“Gənc Alimlərin Əsərləri” elmi jurnalının ingilis dilli versiyası çap olunub
Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin və
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təsis
etdikləri "Gənc Alimlərin Əsərləri” elmi jurnalının növbəti ingilis dilli
versiyası "Proceedings of Young
Scientists” çap olunub. 2008-ci ildən
çap olunan jurnal gənc alim və tədqiqatçıların elmi əsərlərinin maneəsiz, növbə
gözləmədən və geniş elmi auditoriyaya çatdırılmasını təmin etmək məqsədi
daşıyır və çap olunan məcmuə sayca
jurnalın 15-ci nömrəsidir.
Jurnalın
15-ci sayı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
işıq üzü görüb.
Elmin
müxtəlif sahələrini əhatə edən məqalələrin yer aldığı jurnal Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmin
bütün istiqamətlərində tövsiyyə edilən elmi əsərlər sırasına daxildir. Jurnalda
məqalələr ingilis dilində, xülasə və açar sözlər isə azərbaycan, rus və ingilis
dillərində çap olunur.
Jurnal həm də 2014- cü ilin
noyabr ayından dövri nəşrlər üçün nəzərdə tutulmuş Beynəlxalq Standart Nömrə
(İnternational Standart Serial Number) alaraq beynəlxalq qeydiyyata alınmışdır.
Gələcək hədəfdə jurnalın digər beynəlxalq
elmi indekslər: CiteFactor, Copernicus, DOAJ, SCOPUS, Web of Science – Thomson
Reuters və s. tərəfindən indekslənərək növbəti beynəlxalq statuslar qazanmasına
nail olmaqdan ibarətdir.
Beynəlxalq redaksiya heyətindən ibarət jurnalın baş
redaktoru Azərbaycan
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar
Orucovdur.