“Burulğan” bədii filminin treyleri təqdim olundu
Dünən Beynəlxalq
Mətbuat Mərkəzində ENES.F productionun növbəti layihəsi olan "Burulğan”
filminin treyleri mətbuat nümayəndələrinə təqdim olundu. Bildirildi ki, sözügedən
film öz ssenarisi və süjet xətti ilə digər filmlərdən seçilir. Belə ki, film
özündə müharibə, döyüş, sevgi və intiqam kimi süjet xətlərini birləşdirir.
Mətbuat
konfransında filmin rejissoru və ssenari müəllifi Sevinc Səfərova bildirdi ki, film
çəkilişi zamanı çox yüksək texnika və kameralardan istifadə olunacaq və filmin
müəyyən hissəsi xaricdə lentə alınacaq. Keyfiyyət
və professionallığın əsas məqsədləri
olacağını qeyd edən rejissor xalq olaraq mübarizəni təkcə silahla aparılmasının
əleyhinə olduğunu da xüsusi vurğuladı: "Azərbaycan xalqı olaraq mübarizəni təkcə
silahla döyüşərək deyil eyni zamanda, mədəniyyətimiz,
musiqimiz, idmanımız, filmlərimizlə aparmalıyıq. "Burulğan” bədii filminin ssenarisi də elə bu
məqsədlə qələmə alınıb. Bədii filminin ssenarisi daxilində müharibənin günahsız
körpələrə, qadınlara, qocalara bir sözlə, insanlığa verdiyi fəsadları göstərmək
və Azərbaycan xalqının dinlərə hörmətlə yanaşan tolerant bir xalq olduğunu
vurğulamaq, dinindən, irqindən asılı olmayaraq, azad sevgini, öz mədəniyyətimizi
və Azərbaycan xalqının mərdliyini geniş şəkildə dünyaya göstərərək, səsimizi
film vasitəsi ilə dünyaya duyurmağı qarşımıza məqsəd qoymuşuq”.
Filmin digər ssenari müəllifi olan Ruslan
Nadir mətbuata açıqlamasında bu layihənin ölkəmizə böyük uğurlar gətirəcəyindən
danışdı. Bildirdi ki, film sentyabrın sonlarına yaxın tamaşaçılara təqdim
olunacaq.
Filmdə əsas
rolları Amin Əliyev, Cavanşir Hadıyev, Hacıbaba Məmmədov, ukraynalı aktrisa
Nataliya Nikitina və digər aktyorlar canlandıracaqlar.
Məlumat üçün
bildirdək ki, filmin rejissoru Sevinc Səfərova
Nyu York film Akademiyasında təhsil alıb. Bir neçə filmlərin müəllifidir.