• çərşənbə axşamı, 19 mart, 11:32
  • Baku Bakı 8°C

"Ekran və efirdə ədəbi dil normaları” mövzusunda təlim keçirilib

24.11.17 14:50 1108
"Ekran və efirdə ədəbi dil normaları” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən "Ekran və efirdə ədəbi dil normaları” layihəsi davam edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlərin iştirakı ilə keçirilən mühazirələr və təlimlər televiziya verilişlərinin yayım şirkətlərinin əməkdaşları olan dinləyicilərin böyük marağına səbəb olur. Növbəti tədbirlər Tovuz rayonunda gerçəkləşib.
AMEA-nın Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva "Telekanallarda üslub xətalarının aradan qaldırılması” mövzusunda Tovuzun "ARB24 Xəbər” televiziyasında təlim keçib. Alim dinləyicilərə üslub yanlışlıqlarının təkrarlanmaması üçün konkret tövsiyələrini çatdırıb, fikirlərini nümunələrlə əsaslandırıb.
AMEA Dilçilik İnstitutu Monitorinq şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Qazıyeva "Terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalardan efirdə şifahi və yazılı formada istifadə qaydaları” mövzusunda apardığı təlim maraqla qarşılanıb.
Alimlər televiziya işçilərinə ekran və efirdə ədəbi dil normalarının qorunması ilə bağlı lazımı materiallar təqdim ediblər.
Layihə çərçivəsində digər görüşlər Tovuz Mərkəzi Kitabxanası və Gənclər Evində keçirilib. N.Qazıyeva kitabxanada gənclərə mütaliə mədəniyyətinin insan düşüncəsinin inkişafındakı rolundan bəhs edib, dilin daha dəqiq mənimsənilməsi və fikirlərin daha düzgün çatdırılması baxımından bədii mütaliənin önəmindən söz açıb.
Gənclər Evində keçirilən görüşün qonağı Dilçilik İnstitutunun şöbə müdiri S.Əliyeva olub. Gənclərlə ünsiyyət açıq müzakirə formasında qurulub. Alim şifahi nitq zamanı üslub xətalarının aradan qaldırılması yollarını göstərib.
Xatırladaq ki, Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən "Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində ilk təlimlər "Xəzər" televiziyasında aparılıb.
banner

Oxşar Xəbərlər