“Erkən nikahlar əksər hallarda valideynin təsiri ilə baş verir”
"Ailə” Sosial
Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə "Regionlarda məişət zorakılığı və erkən nikah
hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının
keçirilməsi” adlı layihə həyata
keçirəcək.
Layihənin məqsədi regionlarda məişət zorakılığı və erkən nikah
hallarının baş vermə səbəbləri, onların fəsadları, buna qarşı mübarizə yolları,
milli və beynəlxalq hüquqi aktlarda, o cümlədən, Ailə və Cinayət
Məcəllələrində, "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanununda, BMT-nin "Qadınlara qarşı zorakılığın aradan
qaldırılması haqqında” Bəyannaməsində, habelə digər mühüm əhəmiyyət kəsb edən sənədlərdə
təsbit olunmuş müddəalarla bağlı ictimai maarifləndirmə tədbirləri
keçirilməsini təşkil etməkdir.
Layihənin
icrası məqsədilə Kürdəmir, Ucar, Masallı və Cəlilabad rayonlarında qadınlar,
kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə
hər rayon üzrə maarifləndirmə tədbirləri keçirilməsi nəzərdə tutulub. İlk
tədbir Kürdəmir rayonunda keçirilib.
Tədbiri giriş
sözü ilə açan "Ailə” Sosial Araşdırmalar
İctimai Birliyi sədri Gülnarə Şəbiyeva öz çıxışında layihənin məqsədi,
vəzifələri, bu istiqamətdə görülən işlər haqqında məlumat verib və layihənin
icrasına dəstək göstərdiyinə görə Şuraya, tədbirin təşkilinə şərait yaratdığına
görə isə Kürdəmir Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
Kürdəmir
rayon İcra Hakimiyyətinin başçısının müavini Vəsilə
Əsgərli tədbirdə mövzunun aktuallığını qeyd edərək, rayonda məişət
zorakılığı və erkən nikahla mübarizə ilə bağlı görülən işlər barədə məlumat
verib.
Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova
tədbirdə çıxış edərək ölkəmizdə insan
hüquqlarının təmini, qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi, məişət
zorakılığının qarşısının alınması sahəsində görülən işlər, "Məişət
zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının
Qanunu”nun icrası vəziyyəti, bu sahədə dövlət qurumları tərəfindən həyata
keçirilən tədbirlər haqqında məlumat verib.
Çıxışlarda
ailə dəyərlərinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, qorunub
saxlandığı bildirilib və bu dəyərlərin yad təsirlərdən qorunmasının zəruriliyi
vurğulanıb. Xüsusilə məişət zorakılığının qadın və uşaqlar arasında törətdiyi
fəsadların əslində milli-mənəvi dəyərlərimizə yad olduğu diqqətə çatdırılıb.
Habelə
çıxışlar zamanı erkən nikahın fəsadlarından bəhs edilib və qeyd olunub ki, bu
cür hallar əsasən valideynlərin təsiri ilə baş verir. Çünki yetkinlik yaşına
çatmayan qızların təfəkkürü kifayət qədər formalaşmadığından onlar düzgün seçim
barədə qərar verə bilmirlər. Erkən nikah əslində böyük məsuliyyətsizlikdir və
qızların psixologiyasına mənfi təsir göstərir. Onların ailə məsuliyyətini, ailə
"yükünü” öz zərif çiyinlərində daşımağa sadəcə olaraq gücləri çatmır.
Bildirilib
ki, qadın hüquqlarının müdafiəsi, onların idarəetməyə cəlb olunması ümummilli
lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə diqqət mərkəzində
saxlanılıb. 2011-ci ildə isə Milli Məclis Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə
əlavə və dəyişikliklər edərək qadınlar üçün nikah yaşını 18 yaş müəyyən edən və
qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq
normalar qəbul edib. Dövlətimizin başçısının 2011-ci il 24 noyabr tarixli
Fərmanına əsasən "Məişət zorakılığının qarşısının alınması haqqında”
Qanunun icraçını təmin edən qurumların səlahiyyətləri müəyyən olunub və yeni
normativ sənədlər qəbul edilib.
Diqqətə
çatdırılıb ki, son vaxtlar insan alverinə şərait yaradan sosial problemlərin
aradan qaldırılması üzrə Proqrama əsasən, qadın alverinə səbəb olan erkən
nikahlar, məişət zorakılığı, işsizlik və sair kimi sosial problemlərin həlli
istiqamətində konkret tədbirlər həyata keçirilib. Bundan əlavə, Nazirlər
Kabinetinin 2011-ci il 19 dekabr tarixli qərarı ilə "Məişət zorakılığı ilə
bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” təsdiqlənib. Məişət
zorakılığı ilə bağlı məlumat bankında məlumatların toplanması və
konfidensiallığı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən
təmin olunur.
Tədbirdə iştirakçıların
sualları cavablandırılmış, mövzu üzrə fikir mübadiləsi aparılmış və bir sıra
təkliflər səsləndirilib.