• cümə, 26 Aprel, 04:44
  • Baku Bakı 16°C

Ermənilər Nikolu linç etməklə hədələyirlər

20.11.20 18:30 533
Ermənilər Nikolu linç etməklə hədələyirlər
Paşinyanı Çauşeskunun taleyi gözləyir
44 günlük müharibədən sonra biabırçı məğlubiyyətlə üzləşən Ermənistan bu gün sözün əsl mənasında fəlakət yaşayır. Qarşılıqlı ittihamlar, həbslər, etiraz aksiyaları artıq adi hal alıb. İş o yerə çatıb ki, ən ali rəhbərlikdə təmsil olunmuş şəxslər dövlətin bütün hərbi sirlərini ortaya qoyur, ən əsası döyüşlər başlayandan sonra fərarilik hallarının pik həddə çatdığını açıq şəkildə bildirirlər. Onların bu etirafları erməni cəmiyyətində yaşanan bədbinliyi daha da gücləndirmiş olur. Erməni vətəndaşı illər uzunu onların beyninə yeridilən "erməni ordusunun məğlubedilməzliyi” mifinin 44 gün içində necə puç olduğunu görür. Ölkə prezidenti İlham Əliyevin ifadə etdiyi kimi, artıq erməni məğlubedilməzliyi yoxdur. Azərbaycanın müzəffər ordusu ermənilərin illər uzunu yaratdıqları mifi cəmi 44 gündə məhv etdi. Havadarları olmasaydı, bir dövlət kimi məhv olmaqla üzləşəcəkdilər. Bir sözlə, 200 illik saxtakarlıq və riyakarlıq tarixinin yekunu olan 44 günlük savaşda Ermənistan bu gününü və yaxın gələcəyini uduzmuş durumdadır.

Nikolun repressiv addımları effekt verəcəkmi?

Belə bir durumda baş nazir Nikol Paşinyan əlində olan inzibati-siyasi rıçaqlardan istifadə edərək öz rəqiblərinə qarşı sözün əsil mənasında repressiya həyata keçirir. Parlamentdə əsas müxalifət partiyası olan "Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri hazırda həbsxana həyatı yaşayır. Həmçinin, milliyyətçi "Daşnaksütyun” Partiyasının bir sıra rəhbər şəxsləri də həbs olunub. Paşinyan ona yönəlik hər hansı tənqid səsləndirən siyasiləri dərhal sərt siyasi təzyiqlərə məruz qoyur, yaxud da həbs etdirir. Vəziyyət hətta o həddə çatıb ki, Paşinyanın təmsil olunduğu düşərgədə belə, ona qarşı dayanan qüvvələr ortaya çıxıb. Belə ki, Paşinyanın son bəyanatlarından sonra onun blokunda yer alan 5 deputat istefa verib. Bundan başqa, xarici işlər naziri Zohrab Mnatsakanyan Paşinyanın Şuşa ilə bağlı bəyanatını təkzib etdiyi üçün istefaya göndərildi. Paşinyanın öz müavini də istefa verərək, vəzifəsindən uzaqlaşıb. Eləcə də müdafiə naziri David Tonoyan da istefa verib. Tonoyanın yerinə Paşinyanın müşaviri Vaqarşaq Arutyunyanın təyin olunub.

"Joxovurd” qəzeti yazır ki, Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir. Qeyd olunur ki, hakim partiya vəzifədən gedəcək şəxslərin yerinə yeni kadrlar axtarır. Mövcud durumu Ermənistan prezidentinin keçmiş müşaviriTiqran Abramyan gözəl izah edib. O, sosial şəbəkədəki səhifəsində yazıb ki, müharibənin bitməsi Ermənistanın süqutunun başlanğıcıdır. Qarabağdakı məğlubiyyətlər Ermənistanın son problemi deyil. "Ermənistanın işğal etmiş olduğu ərazilərə nəzarəti itirməsinin müharibəyə son qoyacağına dərindən inananlar ciddi səhvə yol verir. Problemlərimiz hələ yeni başlayır”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyi sual altındadır. Hesab edir ki, Ermənistanı çox pis ssenarilər gözləyir. O bildirib ki, Paşinyan "Yerkrapah” institutunu sıradan çıxarıb, generaliteti korlayıb, "xalq ordusu”nu məhv edib. "Nikolun iki variantı var, ya kişi kimi deyirlər, insanlar, bağışlayın, yanılmışıq, biz əslində təmsil etdiyimiz yerdə olmalı olan insanlar deyilik, siz aldanmısınız, bizə inanmısınız, bizə təhlükəsizlik zəmanəti verin və biz uzaqlaşacağıq, ya da Çauşevski kimi tarixə xainlər kimi düşəcəklər, başqa variant yoxdur”, - deyə o bildirib. Əlavə edib ki, Ermənistan hökuməti yalan danışıb, yalan danışmağa davam edir və faktiki olaraq saxta təbliğatdan, onun nəticələrindən hələ də imtina etmir. Onun sözlərinə görə, hakimiyyət büdcənin idarə edilməsində də ciddi uğursuzluğa düçar olub. "Nikolun hakimlik saatı artıq Ermənistanın ziyanına işləyir”, - deyə sabiq müşavir fikrini tamamlayıb.

Vətəndaş müharibəsi reallaşır

Paşinyan isə nəyin bahasına olursa-olsun, öz kreslosunu qoruyub saxlamaq niyyətindədir. O, bundan ötrü istənilən repressiv addımı atmağa hazır görünür. Bu isə ondan xəbər verir ki, yaxın gələcəkdə Ermənistanda ciddi vətəndaş qarşıdurmasının ortaya çıxması labüddür. Söz və mətbuat azadlığının boğulduğu, müxalif siyasi liderlərin həbs olunduğu ölkələrdə adətən dərin qütbləşmələr ortaya çıxır ki, bu da sonda vətəndaş müharibəsi ilə nəticələnir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, adını insan hüquqlarını müdafiə təşkilatları qoyan bir sıra beynəlxalq qurumlar bütün bu baş verənlər qarşısında susmağa üstünlük verirlər. "Human Rights Watch”, "Amnesty İnternational" kimi beynəlxalq təşkilatlar hələ də Ermənistanda baş verən hadisələrə münasibət bildirməyiblər.

"Heç kim bizi sevmir”

Erməni politoloq Suren Sarkisyanun ölkənin bu duruma düşməsinin səbəbləri ilə bağlı açıqlaması isə daha maraqlıdır. O, yazıb ki, Ermənistan hazırlanmış xarici siyasətə və çevik diplomatiyaya, yaxud təhlükəsizlik strategiyasına sahib olmayıb: "Heç kim bizi sevmir (nə Merkel, nə Makron, nə kanadalı, nə də yunan və ya amerikalı). Sevmək siyasi kateqoriya deyil. Hamı bizə öz şəxsi geosiyasi maraqları prizması ilə (bizim heç kimi sevmədiyimiz kimi) baxır. Heç kim bizə borclu deyil. Heç kim bizə kömək etməyə borclu deyil, heç kimin alnına döymə edilməyib ki, bizə maliyyə yardımı göstərməlidir (məsələn, amerikalının və ya Aİ-nin alnına belə bir şey yazılmayıb). Üç rəngli corab, qalstuk, öpüş, selfi, şar beynəlxalq siyasətdə məsələ həll etmir”, - deyə Sarkisyan qeyd edib. O əlavə edib ki, müharibədə məğlubiyyətin vacib səbəblərindən biri Artsrunun ictimaiyyətə verdiyi yanlış məlumatlar idi. "Amma Artsrun tək deyildi, "Bizimkilər Cəbrayılın bütün mövqelərini geri qaytarıblar”, "Bunkerdə 100 erməni əsgərini sağ tapıblar” tipli sosial şəbəkələrdə yanlış məlumat yayan "piyada” Müdafiə Nazirliyinin nümayəndə "artilleriya”sını arxadan dəstəkləyirdi. Bu arxa cəbhə piyadası hökumətin "İctimai əlaqələr və informasiya mərkəzi” adlanan dövlət qeyri-kommersiya təşkilatının rəhbəri idi”, - deyə o qeyd edib.

Parlamentin deputatı Arsen Culfalakyan öz "facebook” səhifəsində yazıb ki, ardıcıl şəkildə bütün dövlət sistemi dağılır və ən təhlükəlisi Müdafiə Nazirliyidir. O qeyd edib ki, hətta nəticələr haqqında düşünmək belə qorxudacaq. "Kapitulyasiyadan təxminən 10 gün keçib, hələ heç kim, təkrar edirəm, heç kim cəzalandırılmayıb. Faktiki olaraq bundan belə bir nəticəyə gəlmək olar ki, səhvlər olmayıb. Baş verənlər sadəcə absurddur (çox yumşaq desək)”, - deyə erməni deputat qeyd edib.
Yeri gəlmişkən, erməni mətbuatı yazır ki, N.Paşinyanın istefasını tələb edənlərə qarşı onun hakimiyyətini qoruyub saxlamaq üçün istifadə etmək məqsədilə Ermənistan hökumətinin bağ evlərində müəyyən şəxsləri silahlandırırlar. Noyabrın 18-də Respublika meydanında saat 18:00-da toplaşanlar "Ni-kol, baş nazir” deyə qışqırırdılar. "İnqilab keşikçiləri” adlananlar, hansısa anlaşılmaz forma geyinmiş şəxslər orada olublar, hamısı sərxoş halda olub.

"Hraparak” nəşri yazır ki, onun uzaqlaşmasından sonra polis Ermənistanda hərbi vəziyyət olduğunu xatırlayıb, xəbərdarlıq etməyə başlayıb ki, toplanışlar qadağan edilib. "Bu gün 225.1-ci maddə ilə bu şəxslərə, o cümlədən Nikol Paşinyana qarşı cinayət işi açılacağını gözləyirik”, - deyə nəşr qeyd edib.
Erməni politoloq Hrant Melik-Şahnazaryan noyabrın 19-da Ermənistanın hökuməti qarşısında Paşinyanın tərəfdarlarının mitinqinin keçirilməsinə toxunaraq yazıb: "Nikolun tərəfdarlarının mitinqini gördünüz? Nikolu kimlərin dəstəklədiyini gördünüz? "Tutakner”də postları saxlamış insanlar. Qardaşları indiyə qədər Hadrutda olan insanlar. Şuşanın hətta bir əsgərin qanına dəymədiyinə əmin olan insanlar. Kapitulyasiya üçün əsgər geyimi ilə Nikola təşəkkür bildirən insanlar”, - deyə Melik-Şahnazaryan qeyd edib.

Beləliklə, hərbi xuntanın gələcəyi yaxşı heç nə vəd etmir. Düzdür, Nikola qarşı etirazlar səngiməsə də, görünən odur ki, baş nazir istədiyini hələ də reallaşdırır. Ona qarşı müxalif olan şəxsləri həbsə atmağa müvəffəq olur, özünümüdafiə aksiyaları keçirir. Nə qədər davam gətirəcək - bəlli deyil. Görünən odur ki, hələ ki, onu əvəz edə biləcək lider ortaya çıxmayıb. Heç kim kapitulyasiya məsuliyyətini öz üzərinə götürmək istəmir. Bu səbəbdən də hələ bir müddət Paşinyanın hakimiyyətdə qalması gözləniləndir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər