• çərşənbə axşamı, 19 mart, 08:31
  • Baku Bakı 8°C

Çexiyanın Azərbaycanla əməkdaşlıq niyyəti yeni layihələrdə

22.07.17 10:45 896
Çexiyanın Azərbaycanla əməkdaşlıq niyyəti yeni layihələrdə
Çexiya iqtisadi əməkdaşlıq sahəsində Azərbaycana maraqlı layihələr təklif etməyi düşünür. Bunu Trend-ə müsahibəsində Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.
Səfir bildirib: "Bu ilin 5 ayı ərzində Çexiya və Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 30 faiz artaraq 431 milyon dollar təşkil edib. Belə bir dinamika təbii ki, bizi sevindirir, amma eyni zamanda etiraf etməliyik ki, bu artım Azərbaycan neftinin Çexiyaya tədarükünün artması hesabına əldə olunur. Bununla Azərbaycan Çexiyanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. Çexiya Azərbaycan üçün böyük bazarlardan biridir və bunun hesabına Azərbaycan büdcəsinə 1 milyard dollar həcmində maliyyə vəsaiti daxil olur”.
Onun sözlərinə görə, Çexiya kənd təsərrüfatı, xüsusən, heyvandarlıq, balıqçılıq, toxumçuluğun inkişaf etdiyi qabaqcıl dövlətlərdən biridir və bu sahədə Çexiya Azərbaycana maraqlı əməkdaşlıq layihələri təqdim edə bilər.
Səfir vurğulayıb ki, çexiyalı sahibkarlar Azərbaycanda iş təcrübəsinə malikdirlər və bunun davam etməsində maraqlıdırlar, necə ki, Azərbaycan sahibkarları Çexiya ilə əməkdaşlıqda maraqlıdırlar.
Diplomatın sözlərinə görə, Azərbaycanda texnoloji parkların yaradılması prosesi də Çexiya sahibkarlarında böyük maraq oyadır.
Səfir deyib: "Azərbaycanda bizneslə bağlı bütün lazımi informasiyanı Çexiya şirkətlərinə çatdırmaq üçün bizim səfirlik Azərbaycan İqtisadiyyat Nazirliyi və AZPROMO ilə sıx əməkdaşlıq edir”
Diplomat həmçinin Çexiyada Azərbaycan sərmayədarları üçün yaxşı imkanların olduğunu vurğulayıb: "Çexiyada heç şübhəsiz Azərbaycan sərmayədarları üçün böyük potensial var və indi bunun üçün əsl zamandır. Bizim iqtisadiyatımız sürətlə artır, 2015-ci ildə biz Aİ-də sürətlə inkişaf edən iqtisadiyata malik ikinci dövlət olmuşuq. Çexiya Azərbaycan investorları üçün ölkədə müxtəlif investisiya imkanları barədə yenilənmiş mükəmməl informasiya təqdim etməyə hazırdır”.
O bildirib ki, heç şübhəsiz infrastruktur layihələri Çexiya-Azərbaycan əməkdaşlığının ən uğurlu nümunəsidir: "Çexiyanın aparıcı şirkətlərindən biri olan "Moravia Steel” yalnız Bakı-Tbilisi-Qars layihəsində iştirak etmir, artıq bu ilin əvvəlindən "Şimal-Cənub” dəmir yolunun Azərbaycan hissəsinin modernləşdirilməsi layihəsində də işləyir.
Səfir qeyd edib ki, məhz infrastruktur layihələri hesabına Çexiya Azərbaycana yatırılan 10 böyük investisiya siyahısına daxil olub.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, Çexiya və Azərbaycan arasında 2017-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi 201,011 milyon dollar təşkil edib.
banner

Oxşar Xəbərlər