• cümə, 26 Aprel, 17:00
  • Baku Bakı 23°C

Ekspertlərdən Mərkəzi Banka təklif

26.07.13 10:12 1639
Ekspertlərdən Mərkəzi Banka təklif
Bir müddət əvvəl Mərkəzi Bankdan dövriyyəyə 1 manatlıq dəmir pulların buraxılması ilə bağlı ideyanın olduğu ictimaiyyətə açıqlandı. Bunun ardınca ekspertlərdən müxtəlif təkliflər gəlməyə başladı. Bir sıra iqtisadçılar eyni zamanda dövriyyəyə 2 manatlıq dəmir pulların buraxılması təklifini səsləndirdi. Digər qrup ekspertlər isə hesab edirlər ki, Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı, 2 manatlıq əsginasın dövriyyəyə buraxılması üzərində düşünməlidir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, Azərbaycanda 1 manatlıq sikkələrə keçməyin vaxtı çoxdan çatıb: “Hökumət 2008-ci ildən başlayaraq bu addımı atmalı idi. Çünki bütün dünyada sınaqdan çıxmış təcrübədir ki, metal pulların ömrü kağız pullarla müqayisədə dəfələrlə çox olur”.
S.Əliyev hesab edir ki, insanlarda puldan istifadə mədəniyyəti hələ tam formalaşmayıb: “Kağız pulları pul qabına qoymaq əvəzinə cibdə səliqəsiz şəkildə saxlayırlar. Mən hələ şəhər nəqliyyatında sürücülərin 1 manatlıq əskinasları büküb avtobusun dəlmə-deşiklərinə soxmaqlarını demirəm. Nəticədə düzgün istifadə olunmayan kağız pullar cırılmağa, əzilməyə məruz qalır. Biz dövriyyədə kifayət qədər “skoç”lu manatlıqlara rast gəlirik”.
İqtisadçı ekspert diqqəti metal pullara yönəldərək Azərbaycanda da onların tətbiqinə ehtiyac olduğunu bildirib: “Hazırda dünyada valyutası Azərbaycan manatının məzənnəsinə yaxın olan Avropa Birliyi, Böyük Britaniya və s. kimi ölkələrdə 1 nominallı pullar sikkə şəklində buraxılır. Xatırlayırsınızsa, sovet dövründə də 1 rubl həm kağız, həm də sikkə şəklində tədavülə buraxılmışdı. Təbii ki, paralel olaraq eyni nominaldan olan kağız və dəmir pulların işləməsi müəyyən çətinliklər yaradır. İnsanlar kağız pula daha çox üstünlük verirlər. Ən azı sikkəni cibdə gəzdirmək insanda müəyyən rahatsızlıq yaradır. Ancaq buna baxmayaraq Mərkəzi Bank sikkələrə keçidə start verməlidir. Əks halda, tez-tez kağız pul çap etdirməli olacaq”.
Ekspertin fikrincə, valyuta dəyərdən düşdükcə ondan istifadə sürəti artır və daha tez-tez aşınmaya məruz qalır. “Bunun üçün aşağı nominallı pulları sikkə şəklində buraxırlar. Dəmir pulun yaradacağı problem bankomatlarla bağlı ola bilər. Çünki bankomatlar ancaq kağız pul üçün nəzərdə tutulub. Bu o deməkdir ki, pensiyaçılar və sosial müavinət alan şəxslər pullarını bankomatdan tam götürə bilməyəcəklər. Bankomatlarda ən azı 4 manata qədər pul qalacaq”. S.Əliyev çıxış yolu olaraq yeni əsginasların buraxılmasını təklif edir: “2 manatlıq əskinasların tədavülə buraxılması bankomatlarda xırda pulun götürülməsi zamanı ortaya çıxa biləcək problemi önləyə bilər. Digər tərəfdən bu gün 1 manatlıq əskinasdan sonra 5 manatlıq gəlir. Bu isə ödəniş zamanı problemlər yaradır. Xüsusilə də şəhərarası nəqliyyatda belə problemin canlı şahidi oluruq. Dünya təcrübəsində də 2 nominallı metal pullar mövcuddur. Məsələn, 2 avro, 2 funt və s.. Hətta sövet dövründə 3 rubl nominalında əsginaslar tədavüldə olub. Buna görə də Mərkəzi Bank 1 manatlıq sikkələri buraxmaqla yanaşı, yeni 2 manatlıq əsginasın və dəmir pulun buraxılması üzərində düşünməlidir”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə hesab edir ki, 2 nominallı dəmir pula ehtiyac yoxdur: “Dəmir manatlığın dövriyyəyə buraxılmasını Mərkəzi Bank alış-verişin asanlaşdırılması ilə izah edir. Adətən kağız pullar dövriyyədə tez xarab olub sıradan çıxır. O baxımdan dəmir pullar daha məqsədəuyğundur. Amma mən 1 manatdan artıq dəmir pulların dövriyyəyə buraxılmasının tərəfdarı deyiləm. İndiki halda ən iri nominallı dəmir pulun 1 manatlıq olması məqsədəuyğundur. Çünki dövriyyəyə iri nominallı dəmir pulların buraxılması pulun alıcılıq qabiliyyətinin düşməsinə gətirib çıxara bilər. Bu, pulun alıcılıq qabiliyyətinə psixoloji təsir göstərər. Avropa Birliyində 2 manatlıq dəmir pul istifadə olunur. Amma nəzərə almaq lazımdır ki, AB-də pulun işlənmə dairəsi genişdir. Eyni zamanda, AB-də istehlak bazarında qiymətlər əməkhaqqının səviyyəsinə uyğun olaraq müəyyənləşir. Bu baxımdan 2 avro dəmir pulun dövriyyəyə buraxılması birlik ölkələrində qiymətlərin kəskin dəyişməsinə gətirib çıxarmır. Çünki onsuz da həmin ölkələrdə əməkhaqları və qiymətlər, buna paralel olaraq da alıcılıq qabiliyyəti yüksəkdir. Azərbaycanda isə alıcılıq qabiliyyəti və ortaaylıq əməkhaqqı AB ilə müqayisədə 4 dəfə azdır. Belə olan halda 2 manatlıq dəmir pulların buraxılması pulun alıcılıq qabiliyyətinə birmənalı şəkildə ciddi psixoloji təsir göstərəcək və qiyməti aşağı olan məhsulların bahalaşmasına, infilyasiyaya səbəb olacaq. Həmçinin nəzərə alaq ki, Azərbaycan manatının işlənmə dairəsi də məhduddur”.
Ümumiyyətlə, 1 manatlıq dəmir pulun da dövriyyəyə buraxılmasının tərəfdarı olmadığını deyən V.Bayramov bildirdi ki, MB bu qərarı qəbul edərsə, o zaman 1 manatlıq dəmir pulla 5 manatlıq kağız əskinasın arasında xeyli fərq yaranmış olacaq və bu da yeni nominallı əskinasa ehtiyac yaradacaq: “Digər ölkələrin təcrübəsini nəzərə alsaq, 2 manatlıq əskinasın dövriyyəyə buraxılması daha məqsədəuyğundur. Amma eyni zamanda, 2 və 3 manatlıq əskinasların dövriyyəyə buraxılması pul dövriyyəsinin əskinaslarla şişməsinə gətirib çıxara bilər. Bu baxımdan əgər 1 manatlıq dəmir pullar dövriyyəyə buraxılırsa 2 manatlıq əskinasların da dövriyyəyə buraxılması məqsədəuyğundur”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər