Ödəniş vasitələrinin yeni mərhələsi - bitkoinlər
Son dövrlər "bitkoin”
haqqında xəbərlərə rast gəlirik. Demək olar ki, hər kəs bundan danışır, sosial
şəbəkədə müxtəlif məzmunlu fikirlər paylaşılır. Maraqlıdır, bəs bu "bitkoin”
nədir? Böyük şirkətlər bu texnologiyanı mənimsəməyə
başlayıblar
Mediada
blokçeyn və kriptovalyuta mövzusunun təbliğ olunmasında fəal iştirak edən tanınmış jurnalist Nicat Dağlar deyir
ki, bitkoin yeni dövrün ödəniş vasitəsidir və bizim bildiyimiz ənənəvi kağız və
dəmir pullardan fərqlənir. Çünki sadəcə elektrondur, əldə deyil: "İnsanlar bu
kriptovalyuta ilə maraqlanırlar, amma daha da dərinliyinə gedib, hansı texnologiyaya
əsaslandığını bilmək istəmirlər. Həmin texnologiyanı mənimsəmədən
kriptovalyutanın istər üstünlükləri, istərsə də riskləri barədə məlumatsız
olurlar. Texnologiya blokçeyn adlanır. Blokçeyn blokların zənciri deməkdir. Bu
texnologiya demək olar, bütün dünyanı əhatə edərək irəliləyir. Yəni bir çox
böyük şirkətlər bu texnologiyanı mənimsəməyə başlayıblar. Həmçinin dövlətlər
bir sıra sahələrdə bu texnologiyanın tətbiqinə keçirlər. Təbii ki, indi
insanlara maraqlı gələcək ki, bu blokçeyn nədir? Belə izah edə bilərəm ki, bu
texnologiya kağız üzərində olan bir çox sənədləri, arxivdə qalan kağız
materialları, həmçinin kağız puldan istifadəni yavaş-yavaş sıradan çıxaracaqdır.
Bütün bu kimi kağız sənədləri elektronlaşdırıb böyük bir baza yaradır. Bu
qlobal bir reyestrdir. Biz çox istərdik ki, insanlarımız bunu mənimsəməyə
başlasınlar. Mən şəxsən özüm bu sahə ilə maraqlanıram. Və çalışıram ki, bütün
yeniliklərdən xəbərdar olum”.
Müsahibimiz
qeyd edir ki, Azərbaycanda ilk dəfə olaraq "Azərenerji” blokçeyn texnologiyasını
araşdırıb, öyrənməyə başlayıb. Araşdırmaya müəyyən mütəxəssislər cəlb olunub: "İnanıram
ki, digər bütün qurumlarımız da tədricən bu texnologiyaya keçəcəklər. Kriptovalyuta
da blokçeyn texnologiyasının tərkib hissəsidir. Kriptovalyuta ödəniş vasitələrinin tarixən keçdiyi inkişaf
mərhələsində növbəti səhifədir. Yəni bu daha modern dövrün tələbidir. Hər şey
getdikcə dəyişib inkişaf edir. Bu gün baş verən texnoloji inkişaf əlbəttə ki,
ödəniş vasitələrinə də öz təsirini göstərməli idi. Dünyanın ilk kriptovalyutası
bitkoindir. Bu gün bir çox koin növləri mövcuddur və bitkoin də onlardan ən
populyarıdır”.
"Azkoin” layihəsi
Nicat
Dağlar "Azkoin” layihəsindən də danışdı: "Azərbaycanda yaxşı bir pilot layihə
ortaya qoyulub. Bu, "Azkoin” adlanır. Hansı ki, dünyada ilk dəfə adında ölkə
adı əks olunan kriptovalyuta layihəsidir. Hazırda bir sıra ölkələr var ki,
bizdən sonra onlar da öz adlarına uyğun koinlər dövriyyəyə buraxmağı
düşünürlər. Azərbaycan bir sıra işlərdə ilklərə imza atıb. Bu zaman sual
yaranır ki, niyə kriptovalyuta sahəsində də öncüllərdən olmayaq? Söhbət onda
deyil ki, biz günü sabah bunu tətbiq etməyə başlayaq. Yəni 2-3 ilə Azərbaycan
da bu prosesə tam qoşulmalıdır. "Azkoin”
üzərində təkcə yerli deyil, həm də bu sahədə ixtisaslaşmış yüksək səviyyəli
xarici mütəxəssislər çalışıb. Bu, çox nəhəng layihədir və burada böyük bir
komanda işləyir.Artıq smartfonlar üçün rəqəmsal cüzdanlar da hazırdır.
Android proqramları üçün nəzərdə tutulan cüzdanları çox asanlıqla Google
Play-dən yükləmək mümkündür”.
Hazırda
bitkoinin belə yüksək qiymətləndirilməsi ona olan maraqla əlaqədardır, deyən Nicat
Dağlar düşünür ki, getdikcə proseslər öz axarına düşdükdən sonra koinlər stabil
dəyər alacaqlar: "Bəzi iqtisadçılar dövlətin bu işin arxasında dayanmadığını
vurğulayırlar. Bu təbiidir, çünki hələ ki bu sistem yenidir. Məncə, müəyyən
müddətdən sonra dövlət də bu işin arxasında olacaq. Bu, unikal kodlarla idarə
olunan bir sistemdir. Və həmin kodlar bir smatfonda və ya kompüterdə yox,
milyonlarla kompüterin birləşdiyi qlobal bazada yerləşəcək”.
Elektron pulqabınız ancaq sizin barmaq izinizi
tanıyacaq
Müsahibimiz
koinlərin təhlükəsizliyindən də danışdı: "Kriptovalyutada bütün kodlar
unikaldır. Ona müdaxilə etmək, dağıtmaq mümkün deyil. Elektron pulqabınız da
kodla işləyir. Əgər başqası sizin hesaba girmək istərsə, dərhal bütün
məlumatlar bloklanır. Bu bloku yalnız sizin bildiyiniz informasiyalara əsasən
açmaq olar. Yəni sizdən icazəsiz kimsə sizin hesabı sındırsa belə, çox irəliləyə
bilməyəcək. Ən son təhlükəsizlik qaydası isə barmaq izi olacaq. Elektron
pulqabınız ancaq sizin barmaq izinizi tanıyacaq. Hər şey yavaş-yavaş
tənzimlənəcək. Bütün dövlətlərin təhlükəsizlik orqanlarının bu sahə üzrə
fəaliyyəti olacaq”.
Jurnalist
bildirir ki, bu gün birjalarda kifayət qədər azərbaycanlı var ki, bitkoinlərdən
istifadə edir: "Söhbət ondan getmir ki, azərbaycanlılar 10 min dollar verib
bitkoin alırlar. İnsanlar bitkoinin özünü yox, qəpiyini alırlar. Bu qəpik "satoşi”
adlanır. Bir bitkoinin tərkibində 100 min satoşi var. Bizimkilər satoşi alır.
Və bitkoinin dəyəri qalxdıqca, onun qəpiyinin də dəyəri yüksəlir. İnsanlar 2-3
gün ərzində satoşiyə qoyduğu pulun 25-30 faizini qazanırlar. Bunu da qeyd edim
ki, təkcə bitkoinə pul qoymurlar, hazırda yeni yaranan bir neçə koinlər var ki,
inkişaf etmək mərhələsindədirlər. Və onlar çox ucuzdurlar”.
Hazırda bu valyuta növü investorların marağını cəlb edə bilir
İqtisadçı Rəşad Həsənovbildirir ki, bitkoinin Azərbaycan iqtisadiyyatına təsirindən danışmaq üçün
tezdir: "Düzdür, müəyyən fərdi şəxslər onun alışı və satışını onlayn formada
həyata keçirə bilirlər. Və investisiya məqsədi ilə də yatırımlar olur. Lakin
həmin yatırımlar iri həcmli deyil. Bu baxımdan da valyutanın bizim
iqtisadiyyata təsirindən danışmaq hələ tezdir. Amma ümumilikdə götürəndə,
bitkoinlər son illərin ən məşhur valyuta formalarından biri sayılır. Ancaq bu
valyutanın konkret qurum və dövlət olaraq güvənilir bir təsisçisi olmadığından,
bəzi hallarda onun etibarlılığı və dayanıqlığı ilə bağlı şübhələr ortaya çıxır.
Hətta bunu deyənlər arasında Nobel mükafatı laureatı olan iqtisadçılar da var.
Və Avropa Mərkəzi Bankı, Federal Ehtiyat Sistemi dəfələrlə bu istiqamətdə öz
xəbərdarlıqlarını açıqlayıblar. Valyuta faktiki olaraq iqtisadi dayağa malik
deyil. Onlayn bazarda ticarət əməliyyatlarında əvəzedici vasitə olaraq istifadə
edilir. Belə olduğu təqdirdə də müəyyən risklərin olması başa düşüləndir”.
Müsahibimiz deyir ki,
hazırda mövzunun aktuallığını əsaslandıran mühüm məqam son günlərdə
kriptovalyutanın qiymətində müşahidə olunan bahalaşmadır: "Bütövlükdə götürəndə,
bu valyuta dünyanın marağını üzərinə çəkə bilib. Bir sıra maliyyəçilər hesab
edir ki, gələcəyin əsas valyuta növüdür. Həqiqət ondan ibarətdir ki, hazırda bu
valyuta növü investorların marağını cəlb edə bilir. Və faktiki olaraq ona bazarda
tələb yüksəkdir. Bitkoinlərin dövriyyəsi təxminən 144 milyarda qalxıb. Bu da
onu deməyə əsas verir ki, köpüklərin formalaşması ehtimalı çox yüksəkdir. Belə
qısa müddətdə bu qədər bahalaşma son olaraq qiymətin korreksiyası ilə
nəticələnə bilər. Və korreksiya zamanı da böyük itkilər yarana bilər”.
Bu pul vahidi ilə bağlı informasiyalılıq kifayət qədər məhduddur
Ekspert elektron pulun
ölkəmizdə istifadəsindən də danışdı: "Azərbaycanda istifadə məsələsinə gəlincə
isə, faktiki olaraq bu valyuta növünü əldə etmək mümkündür. Onlayn formada
alışı və satışını həyata keçirən şirkətlər var. Amma buna baxmayaraq bu pul
vahidi ilə bağlı informasiyalılıq kifayət qədər məhduddur. Belə bir şəraitdə
kriptovalyutaya olan marağın azlığı başa düşüləndir. Mərkəzi Bank isə bu
istiqamətdə ehtiyatlıdır. Hələlik bu valyuta növünün rəsmi ödəniş vasitəsi kimi
qəbul edilməsi haqqında qərarı yoxdur. Həmçinin bu kriptovalyutanın tədavülünün
təşkil olunması üçün qanunvericilik bazası da mövcud deyil. Amma düşünürəm ki,
növbəti illərdə bu istiqamətdə müəyyən addımların atılması gözləniləndir”.
İqtisadçı bildirir ki, əgər
bu pul vahidi dünyada qlobal trendə çevrilərsə, Azərbaycan da geri
qalmamalıdır: "Böyük ehtimalla kriptovalyutanın digər növləri də daxil olmaqla,
bitkoinlər dünyada ticarət dövriyyəsində və birjalarda əsas alətlərdən birinə
çevrilərsə, bu zaman ölkəmizin də xarici ticarət tərəfdaşlarından bənzər
təkliflərin səslənməsi mümkündür. Və Azərbaycan da ticarət əlaqələrinin gələcək
taleyini risklərdən sığortalamaq məqsədi ilə bitkoinlərin tədavülü haqqında
hüquqi bazanın formalaşması istiqamətində müəyyən addımlar atmalı olacaq”.
Qlobal iqtisadiyyatın yeni vasitəsi
İqtisadiyyat Nazirliyi İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir ki, bu, qlobal iqtisadiyyat üçün yeni bir vasitədir: "Azərbaycan kimi
ölkələrin iqtisadiyyatına bu valyuta növünün necə təsir edəcəyi haqqında nə isə
demək hələlik tezdir. Çünki qlobal iqtisadiyyat üçün bunun əhəmiyyəti, gələcəyi
və digər bu kimi suallar cavabsız qalır. Bitkoin elektron ödəniş vasitəsidir.
Və onun qısa müddətdə belə ciddi şəkildə dəyər qazanması və ya qiymətinin
tez-tez dəyişməsi də göstərir ki, dünya iqtisadiyyatının aparıcı qüvvələri belə,
bu valyuta haqqında konkret proqnoz vermək imkanında deyillər. Bitkoinin bu cür
dəyər qazanması bir sıra mübahisələrə gətirib çıxarır. Bəziləri düşünür ki, o,
zamanla avronu, dolları və bu kimi digər pul vahidlərini sıradan çıxaracaq.
Amma əslində çox da dərinə getmədən, ötəri analizdən belə nəticəyə gəlmək olar
ki, bu mümkün deyil. Belə bir vasitənin Azərbaycan kimi xırda ölkələrin
iqtisadiyyatı üçün ciddi əhəmiyyət kəsb edəcəyi barədə hətta yaxın 5 ildə nə
isə danışmaq qeyri-realdır. Azərbaycanda bitkoinlərə maraq müəyyən təbəqədən
olan sahibkarlarda ola bilər”.
Günel Azadə