• cümə, 26 Aprel, 17:27
  • Baku Bakı 23°C

Əmək bazarının dil tələbi

11.11.17 16:00 3231
Əmək bazarının dil tələbi
Xarici dil öyrənməyə çalışanların, dil kurslarına müraciət edənlərin sayı artıb desək, yanılmarıq. Bəs bu xarici dil biliyi niyə vacidbir? Mədəniyyətlərarası əlaqələr və fərqli dünyagörüşlərini anlamaq, elm üfüqümüzü genişləndirmək, intellektual səviyyəmizi artırmaq, yaradıcı düşünmə qabiliyyətimizi yüksəltmək, xaricə səyahət və təhsil imkanlarımıza zəmin hazırlamaq, bu günün və gələcəyin qlobal iqtisadiyyatında rəqabət apara bilmək, həmçinin iş tapmaq şansımızı artırmaq üçün xarici dilləri bilmək çox önəmlidir.Sonuncu arqument bəlkə də ən əsasıdır. Belə ki, xarici dil biliyi əmək bazarında ən çox önəm verilən və tələb olunan nüanslardan biridir. Belə ki, işə qəbul üçün gedəndə, bəzən ali təhsil səviyyəsindən öncə dil biliyini soruşurlar. Əksər iş elanlarında xarici dil biliyi əsas şərt kimi qoyulur. Buna görə də vaxtı, imkanı yetən gənclər müxtəlif dilləri öyrənməyə çalışırlar.
Xarici dil biliyinin olmasının üstünlüklərini, son dövrlər hansı dillərə marağın artdığını və dil kurslarının qiymətlərini öyrənməyə çalışdıq.
"Kaspi” Təhsil Mərkəzinin Dil proqramları üzrə rəhbəri Xalidə İsayevason dövrlər rus və alman dilləri üçün müraciət edənlərin sayının artdığını deyir: "İngilis dili, təbii ki, həmişə olduğu kimi, öz aktuallığını qoruyub saxlayır, amma bununla yanaşı, rus və alman dillərinə də maraq artıb. Alman dilinə marağın artması xaricdə təhsil almaqla bağlıdır. Bizim dil kurslarının qiymətlərində son dövrlər demək olar ki, bir dəyişiklik yoxdur. Yəni dil kurslarına maraq nə qədər artsa da, qiymətlərdə bir dəyişiklik etməmişik. Xarici ölkəyə səfər zamanı dil bilgisi əsas şərtlərdən biri olur. Ona görə də hazırda bir çox insan bu səbəbdən ilk olaraq ingilis dilini, sonra isə digər dilləri öyrənməyə çalışır”.
"Uğur-N” tədris mərkəzinin rəhbəri Nuranə Məmmədhüseynova da bildirdi ki, tələbat olan əsas xarici dil kimi ingilis, sonra rus və alman dilləri üstünlük təşkil edir: "Almaniyada təhsil pulsuz olduğu üçün gənclər alman dilini öyrənməyə daha çox can atırlar. Qiymətlərimiz də stabildir. Rus dili kursumuz qrupda 50, fərdi olaraq 80, ingilis dili qrupda 60, fərdi 90 manatadır. Amma alman dili bir az bahadır. Onun qrupu 70, fərdisi isə 110 manatdır. Alman dili ona görə belə bahadır ki, bu dil üzrə kadr tapmaq çətindir. Yəni hazırda ingilis və rus dili müəllimi çoxdur, amma alman dili müəllimi azdır. Bu gün istənilən CV-yə ilk olaraq ingilis dili, sonra rus dili yazılır. Hazırda bu dillərə tələbat böyükdür. Bundan başqa, ərəb dili üçün də müraciət edənlər olur. Bu isə son dövrlər ölkəmizə axın edən ərəb turistlərlə bağlıdır”.
PSG Management systems şirkətində İnsan Resurslarının İdarəedilməsi üzrə məsləhətçi Taleh Qasımov deyir ki, xarici dil bilmək, şübhəsiz, üstünlükdür. Xüsusən də qloballaşan dünya şəraitində bu həm işə qəbul imkanlarını genişləndirir, həm də insanın ünsiyyət imkanlarını, dünyagörüşünü gücləndirir: "Bir çox hallarda dil biliyi işə qəbul zamanı əsas tələb kimi qoyulur. Bu daha çox vakansiya elan edilmiş vəzifənin öhdəliklərindən asılıdır. Misal üçün, xarici şirkətlərlə danışıqların aparılması, xarici əməkdaşlarla işgüzar görüşmələr, yazışmalar və s. Müəssisənin sahibi və idarəedici heyətinin əksəriyyəti xaricilərdən ibarət olduqda, təbii ki, işə götürülən şəxsdən dil biliyi tələb olunacaq. Tutaq ki, təşkilat xarici ölkədən mal idxalı ilə məşğuldursa, bu halda müəssisəyə işə götürüləcək loqistika üzrə mütəxəssisin həmin qurumun işlədiyi xarici ölkənin dilini bilməsi vacibdir. Ümumiyyətlə dil bilikləri konkret biznesin tələblərinə uyğun olmalıdır. Yəni həmin dil biliyi üzrə işə qəbul tələbi qoyulursa, bu bilavasitə konkret bir layihə, fəaliyyət, biznes prosesin tələbinə əsasən olmalıdır. Əks halda, işəgötürənlər özlərinin savadlı kadr cəlb etmə imkanını məhdudlaşdırırlar. Xarici dilin, xüsusən də rus dilinin işə qəbul tələbi kimi qoyulması bəzən ancaq müəssisə daxilindəki mühitin və ya sahibkarların, menecmentin rusdilli olması ilə bağlıdır”.
"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev deyir ki, gənclər ilk növbədə ana dilimizi yaxşı bilsinlər, sonra bacardıqları qədər xarici dil öyrənsinlər: "Turizm elə sahədir ki, burada bütün işlər əsas etibarilə xariclə bağlıdır. İstər gələn, istər gedən turistlərlə işləmək üçün dil bilgisi vacibdir. Ona görə də biz işçiləri qəbul edəndə, ilk növbədə bir-iki dil bilənlərə üstünlük veririk. Çünki əməkdaşlıq etdiyimiz şirkətlər xaricidir. Yəni heç olmasa, rus və ingilis dilini 70 faiz bilmələri vacibdir. Təbii ki, əlavə dillər bilmək insanın gələcək karyerası üçün çox əhəmiyyətlidir. Xarici dil biliyi olan şəxs dünyanın hansı ölkəsinə getsə, özünə iş tapa biləcək. Nəinki Azərbaycanda, dünyanın istənilən turizm şirkətində və ya otelində işləmə şansı olacaq. Nəzərə alsaq ki, Azərbaycan getdikcə turistlərin ən çox gəldiyi ölkəyə çevrilir, bu baxımdan da ölkəmizdə xarici dilləri öyrənməyə can atanlar çoxalıb”.
Günel Azadə
banner

Oxşar Xəbərlər