• şənbə, 27 Aprel, 03:46
  • Baku Bakı 14°C

“Gəzəyən arvad”ı “Böyük ayı”nı qəzəbləndirib

02.12.17 09:00 3253
“Gəzəyən arvad”ı “Böyük ayı”nı qəzəbləndirib
Avropa İttifaqı ilə yaxınlaşma barədə sənədə imza atan Ermənistanın Rusiya mediası tərəfindən kəskin şəkildə aşağılanması, təhqir olunması davam edir. Demək olar ki, hər gün telekanallarda hərbi xunta ilə yanaşı, bütöv xalq aşağılanır, təhqirlərə məruz qalır. Erməni mətbuatı, xüsusən də "Nyus.am” saytı yazır ki, Rusiya mediasının bu hərəkətinə, sadəcə isterikadan başqa bir ad vermək olmaz. Hətta iş o yerə çatıb ki, Rusiya mediası və aparıcıları faktları təhrif etməkdə, qeyri-peşəkarlıqda, mövzudan baş çıxarmamaqda, aqressiv ritorikada ittiham olunub.
"Məqsəd strateji tərəfdaşı alçaltmaq və bu münasibətləri iynələməkdir”, – deyə sayt Rusiya mediasını tənqid hədəfinə tutub. Qeyd edilir ki, Ermənistana qarşı kampaniya hələ saziş imzalanmamışdan əvvəl start götürüb. Ekspert və politoloqlar də hədəfə alınır və bildirilir ki, "onlar sübut etmək istəyirlər ki, Ermənistanı tələyə saldılar, Rusiya isə özünün qədirbilməz dostundan zərbə almış oldu”. Saytda dərc olunan materialda qeyd edilir ki, Rusiyanın "NTV” kanalında Ermənistanın gəzəyən bir qadına oxşadılması ilə bağlı analogiya əməlli-başlı erməniləri özündən çıxarıb. "Rusiyalı "həmkarlarımız” əməlli-başlı vicdan hissini itiriblər. Özü də həmin verilişdə faktlar da təhrif olunub. Belə ki, aprel döyüşlərində 33 nəfərin öldüyü bildirilib. Halbuki, bizim itkilərimiz 100-dən çox olub. Haradan götürülüb bu material - bəlli deyil”, - deyə materialda bildirilib.
Ən maraqlısı isə odur ki, Rusiya mediası ermənilər tərəfindən azərbaycanpərəst olmaqda da günahlandırılır. "Rusiyalı ekspertlərinin böyük bir hissəsi hesab edir ki, Ermənistan Rusiya olmadan məhv olacaq və yaxşı olar ki, biz çox da atlanıb-düşməyək. Məsələn, politoloq Sergey Kurqinyan "ORT”-də gedən verilişdə bildirib ki, əgər Yerevan Rusiyanın təsir dairəsindən uzaqlaşsa, onda yüz il bundan əvvəlki vəziyyətə, farslarla türklərin əhatəsinə düşdüyü dövrlərə qayıdacaq”, - deyə başqa bir erməni nəşri "Tert.am” yazır. "Başqa bir politoloq Sergey Markov isə bildirir ki, ermənilər Rusiya telekanallarına irad bildirməli deyillər. Bizdən tələb edirlər ki, Njdeni milli qəhrəman elan etməyək. Markova Njde dinclik vermir. Məgər suveren dövlət öz qəhrəmanını seçə bilməz? Axı o kimdir ki, bizim daxili işlərimizə qarışır, bizə ağıl öyrədir ki, kimi qəhrəman seçək?” - deyə bildirilir.
Öz növbəsində başqa bir erməni nəşri "Qolos Armenii” qəzeti Ermənistan baş nazirinin müşaviri M.Terteryanın Rusiyanın "Zvezda” telekanalına və onun aparıcısı V.Kraşennikova ünvanlanan qəzəb dolu məktubunu yerləşdirib. Terteryan müraciətində bildirir ki, "xarici dövlətin nümayəndəsinin ermənilərin qəhrəmanını nasist cinayətkarları ilə yanaşı qoyması təhqiredici haldır”. Bununla yanaşı, müraciətdə iddia edilir ki, "erməni simvollarının yaşı beş min ildir ki, tanınır. Bu səbəbdən də bizim simvolları cinayətkar rejimlərin siyasi atributları ilə eyniləşdirmək düzgün deyil”. Onun sözlərinə görə, Njde tək hərbi sərkərdə deyil, erməni ənənələri və ideallarının daşıyıcısı olub. Baş nazirin müşaviri telekanal və şəxsən Kraşennikovu erməni xalqı qarşısında üzr istəməyə çağırıb.
"Lragir” saytı isə yazır ki, "Zvezda” telekanalında, Birinci kanalda və "NTV”-də gedən tok-şoular aşıq şəkildə antierməni xarakteri daşıyıb. "Bütün bunlar Ermənistana qarşı aqressiyanı birləşdirir, həmin verilişlərdə ermənilər çox sərt formada aşağılanır. Elə bil ki, biz Rusiyanın mülkiyyətiyik”, - deyə məqalədə vurğulanır. Müəllif xatırladır ki, "Zvezda” kanalı Rusiya Müdafiə Nazirliyinə məxsusdur, Birinci kanal dövlətin mülkiyyətindədir. "NTV” isə Rusiyanın qaz nəhəngi "Qazprom”a məxsusdur. Yəni, bu o anlama gəlir ki, Ermənistana qarşı hücumlar telekanalların şəxsi təşəbbüsü deyil. Bunun arxasında Rusiya hökuməti durur. "Nə üçün rəsmi Moskva imkan və şərait yaradır ki, federal kanallar Ermənistanı ədalətsizlik predmetinə çevirirlər və etik qaydalara əməl etmirlər”, - deyə sayt sualla çıxış edir. Erməni sayt ardınca yazır ki, Ermənistan bütün bunlara baxmayaraq, Qərbə doğru "gedəcək”. "Belə demək olar ki, bu, Rusiya tərəfindən Ermənistana sonuncu hücumdur. Nə qədər Rusiyanın Ermənistan üzərində mülkiyyət hüququ barədə danışılırsa, bir o qədər də Rusiya ictimaiyyəti onu itirməkdə davam edəcək”, - deyə məqalənin sonunda bildirilib.
Öz növbəsində "Ayoç Aşxar” qəzeti iddia edir ki, antierməni təbliğatın arxasında Azərbaycan lobbisi durur. Nəşr ardınca Rusiya mediasını satqınlıqda ittiham edir və Roma sərkərdəsi Sezardan məşhur sitat gətirir - "Brut, sən də?” "Bu səbəbdən də Rusiya ilə münasibətlər ciddi işlərə ehtiyac duyur”, - deyə məqalədə bildirib.
Yeri gəlmişkən, erməni ekspertləri ciddi-cəhdlə ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması barədə müzakirələrə start veriblər. Məsələn, ölkənin Aİİ-dən çıxmasının təşəbbüskarı və bununla bağlı müvafiq qanun layihəsi təqdim edən "Çıxış” blokunun parlament fraksiyasının nümayəndəsi Edmon Marukyan maraqlı bir fikir səsləndirib. O, hesab edir ki, ölkə Şərq Tərəfdaşlığına qoşulduqdan sonra Aİİ-yə üzvlük Yerevanın digər ölkələrlə saziş imzalamasına mane olur. Konkret misal kimi də Türkiyə ilə münasibətləri göstərib. "Ermənistan və Türkiyə arasında sərhədlər əbədi bağlanmayıb, sərhəd açılacaq. Bu, başqa ölkələrə də aiddir. Gürcüstanla gələcəkdə sazişlər imzalana bilməz, bu məhdudlaşdırılıb. İranla da bağlı analoji hal təkrarlana bilər”.
Rusiya mediasının Ermənistanı hədəfə alması bu ölkədəki erməni icmasını da qəzəbləndirib. Rusiya Erməniləri İttifaqı dünən bəyanatla çıxış edərək hakimiyyət dairələrini "Ermənistanın əleyhinə təbliğat aparan satqın jurnalistləri” efirdən kənarlaşdırmağa çağırıb. İttifaq bildirir ki, Rusiyanın müəyyən dairələrində Ermənistanın Aİ ilə razılaşma imzalaması siyasi kursun dəyişməsi kimi təqdim olunur. "Əgər bu bədnam ekspertlər tənbəllik etməyib həmin razılaşmanı oxusaydılar, görərdilər ki, Ermənistan Avrasiya İttifaqı və müttəfiqləri qarşısında götürdüyü bütün öhdəliklərə sadiq qalır” - bəyanatda bildirilir.
Rusiya Erməniləri İttifaqı hesab edir ki, "məsuliyyətsiz jurnalistlər və siyasətçilər” öz hərəkətləri ilə Ermənistan cəmiyyətində və Rusiya erməniləri arasında narazılıq dalğası yaradıb. "Biz göstərilən KİV-lərə təsir imkanları olan hakimiyyət strukturlarını çağırırıq ki, efirdən satqın jurnalistləri, siyasətçiləri və bədnam ekspertləri kənarlaşdırsın. Onların mövqeləri Rusiya cəmiyyətində əks-səda yaratmır. İlk növbədə onlar bivecliyi və şüurlu dezinformasiyanı tirajlayaraq bizim qardaş xalqlar arasında fikir ayrılıqları yaradırlar” - bəyanatda deyilir.
Xatırladaq ki, noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement— CEPA) adlı sənədi imzalayıb. Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər