Diqqət, qayğı, sevgi, təhsil...
"İki uşağım var, 3-cü haqda demək olar ki, düşünmədik
də. Çünki iki uşağı böyütməyin çətinliyi bir tərəfə, həm də onların gələcəyini
fikirləşdikcə, 3-cü uşağın olmasını istəmədik. Həm maddi, həm də fiziki cəhətdən
çətindir” – bu sözləri bizimlə söhbətində Elnarə xanım dedi.
Amma Elnarə xanım kimi düşünən bir çox cütlüklərin
olduğu zamanda Bərdədə 14-cü uşağı olan bir ailə gündəmə gəldi. Sosial şəbəkələrin
müzakirə obyekti olan xəbəri kimi xoş bir hadisə olaraq qiymətləndirdi, kimi də
indiki şəraitdə bunun o qədər də normal olmadığını yazdı.
Əslində nənə-babalarımızın vaxtında ailədə 10-15 uşaq
normal sayılırdı. Amma dövr dəyişdikcə təkcə nəsillər yenilənmir, həm də tələblər
dəyişir. Bəs tələblərin dəyişdiyi bu dövrdə 10-dan çox uşaq saxlamaq nə dərəcədə
düzgün sayıla bilər? Çünki bəzən deyirlər ki, maddi cəhətdən uşaqları təmin edə
bilərsənsə, çox uşaq saxlamaq çətin deyil. Amma problem tək maddiyyatla bitmir.
Bəs valideynlər çox uşaq dünyaya gətirmək haqqında düşünərkən hansı amilləri də
nəzərə almalıdırlar ki, gələcəkdə çətinliklə üzləşməsinlər? Ümumiyyətlə, ailə
planlaması haqda ailələrimiz nə dərəcədə məlumatlıdırlar?
"Ailə
planlaması məsələsinə xüsusi diqqətlə yanaşırlar”
Ailə, Qadın və
Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin
baş məsləhətçisi Aynur Veysəlova qəzetimizə açıqlamasında
bildirdi ki, Azərbaycanda xeyli sayda çoxuşaqlı ailələr var: "Hər bir valideyn
uşaqlara özünün gələcəyi kimi baxır. Özlərinin həyata keçirə bilmədikləri
arzulara övladları vasitəsilə çatacaqlarına əmindirlər. Hər ailədə uşaq bir
arzu aləmidir. Bu baxımdan da bizdə hər zaman çoxuşaqlı ailələr olub. İndi də 4
və ya daha çox uşaqlı kifayət qədər ailələr var. Ailələr və ailə tərkibi
haqqında ətraflı məlumat əhalinin siyahıya alınmasında öz əksini tapır. 2009-cu
ildə 4 və daha çox uşaqlı 126 700 ailə olub. Əhalinin növbəti siyahıya alınması
isə 2019-cu ildə olacaq”.
A.Veysəlova deyir ki, cütlüklər ailə planlanması məsələsinə
diqqət edirlər: "Zamanın tələbini əsas gətirib deyirlər ki, çox uşaq dünyaya gətirmək
həm fizioloji, həm də bioloji cəhətdən problemlər ortaya çıxara bilər. Yaxud da
ki, həmin uşaqların təhsili, böyümələri ilə bağlı ehtiyacların ödənilməsi məsələsi
var. Müxtəlif yanaşmalar olsa da, ailə planlaması məsələsinə xüsusi diqqətlə yanaşırlar.
Neçə uşaq dünyaya gətirmək, onları böyütmək, tərbiyə etmək, təhsil vermək
gücündə olduqlarını hesablayırlar. Hazırda bu baxımdan Azərbaycanda problem
yoxdur”.
"Komitə ailələrdə
bu istiqamətdə təbliğat işi aparır”
Müsahibimizin sözlərinə görə, çoxuşaqlı ailələr
uşağın mühitdən alacağı bir çox şeyləri özü ona verir: "Uşaqlar bir-birinin əşyasından
səliqəli istifadə etməyi, öz əşyalarının qədrini bilməyi və onları özündən
sonrakı bacı-qardaşlarına ötürməyi öyrənirlər. Bu hər bir sahədə ola bilər –
kitab, dəftər, paltar və s. Psixoloqlar da deyirlər ki, çoxuşaqlı ailələrdə
uşaqların kompleksləri az, özünə inamları çox olur, eqoist olmurlar, bölüşməyi
bacarırlar. Amma təkuşaqlı ailələrdə uşaqlar eqoist olurlar. Ailədən kənarda isə
o uşağın özgüvəni çox aşağı olur. Bu baxımdan, ailədə çox uşağın olması pis
deyil, amma yetər ki, dünyaya sağlam gətirmək, böyütmək, təlim-tərbiyə etmək
işi düzgün aparılsın. Uşağa heç olmasa orta təhsil verilməlidir. Hamı müəyyən
dünyagörüşünə, təməl biliklərə və bir peşəyə sahib olmalıdır”.
A.Veysəlova bildirdi ki, komitə ailələrdə bu
istiqamətdə təbliğat işi aparır: "Bizim komitə çalışır, ailələrdə təbliğat
işini bu yöndə qursun ki, ailələr sağlam olsun, münasibətlər sağlam qurulsun.
Dünyaya gələn övladlara sevgi ilə yanaşsınlar, valideynlik məsuliyyətini dərk
etsinlər. Çoxuşaqlılıqda ailələrimizin maraqlı olması üçün qanunvericilik səviyyəsində
də işlər görülüb. Qanunda çoxuşaqlı ailələri stimullaşdırmaq üçün 5 və daha çox
uşağı olan ailələrə müvafiq müavinətlərin verilməsi məsələsi əks olunub. Söhbət
sağlam dünyaya gələn, təlim-tərbiyəsi düzgün aparılan, tələbatları ödənilən
uşaqdan gedir. Burada söhbət çox böyük tələbatdan getmir. Minimum tələbatların
ödənilməsi vacibdir. Sağlam ailə sağlam cəmiyyətin təməlidir”.
"Məsələ yemək
və geyimlə bitmir”
Psixoloq
Gülnarə Əliyeva deyir ki, əvvəllər nənə-babalarımızın 10-15 uşağı
olardı və bu o dövr üçün normal qəbul edilirdi. Amma indi bu məsələyə fərqli
baxış var: "O zamanlar ailə planlaması deyilən bir anlayış da yox idi. Bəzən
bir ailənin 15 uşağı olardı və ondan 10-u sağ qalardı. Bu da normal qəbul
olunurdu. Bəs indiki dövr üçün bu hallar necə qəbul olunur? Günümüzdə bir
uşağın ana bətnində inkişafdan qalması həmin ailə üçün çox böyük travma olur.
Bunu anlamaq mümkündür. Zaman dəyişir, insanın ehtiyacları, təlabatları və həyat
şəraiti də dəyişir. Bir körpəni 9 ay bətndə gəzdirmək və dünyaya gətirmək
günümüzün insanı üçün həm maddi, həm də psixoloji cəhətdən çox çətindir. Amma bu
yaxınlarda TV-də çoxuşaqlı bir ailə gördük və təəccüb etdik. Əlbəttə, biz heç
kimin ailə işinə qarışa bilmərik. Lakin mən bu ailənin timsalında digər
çoxuşaqlı ailələrlə bağlı fikir yürütmək istərdim.Təbii, ekranda heç kim həyatından
narazı olduğunu etiraf etməz. Lakin ayrı-ayrılıqda həm qadın, həm kişi, həm də
uşaqlarla söhbət aparsaq, onlar üçün necə çətin olduğunu anlayarıq”.
