir var ki, buna səbəb oktyabr ayında yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdir. Hökumət vəsaitlərini layihələrin reallaşmasına yönəldəcək. 

Digər bir qrup isə larinin qiymətdən düşməsini fors-major halla - Gürcüstanda yaşanan yanğınlarla əlaqələndirir. Belə ki, yanğınla mübarizənin planlaşdırılmayan xərclər tələb etdiyi qabardılır. İqtisadi məsələlər üzrə ekspert Demur Qiorxelidze isə hesab edir ki, larinin kursunun qəfildən aşağı düşməsi yerli iqtisadiyyatın vəziyyətini əks etdirir: "Belə ki, ölkə iqtisadiyyatında larinin iştirakı fəlakətli həddədir - cəmi 18 faiz. Hakimiyyətin larinin biznesdə rolunu artırmaq barədə bəyanatları isə heç bir nəticə vermir. Mərkəzi Bank də müdaxilə etmək istəmir. Nəticədə belə çıxır ki, larinin kursu 2-3 bank vasitəsilə nizamlanır. Mərkəzi Bank isə öz kreditləri ilə bu banklara yardım edir ki, onlar larinin kursunu müəyyən etsinlər. Nəticədə hər şey bu 2-3 bankın hədəflərini necə müəyyən etməsindən asılı olacaq”. Ekspertin qənaətincə, larinin indiki vəziyyəti qiymətlərin kəskin artımına səbəb olacaq, lakin kəskin inflyasiya olmayacaq. Bir qədər sonra isə vəziyyət nizamlanacaq. "Lakin hər belə kurs dəyişikliyinin zərbəsi biznes və sadə vətəndaşlara dəyir. Gürcüstanda qiymətlər onsuz da yüksək idi və aşağıya doğru da getmir”, - deyə ekspert vurğulayıb.
 
Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002