• cümə, 26 Aprel, 11:22
  • Baku Bakı 12°C

Dondurma alanda ehtiyatlı olun!

20.07.17 11:30 9940
Dondurma alanda ehtiyatlı olun!
Yayın vazkeçilməz qidalarından biri də dondurmadır. Bu gün marketlərdə istənilən qiymətdə və çeşiddə yüzlərlə dondurma məhsulu satılır. Lakin təəssüflər olsun ki, daha çox uşaqların alıb yediyi bu qida məhsullularının heç də hamısı keyfiyyətli deyil. Hətta onlardan insan orqanizmi üçün ciddi təhlükəli hesab olunanlar da var. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən istehlak bazarının qorunması məqsədilə aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan ərzaq məhsullarının ilkin laborator müayinəsi zamanı bir sıra dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib. NazirlikdənTeleqaraf.com -a verilən məlumata görə, mövcud pozuntuların daha çox istehsal mənşəli olduğu nəzərə alınaraq, qanunvericiliyin tələblərinə uyğun olaraq, İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri tərəfindən dondurma istehsal edən bir sıra sahibkarlıq subyektlərində birgə nəzarət tədbirləri həyata keçirilib və həmin müəssisələrdə istehsal edilən və satış üçün nəzərdə tutulan məhsulların müayinəsi üçün müəyyən olunmuş qaydada nümunələr götürülüb. İqtisadiyyat və Səhiyyə nazirlikləri bir daha sahibkarlıq subyektlərinə ərzaq məhsullarının istehsalı prosesində normativ texniki tələblərə, sanitariya norma və qaydalarına ciddi əməl edilməsini, məhsulların keyfiyyət və təhlükəsizlik tələblərinə uyğun olmasını təmin etməyi tövsiyə edir. Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkarlıq subyektləri barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.
Bəs görəsən keyfiyyətsiz dondurma istehsal edən müəssisələrin fəaliyyəti dayandırılacaqmı? Ümumiyyətlə, keyfiyyətsiz dondurma insan orqanizminə hansı fəsadlara yol aça bilər?
"Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirdi ki, iki il öncə adı siyahıda çəkilən dondurma müəssisələrindən birinin rəhbərinin həbs olunmasına baxmayaraq, həmin dondurmalar satışda var idi: "Bu gün xeyli istehlakçı bu barədə öz narahatlığını bildirir. Bununla bağlı xeyli telefon zəngi olur. İstehlakçılar belə məhsulların niyə satışda olduğunu soruşurlar. Əslində təhlükəli mal anlayışı partiyalı mal anlayışına aiddir. Yəni bu o demək deyil ki, onların istehsal etdiyi bütün məhsullar təhlükəli vəziyyətdədir. Hazırda ölkədə iyirmidən çox dondurma istehsalçısı var. Bu istehsalçıların arasında keyfiyyətli dondurma istehsal edən müəssisələr də var. Məsələn, 2011-ci ildə ABŞ-ın İnkişaf Agentliyi "İCE LAND” dondurmalarına qida təhlükəsizliyi nişanını verdi. Bu müəssisədə ictimai nəzarət mexanizmi mövcuddur. Lakin bununla belə, azad bazar iqtisadiyyatından sui-istifadə edən insanlar ölkədə təhlükəli dondurma istehsalı ilə məşğul olurlar. Bəzən aparılan ekspertizanın nəticələrindən də narazılıq olur. Ona görə də dövlət orqanları məhsulu ekspertizaya götürmək üçün müəyyən standartların tələbinə əməl etməlidirlər. Ekspertizaya gedən məhsul istehsalçı müəssisənin anbarında götürülməlidir. Satışdan alınan, yaxud istehsalçı müəssisənin özünün verdiyi məhsulun ekspertiza nəticəsinin heç bir hüquqi əsası yoxdur. Bütün bu problemlərin əsasında isə "Qida təhlükəsizliyi haqqında” qanunun olmaması dayanır. Ölkə prezidenti bu ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair ayrıca fərman imzalayıb və hazırda bu sahədə ciddi iş gedir. Düşünürəm ki, agentlik bu kimi problemlərə son qoyacaq”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, keyfiyyətli dondurmanın insan orqanizminə heç bir mənfi təsiri yoxdur. Əsas odur ki, məhsulun tərkibindəki məhsullar təzə olsun: "Amma dondurmalar da öz keyfiyyət tərkibinə görə digərlərindən fərqlənir. Məsələn, birinin qiyməti 20 qəpik, digəri isə 5 manatdır. Bu da məhsulun istehsal şəraitindən və tərkibindən asılıdır. Keyfiyyətsiz yağlardan və süddən hazırlanan dondurmalar insan orqanizmi üçün ciddi təhlükə mənbəyi hesab olunur. Dondurmanı daha çox uşaqların sevdiyini və yediyini nəzərə alsaq, deyə bilərik ki, bu məhsul azyaşlılar üçün ikiqat təhlükəlidir. Çünki uşaq orqanizmi böyüklərlə müqayisədə çox həssasdır. Yay vaxtı yeyilən keyfiyyətsiz dondurmalar daha da təhlükəlidir. Keyfiyyətsiz dondurma ilk növbədə insanın mədə-bağırsaq sistemini korlayır. Daha sonra zərərli qidalar mədə-bağırsaqdan qana sorulur. Bu maddələr isə qaraciyərin piylənməsinə və sıradan çıxarmasına səbəb olur. Uşaqlarda əqli gerilik, zəiflik, immunitetin aşağı düşməsinə qədər gətirib çıxara bilir. Qeyd etdiyim kimi, bədənin yayda immun sistemi daha zəif olur. Çünki yayda orqanizm çoxlu maye itirir. Bədən maye itirdiyi zaman isə mikrobların inkişafı üçün əlverişli şərait yaranır. Keyfiyyətsiz qida məhsulları orqanizmdə parazit mikroblarının sayını artırır. Bu isə müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər