AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Ehtiyatımız kifayət qədərdir”

“Ehtiyatımız kifayət qədərdir”

İqtisadiyyat
18 Mart 2020, 18:07 1356
Ekspertlərin fikrincə, Azərbaycanda ərzaq qıtlığı gözlənilmir
 
Dünyada koronavirus təhlükəsinin olduğu bir zamanda bütün mümkün preventiv tədbirlər həyata keçirilir. Lakin bəzən bu addımlar əsassız ajiotajın yaranmasına gətirib çıxarır. Belə ki, bu günlərdə ABŞ-da, Avropada, eləcə də Rusiya kimi böyük dövlətlərdə koronavirus təhlükəsi ilə əlaqədar olaraq insanlar kütləvi şəkildə mağazalara axışır. Uzun-uzadı növbələrin ardınca isə mağazalarda boş piştaxtalar qalır.
Azərbaycanda da bu virusun yayıldığı heç kimə sirr deyil. Lakin aparılan müşahidələr onu göstərir ki, ölkə əhalisi bu təhlükənin qarşısında o qədər də təşvişə yol vermədi. Hətta koronavirus təhlükəsi ilə yanaşı, bu günlərdə əhalinin Novruz bazarlığı etməsini də nəzərə alsaq, bütün ticarət mərkəzlərində kifayət qədər ərzaq və digər məhsulların olduğunu görürük.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, ərzaq balanslarının təhlili onu göstərir ki, ölkədə ərzaq bazarında vəziyyət qənaətbəxşdir. Ölkəmizdə özünütəminetmə səviyyəsi tərəvəz üzrə 112 faiz, bostan məhsulları üzrə 100,8 faiz, meyvə və giləmeyvə üzrə 123,1 faiz, ət və ət məhsulları üzrə 82,5 faiz, yumurta üzrə 101,8 faiz, süd və süd məhsulları üzrə 86,2 faiz, duz üzrə 111,4 faiz və çörək və çörək məmulatları üzrə 100 faizdir. Bütün növ ərzaq məhsulları üzrə ehtiyatlarımız kifayət qədərdir. Ölkəyə məhsulların, o cümlədən ərzaq məhsullarının gətirilməsində heç bir çətinlik yoxdur. Üstəlik, dövlətin də ərzaq ehtiyatları var ki, istənilən fors-major halda əhalinin təminatı həyata keçirilə bilər.
Məsələ ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, uzun müddətdir Azərbaycanda strateji ehtiyatlar sistemi yaradılır: "Bura, eyni zamanda ərzaq ehtiyatı da daxildir. Fövqəladə Hallar Nazirliyi tərəfindən ərzaq ehtiyatı sisteminin yaradılması bütün mümkün olan problemlərin qarşısının alınması üçün əvvəldən ciddi hazırlıqların görüldüyünü nümayiş etdirir. Əlbəttə ki, heç kəs koronavirusun nə vaxtsa yaranacağını ehtimal etmirdi. Ancaq yaranan ehtiyatlar, eyni zamanda kənardan Azərbaycana ərzaq idxalının təşkil edilməsi üçün şəraitin yaradılması bu gün hansısa qıtlığa yol vermir”.
A.Mirzəzadə qeyd etdi ki, eyni zamanda, kənd təsərrüfatının inkişafına son dövrlər göstərilən yüksək diqqət və qayğı da bir çox məhsulların Azərbaycanda istehsal edilməsinə gətirib çıxarıb: "Bu baxımdan hesab edirəm ki, Azərbaycanda ərzaq qıtlığının olması gözlənilmir”.  
İqtisadçı alim Mahir Zeynalov bildirdi ki, ABŞ-da və Avropada koronavirus təhlükəsi ilə bağlı ticarət obyektlərində ərzaq çatışmazlığı həmin ölkələrdə xəstəliyin daha təhlükəli həddə çatmasına görə ehtiyat tədbirləri ilə bağlıdır: "Hətta Ümumdünya Səhiyyə Təşkilatı Avropanı virusun yeni episentri elan edib. Həmin ölkələrin hökumətləri koronavirusun yayılmasının qarşısını almaq üçün insanları evdə qalmağa və izdihamlı yerlərdən uzaq durmağa çağırırlar, üstəlik, bütün tədbirlər təxirə salınıb, əyləncə mərkəzləri bağlanıb və s. Belə şəraitə görə insanlar bir neçə həftəlik bazarlıq edərək, vaxtlarını evdə keçirməyə üstünlük verirlər. Ancaq hələlik bu, hər hansı ərzaq böhranı demək deyil, sadəcə olaraq ehtiyat tədbirləridir. Yerli hökumətlər də biznesə müxtəlif formalarda dəstək göstərirlər ki, qıtlıq yaranmasın”.
M.Zeynalov vurğuladı ki, Azərbaycanda isə virus təhlükəsinə və əhalinin Novruz bazarlığı etməsinə baxmayaraq, heç bir ərzaq qıtlığı yaşanmır: "Bu onunla bağlıdır ki, bizdə virus təhlükəsi Avropadakı kimi pandemiya halını almayıb. İnsanlar və ticarət şəbəkələri Novruz bazarlıqlarına əvvəlcədən hazır idilər. Yerli və xarici ticarətdə heç bir məhdudiyyət yoxdur, Azərbaycan şirkətlərinin xarici əlaqələri, yükdaşımalar davam edir. Manatın məzənnəsinin sabit olması, ilk dövrlərdə müəyyən ajiotajın olmasına baxmayaraq, xarici valyutaya olan ehtiyacların ödənilməsi ölkəyə ərzaq idxalında hər hansı problem yaratmır. Üstəlik Azərbaycan Avropa ilə müqayisədə kiçik ölkədir, bizdə həm yerli istehsal, həm də idxal imkanları yerli bazarda hər hansı qıtlığın olmayacağını deməyə əsas verir. Azərbaycanda manatın kursunun sabit saxlanılacağı təqdirdə, yalnız süni qiymət artımları ola bilər ki, müvafiq hökumət qurumları da bunun qarşısını almalıdır”.
 
BƏXTİYAR