Dəyişməli olan toy adətləri
Ekspertlər kök salmış ənənəni
pandemiyanın dəyişəcəyini güman etmirlər
14 martdan etibarən bütün ölkə ərazisində toy məclislərinin
keçirilməsi ilə bağlı qadağa var. Bu məsələ Nazirlər Kabineti yanında Operativ
Qərargahın brifinqlərində hər dəfə rəsmi şəxslərə ünvanlansa da, hələ ki, bu
qadağanın aradan qaldırılması ilə bağlı qərar yoxdur. Çünki toylar daha çox
insanın toplaşdığı məclislərdəndir və virusun kütləvi şəkildə yayılmasına
şərait yaratdığı bildirilir.
Ancaq az adamla, məsafə saxlanılmaqla, pandemiya dövründə toylara
icazə verilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilir. Yəni əvvəlki kimi
400-500 nəfərlik deyil, daha az adamla, 5-6 deyil, 2-3 saatlıq toylar
keçirilməsi ilə bağlı təkliflər var.
Hətta bildirilir ki, pandemiya dövründə daha az adamla keçirilən
toylar post-pandemiya dövründə də bu ənənənin formalaşmasına, toy adətlərimizdə
israfçılığın aradan qalxmasına gətirib çıxara bilər. Maraqlıdır, pandemiya
dövrü bizim toylara yanaşmamızı dəyişə bilər?
Azərbaycan Milli Elmlər
Akademiyasının Folklor İnstitutunun mərasim folkloru şöbəsinin müdiri Ağaverdi
Xəlilov deyir ki, pandemiya dövrü illərlə formalaşan ənənəni dəyişə bilməz:
"İlk olaraq onu deyim ki, dövlətin pandemiya ilə bağlı verdiyi qərar və
fərmanlar birmənalı şəkildə icra edilməlidir. Əgər dövlət qərar verirsə,
deməli, Dünya Səhiyyə Təşkilatı və ölkənin səhiyyə mütəxəssisləri mövcud epidemioloji
vəziyyəti təhlil edib qərar çıxarır. Dövlət hər zaman adət-ənənələrimizi
qorumağa dəstək olur. Amma bu cür təhlükəli vəziyyətlərdə ənənələrimizə görə
hərəkət etsək, bu, doğru olmaz. Ancaq toylarımızda ciddi qüsurlar və problemlər
var. Toylarımızda ciddi israfçılığa yol verilir. Bu səbəbdən toylara baxışımız
dəyişməlidir. Pandemiya bunu dəyişə bilməz, çünki pandemiya dövrü üç-beş ay,
bir il çəkib bitəcək. Bu qədər qısa müddətdə adət-ənənə dəyişməz. Əgər az
adamın iştirakı ilə toylara icazə verilsə, insanlar pandemiya dövründə buna
riayət edəcəklər, sonra yenə köhnə adətlər öz yerini tutacaq”.
A.Xəlilov bildirdi ki, toy adət-ənənələrindəki israfçılıqla bağlı
dəyişikliyə müəyyən işlər aparılmaqla, dövlət müdaxiləsi ilə nail olmaq
mümkündür: "Dəyişikliyə nail olmaq üçün müəyyən müdaxilələrin edilməsi lazım
ola bilər. Dövlət müəyyən qaydalar və məhdudiyyətlər tətbiq edə bilər.
İnsanların xeyrinə olan təkliflər verilsə və icra olunsa, yavaş-yavaş vəziyyəti
dəyişmək mümkündür. Təbii ki, müzakirələr və maarifləndirmə işlərinin
aparılması yaxşı olar. Bunlar yavaş-yavaş müasir toylara və onların qüsurlu
cəhətlərinə öz təsirini göstərə bilər”.
Sosioloq Sahib Altayın sözlərinə
görə, toyda, iştirakı arzulanan və o toyu arzu edən şəxslər iştirak
etməlidirlər, nəinki 400-500 nəfər: "Toyun mahiyyəti ondan ibarətdir ki, iki
insan bir araya gəlir, ailə qurmağa qərar verirlər. Toya, insanların dəvət
olunmasının isə mənası odur ki, bir növ bu ailənin qurulmasına şahidlik
edirlər. Yəni ki, cəmiyyət bu iki insanın bir araya gəlməsindən xəbərdar olur.
Bu səbəbdən, toyda həm evlənən şəxslərin arzuladığı, həm də həmin toyda olmağı
arzulayan şəxslər iştirak etməlidir. Toylarda 400-500 nəfərin iştirakı
mənasızdır. Toy bizim qədim adətimizdir və əvvəllər fərqli formalarda olub.
