• cümə, 26 Aprel, 17:56
  • Baku Bakı 23°C

Gübrədən istifadə elmi yanaşma tələb edir

26.05.17 10:30 1767
Gübrədən istifadə elmi yanaşma tələb edir
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov Trend-ə açıqlamasında bildirib ki, hazırda kənd təsərrüfatında, xüsusilə də düzənlik zonalarda gübrələrdən, pestisidlərdən istifadə olunmasa, məhsul istehsal etmək qeyri-mümkündür. O qeyd edib ki, xəstəlik törədiciləri, torpağın gücdən düşməsi kimi amillər sahibkara qoyduğu xərci çıxarmağa imkan vermir. Ona görə də gübrələrdən, pestisidlərdən mütləq istifadə edilir.
Y.İbrahimov, həmçinin bildirib ki, Azərbaycanın yüksək dağlıq ərazilərində zərərvericilərin, göbələklərin miqdarı az olduğuna görə, orada ekoloji təmiz məhsulları əkib-becərmək mümkün olur: "Məsələn, Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərində pomidora, xiyara bir dəfə də dərman vurmadan məhsul istehsal edirlər. Ancaq bizim istixanalarda və alma bağlarında məhsula bir neçə dəfə dərman vurulmasa, onu istehsal etmək mümkün olmur".
Y.İbrahimov deyib ki, bəzən məhsulların əkilib-becərilməsi zamanı istifadə edilən dərmanın miqdarı yol verilən həddi ötür. Onun sözlərinə görə, əsasən, şirəli məhsullarda – üzümdə, çiyələkdə yol verilən hədd bir sıra hallarda ötülür: "Məsələn, qarpızda da nitratın miqdarı çox olur. Su çox toplanan məhsullarda müəyyən hədd ötüldükdə, onun təsiri quru meyvələrə nisbətən çox hiss olunur. Sulu meyvələr bu baxımdan daha qorxulu olur, ona görə də onlar daha ciddi yoxlanılır".
Laboratoriya rəhbəri qeyd edib ki, məhsulların istehsalı zamanı kimyəvi maddələrdən normadan çox istifadə edilməməsi üçün sahibkarlarla iş aparılır: "Biz texnologiyanı yaxşılaşdırmaq, sahibkarlarımızı maarifləndirmək üçün onlara iradlarımızı bildiririk. Onların nəzərinə çatdırırıq ki, belə hallarla qısa müddət ərzində alıcı bazarımızı itirə bilərik. O bazar olmasa, məhsul istehsalı tamamilə dayanacaq".
Ekoloji təmiz məhsullların əksər ölkələrdə çox kiçik həcmdə istehsal olunduğunu deyən Y.İbrahimov qeyd edib ki, əgər məhsul istehsalı zamanı pestisid və gübrələrdən istifadə olunursa, o, artıq ekoloji təmiz məhsul hesab olunmur: "Sivil ölkələrdə ekoloji təmiz məhsullar baha, ekoloji təmiz olmayan məhsullar isə ucuz qiymətə satılır. Ancaq belə ölkələrdə ekoloji təmiz olub-olmadığı məhsulun üzərində yazılır və alıcı məlumatlı olur".
Bəs görəsən tərkibində həddən artıq gübrə olan məhsulun istifadəsi insan sağlamlığı üçün təhlükəlidirmi? Belə məhsulları necə təyin edə bilərik?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosentiQadir Bayramlınınsözlərinə görə, kənd təsərrüfatı məhsullarında gübrənin tətbiqi əsas məsələlərdən biridir: "İnkişaf etmiş ölkələrin əksəriyyəti öz təcrübəsində həm mineral, həm də üzvü gübrələrdən geniş istifadə edir. Bizdə də kənd təsərrüfatı məhsullarının yetişdirilməsində gübrədən çox istifadə edilir. Təbii ki, bu, məhsulların keyfiyyətinə ciddi təsir göstərir. Ona görə də lazımi miqdarı təyin etmək lazımdır. Gübrənin miqdarını təyin etmək üçün torpaq tədqiqatına ehtiyac var. Bir ərazidə torpaq ana süxura çıxana qədər qazılır və ayrı-ayrı torpaq qatlarından nümunələr götürülərək laboratoriyalara təqdim edilir. Laboratoriyada torpaqda hansı mineralların az və ya çox olduğu müəyyən edilir və nəticələrə uyğun olaraq gübrə tətbiq edilir. Düzdür, hələ sovet dövründə də Azərbaycanda müəyyən ərazilərdə, xüsusən pambıq istehsalında gübrə normadan çox verilirdi. Ona görə də sağlam məhsul yetişdirmək üçün bu kimi məsələlər nizama salınmalıdır. Digər tərəfdən, gələcəkdə məhsullarımızın ixracını artırmaq istəyiriksə, məhsula normadan artıq gübrə verilməməlidir. Məsələn, Avropa Birliyi ölkələri həm gübrə, həm də kimyəvi preparatlardan həddən artıq istifadə edildikdə, öz laboratoriyalarında analizlər aparır, belə məhsulların ölkəyə girişini qadağan edirlər. Artıq ölkəmizdə bu istiqamətdə xeyli işlər görülüb. Bu ilin sonuna kimi Sumqayıtda gübrə zavodunun işə düşəcəyi gözlənilir. Getdikcə, gübrə təminatı daha da yaxşı olacaq, amma həmin gübrələrdən də müəyyən norma daxilində istifadə edilməlidir. Tərkibində həddən artıq gübrə olan məhsulları laboratoriyalarda müəyyən etmək olur. Ev şəraitində isə bunu məhsulun dadından, görüntüsündən müəyyən qədər təyin etmək olur”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, gübrə bitkilərin inkişafı üçün çox vacibdir: "Əslində istənilən bitki torpaqdan üzvi və qeyri-üzvi maddələri mənimsəyərək boy atır. Lakin bəzən torpağın məhsuldarlığı yetərincə olmur. Çünki uzun müddət istifadə edilən torpaqda mineralların sayı azalır. Ona görə də torpağın meliorasiyasına ehtiyac yaranır. Meliorasiya işləri görməklə torpaq yenidən yararlı vəziyyətə gətirilir. Lakin yaxşı olardı ki, bu tədbirlər məhsul yetişməzdən öncəyə qədər görülüb qurtarsın. Həddən artıq gübrə tətbiq edilən məhsulların zoğu iri olur və görünüşcə digərlərindən fərqlənir. Belə meyvə və tərəvəzdən istifadə etdikdə, ehtiyatlı olmaq lazımdır. Çünki bəzən bu məhsullar insan sağlamlığı üçün təhlükə yarada bilirlər. Ümumiyyətlə, gübrələrdən istifadə elmi yanaşma tələb edir. Torpağa gübrənin verilməsi müəyyən texnoloji proseslərlə və qaydaları gözləməklə həyata keçirilməlidir. Bitkidə həddən artıq gübrə toplandıqda, insan sağlamlığı üçün təhlükə yarada bilər. Amma gübrəyə zəhər kimi yanaşmaq da düzgün deyil. Sadəcə, gübrənin miqdarı həddən artıq olduqda, bitkinin keyfiyyətinə təsir göstərir. Yaxşı olardı ki, uşaqlara orqanik şəkildə yetişdirilən meyvə və tərəvəz məhsulları verilsin. Orqanik meyvə-tərəvəzlər xüsusi şəraitdə kimyəvi qatqısız yetişdirilir. Belə məhsullar bazarlarda və marketlərdə ayrıca satılır. Onların dadı da adi qaydada yetişdirilənlərə nisbətən daha yaxşıdır. O baxımdan, azyaşlılara belə məhsulların verilməsi daha məqsəduyğundur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər