• cümə, 26 Aprel, 20:26
  • Baku Bakı 22°C

BVF-dən Ermənistanla bağlı bədbin proqnoz

04.06.15 10:35 997
BVF-dən Ermənistanla bağlı bədbin proqnoz
Fondun nümayəndəsi Tereza Daban Sançes: “Bu ölkə iqtisadi şokdadır və onu irimiqyaslı qeyri-müəyyənlik gözləyir”
Ermənistanla bağlı bədbin proqnozların ardı-arası kəsilmir. Beynəlxalq təşkilatlar dəfələrlə bu ölkəni bürüyən iqtisadi fəlakət, korrupsiya və s. problemlər barədə hesabatlar dərc ediblər. Bu dəfə isə Beynəlxalq Valyuta Fondu (BVF) Ermənistan üçün arzuolunmaz göstəricilər ortaya qoyub. Fondun nümayəndəsi Tereza Daban Sançes bəyan edib ki, Ermənistan iqtisadiyyatı böyük bir rəqabətə, oyunçuların sayının artmasına, oyun qaydalarına nəzarət və ədalətli məhkəmə sisteminə ehtiyac duyur. Onun sözlərinə görə, bütün bunlar digər ölkələrdə işləyir, tək Ermənistandan başqa. BVF təmsilçisi xüsusən də qanunvericilik sahəsində ciddi problemlərin olduğunu bəyan edib. O bildirib ki, qanunlar tətbiq edib mentaliteti dəyişmək gərəkdir. İspan əsilli rəsmi bəyan edib ki, yalnız və yalnız ölkənin demokratikləşməsindən sonra iqtisadiyyatda sistem dəyişiklikləri gözləmək olar. BVF funksioneri baş nazir Ovik Abramyanın Ermənistan iqtisadiyyatı ilə bağlı proqnozlarını da alt-üst edib. Belə ki, baş nazir iqtisadi yüksəlişin 4,1 faiz olacağını bəyan edib. BVF isə bu rəqəmləri şübhə altına alıb. “Bizim mövqeyimiz Ermənistan hökumətinin mövqeyindən fərqlənir. Biz müşahidə edirik ki, Rusiyada vəziyyət pisləşir və bu da birbaşa Ermənistana, onun iqtisadiyyatına təsir edir” –deyən BVF rəsmisi Ermənistanın 2015-ci ildə sıfır inkişaf gözlədiyini söyləyib. O, sonda bildirib ki, Ermənistan iqtisadi şokdadır və irəlidə onu irimiqyaslı qeyri-müəyyənlik gözləyir.
Bu arada elektrik enerjisinin qiymətində artım ölkədə vəziyyətin günbəgün gərginləşməsinə səbəb olur. Bu, ən çox sahibkar dairələrin arasında böyük təlaş doğurub. Elə bu səbəbdən də Sahibkarlar və İşəgötürənlər İttifaqı kəskin bəyanat verib. Bəyanatda Ermənistan hökumətindən yaranmış gərgin vəziyyətin hərtərəfli öyrənilməsi, araşdırılması üçün müstəqil beynəlxalq auditorların cəlb edilməsi tələb olunur: “Biz məzlum insanları “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkətinin qəbuledilməz davranışına uyğunlaşmamağa çağırır, əhalinin və şəxsi istehlakçıların hesabına maliyyə “itkilərini” kompensasiya edənləri lənətləyirik. Bu gün istehlak və ixrac həcmlərinin kəskin düşməsinə görə vəziyyət əhəmiyyətli dərəcədə çətinləşir. Buna görə də əhalinin gəlirləri tamamilə azalıb. Yaranmış ağır şəraiti anlamaq lazımdır”. İttifaq daha sonra bəyanatında vurğulayıb: “Avrasiya İqtisadi İttifaqı (Aİİ) ərazisində elektrik enerjisinə görə tariflərin ən yüksək səviyyəsi bizdədir. Belə olan halda məhsulumuz Aİİ bazarında rəqabətə davamsız olacaq. Yenidən bildiririk ki, dövlət strukturlarında hələlik məsuliyyət daşıyanlar energetika sistemində ciddi islahatlara ehtiyac olduğunu dərk etsinlər. EEŞ öz maraqlarını güdür. Vəziyyətin sonrakı pisləşməsi həm siz, həm də ölkə üçün fəlakətli olacaq”.
Məlumdur ki, EEŞ enerji tarifinin 40 faizdən çox artırılması haqqında Tarif Şurasına sifariş verib. EEŞ belə addımı bu sahənin zərərlə işləməsi ilə əlaqələndirir. Xalq, ölkənin köklü siyasi və ictimai dairələri isə buna qarşıdır və qiymətlərin artırılması ilə bağlı bir neçə dəfə etiraz aksiyası keçiriblər. Növbəti, daha kütləvi aksiya bütün ölkə boyu iyunun 19-na təyin olunub.
Yeri gəlmişkən, Ermənistanın “Daşnaksutyun” Partiyasının parlamentdəki fraksiyasının deputatı Arsvik Minasyan ölkə rəhbərliyini maliyyə fırıldaqlarında günahlandırıb və xalqın onlardan hesab istəməsinin vaxtının çatdığını bildirib. O, ölkənin maliyyə nazirinin müavini, baş xəzinədar Atom Canduqazyana sorğu göndərib ki, Avropa İttifaqından alınmış 5,9 milyard dram hara xərclənib. Baş xəzinədar sorğuya cavabında bildirib ki, Avropa İttifaqı ölkələrindən 5,9 yox, ümumilikdə 7,1 milyard dram alınıb. Amma bunun hamısı məqsədli qrant kimi verilməyib. O deyib: “Bu vəsaitlər xərclənib, amma hara xərclənib, buna cavab yoxdur. Çox güman ki, bu vəsait büdcə xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilib. Bütün daxilolmalar kimi, bu vəsait də konkret xərclər üçün nəzərdə tutulmayıb. Bu vəsait hansısa xüsusi proqramın icrası üçün də istifadə edilməyib”.
Beləliklə, maliyyə nazirinin müavini prezident Serj Sarkisyanın korrupsiyasının, paxırının üstünü açıb. Baş xəzinədar üstüörtülü şəkildə demək istəyib ki, məsələ “bizlik deyil”. Onun bu açıqlaması iqtidardakıların ürəyincə olmasa da, müxalifətin ürəyincə olub və xalqı uçuruma aparan indiki rejimin əsl mahiyyətini açıb göstərib.
Yerli sakinlərin bu məsələyə reaksiyası çox aydın olub: “Ölkənin gününə bax ki, baş xəzinədar pulun hara xərclənməsindən bixəbərdir. Belə ölkə olar? Ermənistana müxtəlif yollarla - istər yardım, istər dilənçilik formasında, istər qrant kimi verilən, istərsə də oğurluq yolla və narkobiznesdən əldə olunan pulların hamısı Sarkisyan rejiminin xüsusi adamları tərəfindən istədikləri kimi xərclənir. Bu, anarxiyadır, özbaşınalıqdır. Xalqın buna son qoymasının vaxtı çatıb”.
Hakimiyyətin yalanlarının ruporu qismində çıxış edən Ermənistan Statistika Xidmətinin sosial inkişaf və iqtisadi yüksəlişlə bağlı hesabatı da əhalidə qəzəb doğurub. Belə ki, xidmət bu Qafqaz ölkəsinin əhalisinin sayını açıqlayıb. Məlumata görə, aprel ayının 1-nə olan məlumata görə, əhali sayı 3 milyondan bir az çoxdur və təqribən 6 min azalma olub. Yerli mətbuatın yazdığına görə, bir müddət öncə statistika xidməti bu tədris ilində Ermənistandan kənara çıxan orta məktəb şagirdlərinin sayının 6 min olduğunu açıqlamışdı. Belə çıxır ki, məktəblilər yanlarında ata-anaları, bacı və qardaşları olmadan Ermənistanı tərk ediblər? Qəzetlər yazırlar ki, Ermənistan Statistika Xidmətinin məlumatları aysberqin zirvəsinə bənzəyir. Miqrasiya günbəgün artır. İnsanlar artıq onlar üçün ögeyləşən öz ata-baba yurdlarını tələsik tərk edirlər və işsizlik, pulsuzluq, yoxsulluq miqrasiyanın artmasının əsas şərtlərindəndir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər