Daha çox bölgələrdə rast gəlinən uşaq ölümləri
Azərbaycanda 5 yaşadək uşaqlar, eləcə də körpələr
arasında ölüm göstəricisi azalıb. Trend-in statistik göstəricilərə istinadən
apardığı araşdırmaya görə, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə
ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub.
Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
2016-cı ildə Azərbaycanda 1 yaşadək 1666 uşaq
dünyasını dəyişib ki, onların 1380-i şəhər, 286-sı kənd yerlərində ölüb.
2015-ci ildə isə 1602-si şəhər, 431-i kənd yerlərində olmaqla, ümumilikdə 2033
nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.1 yaşadək uşaqların ölümünün ilk səbəbi
perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1090 körpə
dünyasını dəyişib. Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri
tənəffüs sistemi xəstəlikləri (bu səbəbdən 2016-cı ildə 173 körpə ölüb),
anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom
pozuntuları (bu səbəbdən 2016-cı ildə 151 körpə ölüb) tutur.
2006-cı ildə dünyasını dəyişən 1882 nəfər 1 yaşadək
uşağın 1082-si şəhər, 800-ü kənd yerlərində öldüyü halda, 2005-ci ildə ölən
1580 körpənin 780-i şəhər, 800-ü kənd yerlərində, 2004-cü ildə 1892 uşağın
889-u şəhər, 1003-ü kənd, 2003-cü ildə 1649 uşağın 719-u şəhər, 930-u kənd
yerlərində, 2002-ci ildə 1815 uşağın 707-si şəhər, 1108-i kənd yerlərində,
2001-ci ildə 1886 uşağın 761-i şəhər, 1125-i kənd yerlərində ölüb.
2016-cı ildə ölkədə 5 yaşadək uşaqlar arasında da
ölüm göstərici 2015-ci ildəki 2395 sayından 2092-yə enib. Ötən il hər 1000
nəfər diri doğulan uşağa düşən 5 yaşadək uşaq ölümü sayı 13,8 nəfər, 2015-ci
ildə 13,3 nəfər, 2014-cü ildə 12,6 nəfər olub.
Statistik məlumatlardan aydın olur ki, körpə ölüm
daha çox Bakı şəhərinin, daha sonra isə Aran iqtisadi rayonunun payına düşür.
2016-cı ildə Bakıda 517, Aran iqtisadi rayonunda
(Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Biləsuvar, Salyan, Yevlax,
Mingəçevir, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad,
Hacıqabul, Şirvan) 345, Lənkəran iqtisadi rayonunda ( Astara, Lənkəran, Lerik,
Yardımlı, Masallı, Cəlilabad) 130, Gəncə-Qazax iqtisadi rayonunda (Gəncə,
Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy,
Naftalan) 129, Abşeron iqtisadi rayonunda (Xızı, Abşeron, Sumqayıt) 128,
Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ)
126, Quba-Xaçmaz iqtisadi rayonunda (Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) 114
nəfər 1 yaşadək uşaq ölümü baş verib.
Ümumilikdə, 5 yaşadək oğlan uşaqları arasında ölüm
halları qız uşaqlarına nisbətən daha yüksəkdir. Ötən il ölən 2092 nəfər 5
yaşadək uşaqların 1259-u oğlan, 833-ü qız olub. Ötən il Bakıda 517 körpə ölümü
baş verib ki, onların 299-u oğlan, 218-i qız olub.
Respublikanın baş pediatrı Nəsib
Quliyev bildirir ki, əslində rayon yerlərində nə üçün uşaqların çox öldüyünü
bilmək üçün həmin rayonların xəstəxanalarını araşdırıb öyrənmək lazımdır: "Bakıda
uşaqlar ona görə çox ölür ki, vəziyyətində ciddi problem olan uşaqlar əvvəlki
illərdən fərqli olaraq, rayonlarda qalmır. Yüksək ixtisaslı tibbi yardım üçün
onu Bakıya gətirirlər. Bu zaman da ölüm halı Bakıda baş verir. Bu da ölü sayına
təsir edir, Bakıdakı göstərici çox olur. Əslində isə məsələ belədir, tutaq ki,
Ağcabədidən uşaq gətirirlər və o, Bakıda ölür. Onun Bakıda ölməsi haqqında
məlumat verilir, amma həmin rayonun adında gedir. Yəni valideyn burdan ölüm
haqqında sənədini alır, yaşadığı rayona vətəndaşlıq vəziyyətinin aktı şöbəsinə
verir. Amma belə deyərdim ki, dağ rayonlarında ölüm aran rayonlarına nisbətən
daha yüksəkdir. Səbəb isə mərkəzdən uzaqlaşdıqca, kommunikasiya xidmətlərində,
tibbi yardımın səviyyəsində problemlərin yaranmasıdır. Yardımlıda, yaxud Lerikdə uşaqlara göstərilən
tibbi yardımla paytaxtda göstərilən eyni ola bilməz. Düzdür, rayonlarda da
xidmət sahələri yaradılıb, amma istənilən halda şəhərlə kəndin fərqi hiss
olunur. Bundan başqa, burada iqtisadi, qidalanma faktoru da var”.
"Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin
sədri Nərgiz Kərimova bildirir ki,
rəhbərlik etdiyi birlik əsasən ürək qüsurlu uşaqların əməliyyatlarını həyata
keçirdir: "Bu günə qədər 1000-dən çox uğurlu əməliyyat olub və uşaqlar sağlam
həyata qovuşublar. Təbii ki, hələ bizə müraciət edən çoxlu sayda ürək qüsurlu
uşaqlar var ki, onlar da sağlam həyata qovuşmaq istəyir. Qeyd edim ki,
əməliyyatlarımız həm vətənimizdə, həm də Ukraynada, Türkiyədə olur. Amma ümumi olaraq onu deyə bilərəm ki, uşaq
ölümləri müxtəlif səbəblərdən ola bilər. Bu irsi və ya yoluxucu xəstəliklər,
vaxtında düzgün qoyulmayan diaqnoz və müalicələr, doğuş zamanı olan ölüm
hadisələri və s. ola bilər. Bununla bağlı ciddi araşdırılma aparılıb, səbəblər
öyrənilməlidir ki, gələcəyimiz olan körpələr tələf olmasınlar. Uşaq ana bətninə düşəndən doğulana qədər
həkim nəzarəti altında olmalıdır. Amma çox təəssüflər olsun ki, rayonlarda
qaydaya əməl olunmur. İndiki yaşlı
xanımlar hamilə olarkən, həkimə müraciət
etmədən, analiz vermədən dünyaya sağlam
uşaq gətiriblər. Amma hazırda ekoloji vəziyyət çox dəyişib. Dünyada xeyli ekoloji problemlər var. Bunlar hamısı
insan səhhətinə, xüsusilə də uşaqlara mənfi təsir göstərir”.
Məsələ ilə bağlı tibbi ekspert,
professor Adil Qeybullanın da
fikirlərini öyrəndik. Onun fikirlərinə görə, bölgələrdə uşaq ölümlərinin çox
olması tibbi xidmətin təşkili ilə əlaqədardır: "Bu, həm hamiləliyin patoloji
keçməsi və həmin bölgədə olan tibbi xidmətin səviyyəsindən asılıdır. Həmçinin uşağın
ana bətnində olarkən keçirdiyi və ya doğuşdan sonra qazanılan hər hansı bir
xəstəliklə də bağlı ola bilər. Bundan başqa, rayon yerlərində qohum evlilik çox
olur. Bu səbəbdən də baş verə bilər. Yəni birmənalı şəkildə konkret bir səbəb
demək çətindir. Bilirsiniz, məncə bu
məsələ araşdırılmalıdır. Çünki statistikanı verirlər, amma səbəbini konkret
olaraq açıqlamırlar. Belə olan halda, müxtəlif səbəblər irəli sürmək olar”.
Günel Azadə