• şənbə, 27 Aprel, 04:14
  • Baku Bakı 14°C

Böyük sülalənin banisi

05.02.20 11:30 5118
Böyük sülalənin banisi
O, yaradıcı şəxsiyyət kimi beş əsrə yaxındır ki, milyonlarla insanın qəlbinə hakimdir
Türklərdən onlarca, yüzlərcə şair divan bağlamışdır. Bunların arasında taxt-tac sahibləri də olmuşdur. Məsələn, Osmanlı xanədanı üzvlərindən Cəm Sultan (1459-1495), Yavuz Sultan Səlim (1466-1520), Sultan Süleyman (1494-1566, təxəllüsü "Mühibi”), Sultan Bəyazid (1525-1562, təxəllüsü "Şahi”), III Sultan Murad (1546-1594, təxəllüsü "Murad”) və başqaları divan sahibi olmuşlar. Bizim şahlardan Qazi Bürhanəddin (1344-1398), Cahan Şah Həqiqi (1397-1467), Şah İsmayıl Xətai (1487-1524), özbək hökmdarlarından Sultan Hüseyn Bayqara (1438-1506), Məhəmməd Şeybani xan (1451-1510), Übeydulla xan (təxəllüsü "Übeydi”, vəfatı 1539), Abdulla xan (təxəllüsü "Əziz”, ölümü 1551) da divan yazmışlar. Hökmdar olmayan, lakin poeziya səltənətində, könüllərdə taxt-tac quran yüzlərcə türk şairi var.
Orta Asiyada Rəbğuzi, Sarayi, Səkkaki, Durbek, Lütfi, Heydər Xarəzmi, Ətayi, Gədayi, Əhməd Mirzə, Yusif Əmiri, Yəqini, Mahmud Üveysi, Cahan Üveysi, Nadirə, Məhzunə, Babarəhim Məşrəb, Xocanəzər Hüveyda, Məhəmməd Şərif Gülxani və onlarca başqalarını, Azərbaycan-Anadolu sahəsində Sultan Vələd, Yunus Əmrə, Xoca Dəhhani, Əhməd Fəqih, Qul Əli, Aşiq Paşa, Yusif Məddah, Nəsimi, Fü-zuli, Kişvəri, Behişti, Çakəri, Müidi, Fikri Dərviş, Həmdullah Həmdi, Əhməd Ridvan, Cəlili, Taşlıcalı Yəhya, Lamii Çələbi kimi əhli-qələmləri göstərmək olar.
Hökmdar-şairlər arasında Zəhirəddin Məhəmməd Babur (1483-1530) xüsusi yer tutur. O, böyük dövlət xadimi, 332 il ərzində Şimali Hindistanda hökm sürmüş baburilər sülaləsinin banisi, mahir sərkərdə və diplomat, taktik və strateq, qılınc oynatmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, həm də memarlıq sahəsində gözəl mütəxəssis,botanika, zoologiya, astronomiya, coğrafiya üzrə heyrətli dərəcədə dərin bilik sahibi, eyni zamanda görkəmli şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, musiqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmışdır. Babur Hindistanı fəth etməklə oraya İslam dinini götürmüş, bununla da müasir Pakistanın əsasını qoymuşdur.
Babur yaradıcı şəxsiyyət kimi beş əsrə yaxındır ki, milyonlarla insanın qəlbinə hakimdir. Onun qələmindən iki divan, saysız-hesabsız qəzəl, qəsidə, rübai, tuyuğ və başqa janrlardakı əsərlər, poetika, əruz, musiqi, şəriət və hərb sənəti üzrə elmi risalələr çıxmışdır. O, "xətti-baburi” adlı xüsusi bir əlifba yaratmış, Quranı bu əlifba ilə yazdırmışdır. Qısa şəkildə desək, Babur özbək tarixində Əmir Teymurdan sonra ikinci böyük hökmdar, Əlişir Nəvaidən sonra ikinci böyük ədəbi şəxsiyyətdir.
Böyük siyasi xadim və alim Cəvahirləl Nehru dahi Babura yüksək qiymət verərək yazmışdır: "Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi, mədəniyyətin digər sahələri isə qarşılıqlı təmasa keçdi. Babur valehedici şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insan idi, o, incəsənəti, ədəbiyyatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı”. Bu fikri elə həmin dövrlərdə Orta Asiyada və Hindistanda qələmə alınmış "Tarixi-Rəşidi”, "Hümayunnamə”, "Tarixi-Hümayun şah”, "Əkbərnamə”, "Təbəqəti-Əkbəri”, "Tarixi-Fəriştə”, "Cahangirnamə” kimi tarixi qaynaqlarda göstərilən faktlar da təsdiq edir.
Baburun ən məşhur əsəri olan "Baburnamə” (digər adları: "Vəqaye” və "Baburun xatirələri”) haqqında ayrıca danışmaq lazımdır. Türk və İslam ədəbiyyatı tarixində memuar janrında yazılmış ilk əsər olan "Baburnamə” 1494-1529-cu illər arasında Orta Asiyada, Əfqanıstanda və Hindistanda baş verən bütün hadisələri, müəllifin öz həyatını, o dövrün bütün siyasi xadimlərini, elm və ədəbiyyat nümayəndələrini əhatə edir. Kitabda o regionun flora və faunası, coğrafiyası, etnoqrafik özəllikləri barədə geniş məlumat var. Əsərin ondan artıq əlyazma nüsxəsi mövcuddur.
"Baburnamə” hələ müəllifin öz sağlığında böyük əks-səda doğurmuşdur. Baburun oğlu Əkbər şahın sarayında üç dəfə fars dilinə tərcümə edilmişdir. Yekdil rəyə görə, ən yaxşı tərcümə Əbdürrəhim xani-xanana məxsusdur (1586). O, Baburun yaxın silahdaşı, baburilər imperiyasının qurulmasında mühüm xidmətləri olan məşhur sərkərdə, çağatay və türkmən ədəbiyyatının klassiki Bayram xanınoğludur. Bayram xan əvvəlcə bir müddət Şah İsmayıl Xətainin yanında qulluq etmişdir.
"Baburnamə”nin şöhrəti qısa müddət ərzində Avropaya da ya-yılmış, Vitsen onu holland dilinə (1705), C. Leyden və V.Erksin ingilis dilinə (1826), Pavel de Kurteyl fransız dilinə (1871), Rəşid Rəhməti Arat türk dilinə (1940), Mixail Salye rus dilinə (1943) tərcümə etmişlər. "Baburnamə” bizim dilimizə iki dəfə tərcümə olunmuşdur. Bu sətirlərin müəllifi və professor Füzuli Bayat bir-birindən xəbərsiz halda bu kitabı Azərbaycan dilinə çevirmişlər. Hər iki tərcümə 2011-ci ildə çapdan çıxmışdır.
Babur eyni zamanda türk ədəbiyyatında ilk tərcüməçilərdən biridir. Ağır xəstə olduğu zaman "əgər bu xəstəlikdən qurtulsam, o zaman mənə Babur adını qoyan Xoca Übeydullah Əhrarın "Risaleyi-validiyyə”sini farscadan türk dilinə tərcümə edəcəyəm” deyə əhd edən Babur, 1528-ci ilin 6 noyabr günü tərcüməyə başlamış, "Baburnamə”də yazdığına görə, tək bir gün ara verməklə, əsəri iki həftə ərzində tamamlamışdır. Babur bu risalənin müəllifinə dərin hörmət və sonsuz ehtiram bəslədiyi üçün həmin əsəri öz divanının əvvəlinə qoymuşdur.
2011-ci ilə qədər Azərbaycanda mütəxəssisləri çıxmaq şərtilə, çox az adam ulu Baburun böyük sənəti ilə tanış idi. Çünki dünya tarixinə türk adını öz kəskin qılıncı və zərif qələmi ilə qızıl hərflərlə yazmış Zəhirəddin Məhəmməd Baburun o günə qədər ölkəmizdə heç bir kitabı nəşr edilməmişdi. Bu acı gerçəklə üzləşmək mümkün idi, ancaq onunla barışmaq olmazdı. Ona görə də, Baburun "Seçilmiş əsərləri”ni hazırladıq və nəşr etdik. Azərbaycan oxucuları və ədəbi ictimaiyyət Baburun bu kitabını böyük rəğbətlə qarşıladı, bu azman şairlə bağlı ədəbiyyat, ədəbiyyatşünaslıq və tədris sahəsində uzun müddətdən bəri mövcud olan boşluq, gec də olsa, dolduruldu. Bu boşluq elə həmin il onun məşhur "Baburnamə”sinin tərcüməsi və nəşri ilə tam olaraq aradan qalxdı.
Hər il fevralın 9-da qardaş Özbəkistanda Nəvainin, fevralın 14-də isə Baburun növbəti doğum gününə (bunun yuvarlaq rəqəm olması vacib deyil) həsr olunan beynəlxalq tədbirlər keçirilir. Bu məclislərə dünyanın çox yerindən, o cümlədən Azərbaycandan alimlər, mütəxəssislər dəvət edilir, məruzə və çıxışlar dinlənilir, fikir mübadiləsi aparılır. Mən bir neçə dəfə həmin mötəbər tədbirlərdə ölkəmizi təmsil etmişəm. 2018-ci ildə keçirilən növbəti tədbirdə Nəvai şəhər xalqdeputatları məclisinin qərarı ilə "Nəvai şəhərinin fəxri vətəndaşı” adına layiq görüldüm. Təbii ki, bunun bir səbəbi var idi. Mən bundan bir müddət əvvəl Bakıda "XX əsr özbək şeiri antologiyası”nı (2009, 96 s.), Sultan Hüseyn Bayqaranın "Divanı”nını (2011, 248 s.), Zəhirəddin Məhəmməd Baburun "Seçilmiş əsərləri”ni (2011, 328 s.) və "Baburnamə”sini (2011, 432s.+32 s. rəngli miniatür) tərcümə və nəşr etdirmişdim. Buna görə, şairin vətəni Əndicanda yerləşən Beynəlxalq Babur Fondu məni 2011-ci ildə Babur adına mükafata layiq görmüşdü. Nəvai şəhərinin rəhbərləri bunu bilirdilər və məni fəxri vətəndaş seçməklə Nəvainin Xəmsəsini tərcümə etməyi xahiş etdilər. Mən də bu missiyanı yerinə yetirməkdən və Nəvai Xəmsəsini tərcümə etməkdən böyük şərəf duyacağımı bildirdim.
Bakıya döndükdən sonra işə başladım və iki il ərzində dahi şair Əlişir Nəvainin "Heyrət ül-əbrar”, "Fərhad və Şirin”, "Leyli və Məcnun”, "Səbaisəyyar" və "Səddi-İskəndəri” poemalarını çağatayca orijinaldan tərcümə elədim, onlara ön söz, qeyd və şərhlər yazdım. Bu işdə kitabların elmi redaktoru akademik Rafael Hüseynovun, redaktorlar - Daşkənddən Dilnəvaz Yusupovanın, Bakıdan isə Nailə Əskərin mühüm dəstəyini minnətdarlıqla qeyd etmək istəyirəm.
Sonda isə Baburun axıcı qəzəllərindən birini oxucuların diqqətinə təqdim etmək istərdim. Daxili qafiyəli bu qəzəl məzmun və formaca gerçək bir inci təsiri bağışlayır:
Xəttin ara üzarın – səbzə içində lalə,
Ol çeşmi-pürxumarın – lalədəki qəzalə.
Bütün pərilər, ey can, gərdində zarü heyran,
Guya ərər nümayan ay dövrəsində halə.
Mehrü vəfanı əğyar çox gördü səndən, ey yar,
Cövrü cəfanı bisyar qıldın mana həvalə.
Hicrində, ey pəriru, gözümdən uçdu uyğu,
Hər gecə dana doğru işimdir ahü nalə.
Üzümə baxsan, ey yar, görərsən yüz qüssə var,
Eşqində Babur yazar bu növ yüz risalə.
Göründüyü kimi, Baburun və Nəvainin sənəti ilə bağlı bəzi uğurlu işlər həyata keçirilsə də, hələ qarşıda bizi gözləyən çox iş var. Sağlıq olsun!
Pr.Dr. Ramiz Əskər,
Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri,
Babur adına Beynəlxalq mükafat laureatı,
Nəvai şəhərinin fəxri vətəndaşı
banner

Oxşar Xəbərlər