Psixoloq deyir ki, çoxuşaqlı ailəyə sahib olmaq həm
qadın, həm də kişi üçün çox çətindir. Bunlarla yanaşı, uşağa sevgi verilməsi məsələsinə
diqqət edilməlidir: "Ata ailə başçısıdır və ailəni dolandırmaq, uşaqları yemək
və geyimlə təmin etmək onun öhdəsindədir. Ancaq hər şey yemək və geyimlə
bitmir. Əgər biz 1 uşaq dünyaya gətirmişiksə, onun gələcəyini də qurmalıyıq,
lazımi diqqət, qayğı, sevgi, təhsil verməliyik. Səmimi demək lazımdırsa, mən
inana bilmərəm ki, həmin valideynlər uşaqlarına lazımi dərəcədə, bərabər sevgi,
qayğı verə bilsin. Uşaqlar bir şəkildə böyüyürlər, yaşlarının üstünə yaş gəlir.
Lakin sevgiyə və diqqətə ac böyüyürlər. Əlbəttə, Allah hər uşağın ruzisini
verir, heç kim ac qalmır. Lakin sevgiyə, diqqətə ac qalırlarmı? Bax bundan əmin
deyiləm. Bu cür ailələrdə qadına çox böyük yük düşür. Həm gündəlik qayğılar, həm
uşaq tərbiyəsi anaların boynunda olur. Bəzən ana uşağın birinə çatanda digərinə
çata bilmir və o anda qadın özünü yetərsiz, layiqsiz ana olaraq görüb psixoloji
sarsıntı keçirir. "Mən yaxşı ana deyiləm, övladlarıma bərabər vaxt ayıra
bilmirəm və ya heç vaxt ayıra bilmirəm" düşüncəsinə qapılan qadında
günahkarlıq hissi formalaşır”.
"Çoxuşaqlı
ailələrdə uşaqlarda gizli depressiya halları olur”
G.Əliyeva bildirdi ki, Azərbaycanda ailələrdə neçə
uşaq dünyaya gətirmək haqqında qanunvericilikdə heç bir qayda yoxdur. Lakin
inkişaf etmiş bəzi ölkələrdə 1 və ya 2 uşaqdan artıq uşaq dünyaya gətirmək
arzuolunmazdır. Onun sözlərinə görə, əgər qadın və kişi düşünürlərsə bu məsuliyyətin
öhdəsindən gələcəklər, onda problem yoxdur: "Həm maddi, həm də mənəvi cəhətdən
uşağı təmin edə biləcəklərsə, əlbəttə, burada qəbahət yoxdur. Təəssüf ki, çox
vaxt belə olmur. Çoxuşaqlı ailələrdə uşaqlarda gizli depressiya halları tez-tez
olur. Xüsusilə maddi vəziyyəti aşağı olan ailələrdə. Bu cür ailələrin
uşaqlarında lazımsızlıq duyğusu tez-tez oyanır. "Kaş ki mən olmasaydım”,
"Kaş doğulmasaydım”, "Axı məni neynirdilər, dünyaya gətirib?”, "Mən
artığam" düşüncələri uşaqlara hakim kəsilir və nəticədə uşaqlar xoşbəxt
ola bilmirlər. Hər halda uşaqlar bizim gələcəyimizdir. O dünyadakı və bu
dünyadakı sərmayəmizdir. Onları xoşbəxt, cəmiyyətə yararlı bir fərd kimi
yetişdirmək bizim borcumuzdur. Ona görə uşaq dünyaya gətirməzdən öncə yüz ölçüb,
bir biçmək lazımdır”.
"Uşaq ailənin şənliyi,
ruzisi, bərəkətidir”
Sağlam Toplum İB-nin rəhbəri
Lalə Mehralı deyir ki, artıq 20-30 ildir, Azərbaycanda çoxuşaqlılıq anlayışı 4
uşaqdan o yana keçmir deyə, ötən il sözügedən ailənin 13-cü uşağı olması xəbərini
eşidəndə təəccüblənib: "İndi - kapitalizmin ən qaynar çağında 13 uşağa normal
baxmaq qəhrəmanlıqdır, bununla kifayətlənməyib 14-cü uşağı da dünyaya gətirməkləri
məncə, özlərinə inamdan qaynaqlanır. Həmin süjetdə ailə başçısı deyirdi ki, özü
ailəsini normal təmin edə bilir, övladlarını heç kimə möhtac etmir. Hətta 13-cü
körpə doğulanda, ata avtomobilini daha böyüyü ilə əvəzləmişdi ki, uşaqlara
rahat olsun. Həmin süjetə baxanda əvvəlcə onun əhalidən və dövlətdən kömək istəyəcəyini
düşünmüşdüm, amma sonra o, ailəsinə baxa bildiyini, bu səbəbdən də körpənin
doğulmasını özləri planlaşdırdığını deyəndə səhv etdiyimi anladım. Ata deyirdi
ki, çox uşaq onun arzusu olub. Həmin süjetdə reportyor ondan dövlət və imkanlı
şəxslər tərəfindən kömək olunacağı təqdirdə, qəbul edib-etməyəcəyini soruşmuşdu,
ata "qəbul edərəm” demişdi. Yəni təklif reportyordan gəlmişdi, ata öz dili ilə
kömək istəməmişdi”.
L.Mehralı deyir ki, valideyn uşaqları təmin edə bilirsə, uşaq sayının
çox olmasını qınaq obyekti etmək doğru deyil: "14-cü uşaq doğulanda insanlar
bunu qınaq obyekti ediblər, bu dövrdə o qədər uşağın doğulmasına normal
baxmadıqlarını deyirlər. Niyə? Əgər ata təmin edə bilirsə, niyə də doğulmasın
körpə? Ailəni tanıyan da, tanımayan da qınayır. Razıyam, bəzən savadsızlıqdan,
məlumatsızlıqdan ailələrdə uşaq sayı çox olur, hansı ki o ailənin maddi imkanı
buna izin vermir. Qadın bilmədən, ehtiyatsızlıqdan hamilə qalır və doğur. Bu
halda onun planlı hamiləlik və hamiləlikdən qorunma vasitələri haqda məlumatlandırılmasına
ehtiyac var. Amma indi bizim haqqında danışdığımız ailə çoxuşaqlı olmağı
könüllü istəyir. Həmçinin mən bildiyimə görə, ata 14-cü övladını ictimaiyyətdən
gizlədib. İnsanlar heç düşündümü niyə? Çünki onu qınayırlar, haqqında
olan-olmaz sözlər deyirlər. Axı o çoxuşaqlı olmaq istəyirsə, övladlarını normal
təmin edirsə, bundan kimə nə?”.
L.Mehralı bildirdi ki, çoxuşaqlılıq pis şey deyil, əksinə, uşaq ailənin
şənliyi, ruzisi, bərəkətidir: "Əgər bu gün gələcəyini təmin edə biləcəyimə,
normal təhsil verəcəyimə əmin olsam, mən də ən az 4 uşaq sahibi olmaq istəyərəm.
Yenə də deyirəm, əgər övladına baxa, normal təmin edə bilirsənsə, 9-10 uşaqlı
olmağında, 15 övlad istəməyində heç bir qəbahət yoxdur, bu tamamilə normal istəkdir.
Uşaqları geyimlə təmin edə bilirsənsə, ehtiyaclarını ödəməkdə çətinlik çəkmirsənsə,
məktəbdən-dərsdən saxlamırsansa, niyə kimsə səni çoxuşaqlı olmaqda qınamalıdır?
Burda pis nə var? Doğub çölə atmırlar ki? Bəlkə körpələr evinə, internata və
yaxud hansısa dövlət qurumunun himayəsinə verirlər? Vermirlər, elə deyil?
Biz nə ailələr görürük, bircə övladını internata, körpələr evinə verənlər
var. 14 uşağından hansını körpələr evinə verib bu ailə? Uşaqlar valideynlərinin
yanında xoşbəxtdirsə, heç bir çatışmazlıqları, əskiklikləri yoxdursa, demək hər
şey qaydasındadır”.
Aygün Asimqızı