AZE | RUS | ENG |


Görülən işlərlə bağlı dolğun fikir formalaşdıran monitorinq

Görülən işlərlə bağlı dolğun fikir formalaşdıran monitorinq
Mütəxəssislər deyir ki, aqrar sahə 2017-ci ilin növbəti aylarında da əsas hədəf olaraq qalacaq

Bu günlərdə Strateji Yol Xəritəsinin yarım illik hesabatları açıqlanıb. Prioritet istiqamətlərdən biri hesab olunan kənd təsərrüfatı sahəsi üzrə də statistik göstəricilər bəlli olub. Belə ki, ilkin nəticələr qarşıya qoyulan hədəflərin 11 faizinin icra edildiyini, 40 faizinin isə icrasına başlandığını deməyə əsas verir. Hədəflər sırasında həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması, maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi və s. var. İlkin göstəricilər artıq bu sahədə görülən işlərdən və mövcud problemlərdən  xəbər verir. Bəs görəsən bu nəticələr məqbul hesab olunurmu? Bu sahədə daha hansı işlər görülməlidir?
 
 
 
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, ümumilikdə  atılan addımlar və görülən işlər yüksək qiymətləndirilməlidir: "Düzdür, kənd təsərrüfatı sahəsinin qiymətləndirilməsi üçün 6 ay yetərli müddət deyil. Çünki elə kənd təsərrüfatı sahələri var ki, qısa müddət ərzində nəticə əldə etmək mümkün deyil. Amma ümumilikdə, mövcud iqtisadi durumda kənd təsərrüfatı həm prezident, həm də administrasiyası tərəfindən daim  diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Təsadüfi deyil ki, 2017-ci ildə ilk dəfə olaraq ixrac idxalı üstələdi. Yəni Azərbaycanda kənd təsərrüfatı məhsullarında ixrac genişləndi və idxaldan asılılıq azaldıldı. Bütün bunlar görülən işlərin və islahatların nəticəsi kimi qiymətləndirilməlidir. Əvvəllər subsidiyalarla bağlı müəyyən problemlər var idi. İndi bu işlər elektronlaşdırılıb və həmin problemlər artıq geridə qalıb. Kənd təsərrüfatı sahəsində atılan addımlar getdikcə öz bəhrəsini verir. Düzdür, bəzi problemlər hələ də qalmaqdadır. Bu problemlər Yol Xəritəsinə uyğun olaraq müəyyən müddət sonra həll olunacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu sahə ən gəlirli sahələrdən birinə çevriləcək”.
 
 
 
İqtisadçı alim Vüqar Bayramlıbildirdi ki, belə bir monitorinqin aparılması nəticə etibarı ilə görülən işlərlə bağlı dolğun fikrin formalaşması baxımından çox vacibdir: "Çünki monitorinq obyektiv və müstəqil qiymətləndirilmənin aparılmasına şərait yaradır. Bundan başqa,  2017-ci ilin birinci yarısında həyata keçirilən fəaliyyətlərin qiymətləndirilməsi həm də  dövlət qurumlarının məsuliyyətinin artırılması və yol xəritələrinin səmərəliliyinin yüksəldilməsi baxımından vacibdir. Qeyd edim ki, sözügedən sahə  üzrə  51 faiz icra prosesi başlayıb. Amma aqrar  sahə üzrə yarım illik hesabat tam nəticə demək deyil. Yəni 2017-ci il başa çatdıqda,  illik olaraq nəticələrin qiymətləndirilməsi aparılacaq ki, bu da daha dolğun fikir formalaşdıracaq. Çünki elə fəaliyyət sahələri var ki, onun icrasına ilin ikinci yarısında başlanılır. Beləliklə, həmin sahə  icra edilməmiş kimi qiymətləndirilir. Ona görə də düşünürəm ki, illik qiymətləndirmə  daha vacibdir. Bu hesabat kənd təsərrüfatı üzrə hansı işlərin yerinə yetirilməsi və hansı işlərdə yubanmaların olduğunu təyin etməkdə yardımçı olur. İlkin nəticələrə əsasən, ən çox müzakirə edilən məsələlər sırasında  müəssisələrin maliyyə imkanlarının genişləndirilməsidir. Belə ki, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən fəaliyyətlərdə yubanmaların olduğu bəlli oldu. Düşünürəm ki, bu yubanmaların qısa müddət ərzində  aradan qaldırılması çox vacib bir məsələdir. Nəticə etibarı ilə bu maliyyələşdirmə mexanizmi növbəti dövrlərdə də aktual olaraq qalmalıdır. Çünki  bu, kənd təsərrüfatı sahəsinin və  yerli məhsulların inkişafı baxımından vacibdir. Dövlət və özəl sektorun əməkdaşlığı istiqamətində müəyyən addımlar atılsa da, hələlik nəzərdə tutulan səviyyə qənaətbəxş deyil. Bu istiqamətdə daha çox fəaliyyətlərin həyata keçirilməsinə ehtiyac var. Baxmayaraq ki, aqrar məhsulların sığortası üzrə sığorta haqlarının 50 faizi dövlət büdcəsi tərəfindən ödənilir, amma sığortalanma aşağı olaraq qalmaqdadır və bu istiqamətdə geriləmələr var. Sığortanın artırılması ilk növbədə  fermerlərin gözlənilməyən ziyanlardan və xərclərdən azad edilməsinə imkan yaradar və aqrar sektorda maliyyə və sığorta şirkətlərinin genişlənməsinə gətirib çıxara bilər. Digər bir məsələ bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsidir. Xüsusən yerli icmaların kənd təsərrüfatının inkişafı ilə bağlı təşəbbüslərinin dəstəklənməsi  çox vacibdir. İcmaların kənd təsərrüfatında rolunun artırılması nəticə etibarı ilə hədəfə daha tez çatmağa kömək edir.  Növbəti dövrlərdə bu fəaliyyətlərin genişləndirilməsi vacib məqamlardandır. Qeyd edim ki, aqrar sahə  2017-ci ilin növbəti aylarında da əsas hədəf olaraq qalmaqdır və bu amil sözügedən sahədə görülən işlərin və  proseslərin daha da sürətlənməsinə gətirib çıxaracaq. Nəticələrə əsasən demək olar ki, icrası başlanılan və icrası tamamlanan fəaliyyətlər ümumi fəaliyyətlərin yarısından bir qədər çoxluq təşkil edir. Amma  2017-ci ilin ikinci yarısında fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var. Bu, ilk növbədə daha səmərəli nəticələrin əldə edilməsi baxımından vacibdir”.

Şəbnəm Mehdizadə
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001