Məsələn, toy olan həyətə qonşular, qohumlar yemək bişirib gətirərdilər. Bu,
daha təbii idi. Həmçinin çadır toyları olurdu. Zamanla restoranlar açıldı, dövr
dəyişdi və kapitalizm həyatımıza təsir etdi. Əslində bu, həm də bizim düşüncə
tərzimizlə bağlıdır. Toplum olaraq şöhrətpərəstik və göstərişi sevirik.
Beləliklə, toy ənənələrimiz biznes xarakteri daşımağa başladı. Əgər bir nəfər
beş yüz nəfərin toyuna gedirsə, həmin toylara verdiyi pulları geri qaytarmağa
məcbur olur, ona görə də həmin beş yüz nəfəri çağırır. Çoxunu arzuladığı üçün
deyil, verdiyi pulları geri qaytarmaq üçün dəvət edir. Gələn beş yüz nəfərin də
hardasa yetmiş-səksən faizi deyinə-deyinə gəlir. Ya kimdənsə borc alır, ya da
özü üçün vacib olan pulu toya yazdırmalı olur. Ancaq toyda ona söz veriləndə
deyir ki, bu gün mənim üçün əlamətdar bir gündür. O cür iştirakçılar da
saxtakarlıq etmiş olur, toyu o formada təşkil edən insan da”.
Sosioloq bildirdi ki, pandemiya dövründə az adamın iştirakı ilə
toylara icazə verilsə, bu, yaxşı bir ənənənin başlanğıcı olacaq və beləliklə,
toylara sərf olunan xərclər azalacaq. Ancaq bunun pandemiyadan sonra davam
etməsinin inandırıcı olmadığını da əlavə etdi: "Çünki insanlar illərlə toylara
gediblər. O pulları başqa məclislərində yığmaq istəyəcəklər və daha böyük
toylar etməyə maraqlı olacaqlar. Dövlət də pandemiya şəraitindən istifadə edib
pandemiyadan sonrakı dövrdə də toyların təşkili ilə bağlı müəyyən
məhdudiyyətlər tətbiq edə bilər. Beləliklə, bunu ənənə halına salmış olar.
Dövlət bu işi məqsədyönlü şəkildə etməsə, yalnız pandemiya dövründə kiçik
məclislər olacaq. Bu, elə bir şeydir ki, ənənəvi şəkildə nəsildən-nəslə keçərək
davam edir. İnsanlar həm əvvəl getdikləri toyların əvəzini çıxmaq, həm də
başqalarına qonaqların çoxluğunu nümayiş etmək üçün yenə beş yüz nəfəri
çağıracaqlar. Bu vəziyyəti pandemiya və ya karantin deyil, düşüncə dəyişməlidir.
Düşüncə dəyişməsə, yenə də orta statistik azərbaycanlı öz məclisini o cür
keçirəcək”.
S.Altay qeyd etdi ki, ancaq bu dövrdən sonra toylarını daha az adamla
keçirmək istəyənlər də olacaq: "Pandemiya dövründə ailə quranlar çox oldu. Hər
iki tərəfin ailələri bir araya gəlməklə nikah etdilər. Bir qismi deyir ki,
pandemiyadan sonra kiçik bir məclis təşkil edib toyu qeyd edəcəklər. Bir qismi
isə ümumiyyətlə, məclisə gərək görmür. Mən pandemiyadan əvvəl 50 nəfərlik toyda
iştirak etmişəm və xoş təsir bağışlayıb. Çünki hamı arzularını deyə və rəqs edə
bilirdi. Bunun yaxşı olduğunu görüb tətbiq etmək istəyən insanlar var. Amma
təminat verə bilmərəm ki, cəmiyyətimiz bunu yüz faiz belə edəcək. Pandemiya
uzun müddət davam etsə və az sayda adamların iştirakı ilə toylara icazə
verilsə, insanlar da yavaş-yavaş öyrəşər və bu adət çox insana ötürülər. Əgər
insanlar görsələr ki, kiçik məclislər daha asan, yaxşı, dinlənilən, izlənilə
bilən, çox iştirak ediləndir və daha zövqlüdür, onda ənənə formalaşmağa
başlayar. Pandemiya dövründə az adamın iştirak etdiyi toyların bu cür
tərəflərini görüb öz toyunu belə təşkil edənlər olacaq. Amma sırf pandemiyanın
ənənəni dəyişməyə nail olacağına inanmıram”.
Aygün