AZE | RUS | ENG |

Fransa ilə aqrar sahədə əməkdaşlıq edəriksə...

Fransa ilə aqrar sahədə əməkdaşlıq edəriksə...
Mütəxəssislər deyirlər ki, daha çox elmi nailiyyətlərin inteqrasiyasında, təcrübə mübadiləsində maraqlı olmalıyıq

Son illər ərzində kənd təsərrüfatı sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetinə çevrilib. Qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan aqrar sahəyə diqqət və qayğı ildən-ilə artmaqdadır. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Amma hələlik qarşıda duran bir sıra vəzifələr və görüləsi işlər var. Bu mənada sözügedən sahədə dünya təcrübəsi, xarici ölkələrlə əməkdaşlıq bizim üçün çox vacibdir. Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Belə ki, kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan ölkələrdən biri də Fransadır. Bu barədə Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö məlumat verib. O bildirib ki, ölkələrimiz arasında turizm sahəsi də inkişaf etdirilə bilər, eləcə də, yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq qura bilərik. Bunun üçün böyük potensial var”.

Fransa ilə aqrara sahədə əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatının inkişafına hansı töhfəni verə bilər? Ümumiyyətlə, Fransanın bu sahədəki təcrübəsindən nəyi mənimsəməliyik? 

Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirli deyir ki, kənd təsərrüfatı naziri Fransada olarkən bu əməkdaşlığın istiqaməti müəyyən olunub: "Bildiyiniz kimi, Fransa bitkiçilik və heyvandarlıq sahəsində kifayət qədər elmi nailiyyətlərə imza atan bir ölkədir. İkitərəfli əməkdaşlıq zamanı biz daha çox elmi nailiyyətlərin inteqrasiyası, təcrübə mübadiləsində maraqlı olan tərəfik. Xüsusilə bitkiçilik sahəsində Fransada çox böyük elmi tədqiqat institutları var. Bu institutlarda tədqiqat işləri həm də kommersiyalaşdırılıb. Son illər ölkəmizdə salınan meyvə bağlarının böyük əksəriyyətinin tingləri Fransadan gətirilir. Çünki orada calağaltı texnologiyası xeyli inkişaf edib. Bu texnologiya ilə əkilən ağaclar özünü daha çox doğruldur. Düşünürəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişləndirilməlidir. Heyvandarlıq sahəsinə gəldikdə isə Fransada damazlıq heyvandarlıq sahəsində özlərinin yaratdığı cinslər var. Bura da iribuynuzlu heyvanlar daxildir. Hər iki istiqamət üzrə əməkdaşlığın çox mühüm olduğunu düşünürəm. Bu gün bizim kənd təsərrüfatı sahəsində qarşımızda duran əsas məsələlərdən bir bu sahədə müasir innovasiyaların və yeni texnologiyaların tətbiqi, ən son elmi-texniki nailiyyətlərin ölkəmizə gətirilməsidir. Bu baxımdan bizim üçün maraqlı ölkələrin sayı çoxdur. Misal olaraq onlardan biri də qonşu ölkə Türkiyədir. Türkiyənin aqrar potensialı çox böyükdür. Xüsusən texnologiyaların tətbiqi və kadrların yetişdirilməsi baxımından qardaş ölkə bizə çox yaxındır. Əməkdaşlıq edəcəyimiz digər Avropa ölkələrinin də adını çəkmək olar. Məsələn, Hollandiya əməkdaşlıq üçün bizə çox vacibdir. Texnologiyanın köməyi ilə orada çox ciddi nailiyyətlər əldə edilib. Yerli istehsal hesabına əhalinin ərzağa olan tələbatı təmin edilir. Bu, həm də ixrac strukturunun genişlənməsinə gətirib çıxarır. Nəticədə isə kənd təsərrüfatı sahəsində əlavə dəyər yaranır. Dünya təcrübəsində kənd təsərrüfatı sahəsində bir sıra modellər mövcuddur. Bizdə fermerlər əkdiyi məhsulu emal etmədən satır. Amma dünya təcrübəsində emal texnologiyasından istifadə edərək, bir məhsuldan çoxsaylı məhsul hazırlaya bilirlər. Bu da sahibkara bir neçə istiqamətdə gəlir qazanmasına şərait yaradır. Dünya təcrübəsindən yararlanaraq, bu texnologiyaları ölkəmizə cəlb etməliyik. Həmçinin kadr hazırlığı məsələsinə də diqqət yetirməliyik. Əsas məsələlərdən biri də bitki mühafizə tədbirlərinin təşkil olunmasıdır. İqlim şəraitindən asılı olaraq müxtəlif xəstəliklər məhsullara ciddi təsir göstərə bilir. Mühafizə tədbirlərinin müasir texnologiya vasitəsilə təmin olunması sahəsində bu ölkələrlə əməkdaşlıq edə bilərik”. 

Aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirdi ki, kənd təsərrüfatı sahəsində  dünya təcrübəsindən istifadəyə ehtiyac var: "Təsərrüfatlarımızın  əksəriyyəti kiçik təsərrüfatlardır. Bu təsərrüfatlarda yeni texnologiyalar tətbiq olunmur. Fermerlərin təşkilatlanması və kredit əldə etməsi bir qədər çətin məsələdir. Fransada olduğu kimi, Azərbaycanda da kənd təsərrüfatı sahəsində fermerlər təşkilatlansa, ciddi uğurlar əldə etmək olar. Həmçinin bitkiçilikdə zərərvericilərə, heyvandarlıqda müxtəlif xəstəliklərlə mübarizə tədbirləri orada effektiv şəkildə həyata keçirilir. Sözügedən ölkədə aqrar sahədə peşəkar kadrlar çoxluq təşkil edir. Lazım olan gübrə və dərman preparatlarını onlar özləri istehsal edirlər. Düşünürəm ki, gələcəkdə iki ölkə arasında ortaq təşəbbüslərin həyata keçirilməsi bizim xeyrimizə olar. Bazar araşdırmaları məsələsində də fransız fermerləri ilə əməkdaşlıq həyata keçirilə bilər. Orada fermerlərə ixracla bağlı geniş imkanlar yaradılır. Onlar xüsusi imtiyaz və güzəştlərdən yararlana bilirlər. Aqro-sığortanın təşkili ilə bağlı Fransa təcrübəsinə müraciət edə bilərik. Bənzər təcrübə ölkəmizdə də həyata keçirilə bilər. Düşünürəm ki, Fransa təcrübəsinin tətbiqi aqrar sahədə görülən işlərin daha səmərəli təşkilinə şərait yarada bilər. Fransa kənd təsərrüfatı sahəsinin inkişaf etdiyi ölkələrdən biridir. Kənd təsərrüfatı məhsullarının ixracına dair fermerlərin təcrübəsini öyrənə bilərik. Onlar əsasən ekoloji təmiz məhsullara üstünlük verir. İstehsaldan qablaşdırmaya qədər bütün məsələlər ən yüksək səviyyədə həyata keçirilir. Ekoloji təmiz məhsulun yetişdirilməsi asan məsələ deyil. İki ölkə arasındakı əməkdaşlıq bu təcrübələri bizə qazandıra bilər. Bu mənada mütəxəssislərimiz Fransaya gedərək bəzi sirləri öyrənə bilərlər. Onların təcrübəsi yerli şərait nəzərə alınaraq, burada tətbiq oluna bilər. Fransada kənd təsərrüfatı sərgiləri də ciddi uğurlar əldə edir. Bu ölkə şərab istehsalına görə məşhurdur. Yeni üzüm sortlarını öyrənərək burada da yetişdirə bilərik. Heyvandarlıq sahəsində də bu ölkə ciddi nailiyyətlərə imza atıb. Bütün bu məsələlər ətraflı şəkildə araşdırılmalı və öyrənilməlidir. Kadrlarımızın Fransa təcrübəsini öyrənməsi üçün şərait yaradılmalıdır”. 

Şəbnəm Mehdizadə
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964