• şənbə, 27 Aprel, 08:53
  • Baku Bakı 12°C

Dərmanların qiymətini stabil saxlamaq olarmı?

17.12.16 09:00 1244
Dərmanların qiymətini stabil saxlamaq olarmı?
Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır. Millət vəkili Trend-ə bildirib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.
Deputat bəzi məqamlara da toxunub: "Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin".
Bəs görəsən, deputatın təklifi nə qədər realdır? Ümumiyyətlə, mövcud şərtlər daxilində bunu reallaşdırmaq mümkün ola bilərmi?
Millət vəkili Vahid Əhmədov bildirdi ki, dərmanların qiymətinin tənzimlənməsi məsələsi dövlət başçısı tərəfindən həllini tapıb: "Düzdür, qiymətlərin tənzimlənməsi ilə bağlı müəyyən problemlər hələ də öz həllini tapmayıb. Lakin ümumilkdə bu shaədə xeyli işlər görülüb. Dərman vasitələrinin qiymətində hələlik qeyri-müəyyənlik hökm sürür. Hesab edirəm ki, 500 adda gündəlik tələb olunan dərmanların qiymətinin sabit saxlanılması mümkündür. O dərmanlara ki daha çox ehtiyac var, məsələn, baş ağrısı, soyuqdəymə, qrip dərmanlarının qiymətini stabil saxlamaq olar. Bildiyiniz kimi, faktiki olaraq Azərbaycanda dərman istehsalı aşağı səviyyədədir. Dərmanların demək olar ki, böyük əksəriyyəti xaricdən idxal edildiyinə görə qiymətlər çox bahadır. Azərbaycan özü nə vaxt dərman istehsalına başlayacaqsa, o zaman qiymətlərdə stabilliyi qoruyub-saxlamaq mümkün ola bilər. Bunun üçün də artıq prosesə start verilib”.
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, bu, praktik olaraq mümkün deyil: "Bu barədə mən dəfələrlə öz fikrimi bildirmişəm. Bizim aylar öncə bildirdiyimiz fikir indi öz təsdiqini tapır. Məsələ burasındadır ki, Azərbaycan idxaldan asılı vəziyyətdə olan bir ölkədir. Dərman preparatlarının təchizatı tam olaraq idxalın payına düşür. Tarif Şurasının dərman preparatları vasitələrinə vahid qiymət tətbiq etməsi praktikası hesab edirəm ki, özünü doğrultmayacaq. Bundan başqa, milli valyutanın dollara olan məzənnəsi əvvəlki illərdə olduğu kimi sabit qalsaydı, o halda hansısa vahid qiyməti tətbiq etmək mümkün olardı. İndi manatın məzənnəsi sərbəst buraxılıb və ölkəyə daxil olan bütün dərman preparatlarının hər biri xarici valyuta ilə alınır. Məzənnə dəyişdiyi halda, qiymətlərin dəyişməsi labüddur”.
Ekspert hesab edir ki, xarici valyuta ilə idxal edilən dərmanların qiymətini sabit saxlamaq mükün deyil: "Sahibkar dərman preparatını alarkən nəzərə çarpacaq dərəcədə qiymət artımı olarsa, həmin dərman vasitələrinin satış qiyməti də avtomatik olaraq qalxacaq. Mümkün deyil ki, sahibkar onu sabit qiymətə sata bilsin. Hesab edirəm ki, bütün hallarda dərman vasitələrinin qiymətlərini sərbəst buraxmaq lazımdır. Hələ dolların məzənnəsinin hər gün dəyişdiyi bir vaxtda dərmanlara konkret qiymət qoymağımız çox çətindir. Milli Məclisdə bu məsələ qaldırılıb. Amma sual olunur ki, onlar 500 adda hansı dərman vasitəsini sabit saxlamaq niyyətindədirlər? Xarici valyutanın məzənnəsi dəyişdiyi halda, qiymətləri necə sabit saxlamaq olar?”
İ.Hüseynlinin sözlərinə görə, belə olan təqdirdə, dərman bazarında qıtlıq yarana bilər: "Əgər standart qiymət təklif olunarsa, sahibkar həmin dərman vasitələrini Azərbaycana gətirməkdə maraqlı olmayacaq. Çünki o, belə demək olarsa, ziyanla işləmiş olur. Ziyanla işlədiyi halda, sahibkar niyə həmin dərmanı ölkəyə gətirsin ki? Tutaq ki, adi ağrıkəsicinin qiyməti sabit saxlanılır. Həmin ağrıkəsici bizə xaricdən gətirilirsə, avtomatik onun da qiyməti dəyişilir. Nəticədə, praktiki olaraq sahibkarın qiymətləri sabit saxlamağı mümkün olmur. Bunu o zaman etmək olar ki, Azərbaycan gündəlik tələbat olan dərman vasitələrini özü istehsal edə bilsin. Belə olan təqdirdə, lazım olan zavodlara güzəştlər tətbiq etmək və gətirilən xammalı gömrük rüsumundan və vergidən azad etməklə bazarda həmin dərman vasitələrinin qiymətini sabit saxlaya bilərik”.
Professor Adil Qeybullada mövzu ilə öz fikirlərini bizimlə paylaşdı: "Sual olunur ki, bu dərmanların qiyməti hansı vəsaitin hesabına sabit saxlanılır? Məsələ burasındadır ki, dərman vasitələrini ölkəyə dərman idxalı ilə məşğul olan şəxslər, firmalar gətirirlər. Bu vasitələrin isə müxtəlif maya dəyəri, yol xərcləri, vergi, gömrük xərcləri var. Təbii ki, burada dərmanı ölkəyə gətirən şəxsin maddi maraqları da nəzərə alınmalıdır. Bəs həmin xərclərin minimal qiyməti nəzərə alinacaqmı? Əgər bu qiymətlər nəzərə alınacaqsa, onda təklif olunmaldır ki, dərman maddələri müyyən vergilərdən və rüsumlardan azad olunsun və onun müəyyən stabil qiyməti təyin edilsin”.
A.Qeybulla bildirdi ki, qiymətləri sabitləşdirmə siyasəti dərman bazarına mənfi təsir göstərə bilər: "Tarif Şurası keçən dəfə dərmanların qiymətini endirəndə, bu faktorları nəzərə almadı və bu, xeyli dərman preparatlarının bazardan yoxa çıxmasına gətirib çıxardı. Belə imperativ yollarla məsələ öz həllini tapa bilməz. Əgər bu məsələyə hansısa müvəqqəti tədbir kimi baxılarsa, o zaman dövlət dotasiya verməlidir ki, bu dərman vasitələrinin qiyməti sabit qalsın. Yaxud da qeyd etdiyim kimi, müəyyən vergilər ləğv olunmalıdır ki, beləcə, ölkədə dərman idxalı ilə məşğul olanların da marağı nəzərə alınsın. Əks halda, bir müddət sonra həmin dərmanlar dövriyyədən yoxa çıxacaq. Bu da bizim işimizi xeyli çətinləşdirəcək. Digər bir tərəfdən, hesab edirəm ki, icbari tibb sığortası paketinə daxil olacaq dərmanların dövlət xətti ilə Azərbaycana gətirilməsini təmin etmək olar”.
Şəbnəm
banner

Oxşar Xəbərlər