• cümə, 26 Aprel, 23:48
  • Baku Bakı 22°C

Bu qış çox sərt keçir?

18.02.17 11:00 3826
Bu qış çox sərt keçir?
Bu il Azərbaycanda qışın sərt keçdiyini hər kəs deyir. Demək olar ki, ölkənin bütün ərazilərinə qar yağdı. Özü də bir neçə dəfə. Hələ qışın başa çatmadığını nəzərə alsaq, qarın yenə də yağma ehtimalı var. Son illər ölkə ərazisində belə qarlı havaların müşahidə edilmədiyini nəzərə alsaq, bu qışın sərt keçdiyini ehtimal edə bilərik. Bəs qışın sərt keçməsi, qarın çox yağması nəyin əlamətidir?
Azərbaycanda hər 6-7 ildən bir, qışda qar çox yağır
Biologiya üzrə fəlsəfə doktoru, Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycanda bu il uzunmüddətli və böyük şaxtalar olmadığı üçün qışın sərt keçdiyini demək olmaz: "Bizdə yüksək şaxta hələ ki, olmayıb. Ötən il Bakıda bir neçə gün 5-10 dərəcə şaxta olsa da, bu il cəmi 4 gün şaxta olub. Özü də bu qış elə güclü şaxta olmayıb. Qarın tez-tez yağmasına gəlincə, Azərbaycanda hər 6-7 ildən bir, qışda qar çox yağır. Lakin ümumiyyətlə, iqlimin dəyişilməsi öz nəticələrini göstərib. Avropada qar, yağışlar bu il çox yağıb. Bu, doğrudan da Avropa üçün böyük təhlükə yaradır. Rusiya, Türkiyəyə və hətta Səudiyyə Ərəbistanına da qar yağıb. Deməli, iqlimin dəyişilməsi qışda özünü göstərir. Yayda da özünü göstərir. Belə ki, bəzi yerlərdə 2-3 ay quraqlıq olub. Bu ilin çox soyuq keçdiyini deməzdim. Keçən ili ən isti il adlandırırdılar. Amma bu ili ən soyuq qış adlandırmaq olmaz.
Bəli, Rusiyada bəzi yerlərdə 40-50 dərəcə şaxta olub. Ancaq Rusiyada belə şaxtalar tez-tez olur. Dünən 18-20 sm qar yağmışdı. Amma şaxta olmadığı üçün qar tez əriyəcək. Bakı və Abşeronda ən kəskin vəziyyət şaxta ilə bağlıdır”.
F.Cəfərov deyir ki, qışın sərt olacağını öncədən proqnozlaşdırmaq çox çətindir. Ona görə də əvvəldən verilən proqnozlar həmişə özünü doğrultmur: "Dünyada bir neçə böyük qurum bu məsələ ilə məşğul olur. Lakin daha dəqiq qısa və ortamüddətli proqnozlar verə bilirlər. Ancaq uzunmüddətli proqnoz verə bilmirlər”.
F.Cəfərov onu da qeyd etdi ki, Azərbaycanda "ən sərt qış” son illərə təsadüf etməyib: "Yadımda gələn 1968-ci ildir. Abşerona elə qar yağmışdı ki, bəzi qəsəbələrə ərzağı hərbi texnikalarla aparıblar. 1978-79-cu illərdə də sərt, şaxtalı qış olub”.
Son 22 ildə ən soyuq fevral ayı 2012-ci ildə müşahidə edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyir ki, qarlı hava bu il tez müşahidə olunsa da, qış sərt keçmir: "Əvvəlki illərdə də qarşıdan gələn qışın sərt keçəcəyi ilə bağlı proqnozlar səsləndirilirdi. Amma bunlar baş verməyib. Ötən il və ondan əvvəlki qış nisbətən mülayim keçdi. Düzdür, qarlı hava bu il bir qədər tez gəldi. Oktyabr, noyabr aylarında rayonlarımızda qar yağmışdı. Ancaq bu qışın sərt keçdiyini deməyə əsas vermir”. A.Verdiyevin sözlərinə görə, bu qış əksinə, bir az mülayim keçir: "Ayrı-ayrı günlərdə havanın soyuqluğu müşahidə olunur. Əvvəlki qışlarda da belə olub. Qışın sərt yox, nisbətən mülayim keçdiyini deyə bilərik. Son 22 ildə ən soyuq fevral ayı 2012-ci ildə müşahidə edilib. Hətta Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 11 dərəcə olub. Eyni zamanda, fevralın ilk 20 günündə soyuq hava şəraiti müşahidə olunub. Bu ilin fevral ayında isə Bakıda bir-iki dəfə qarlı hava müşahidə edilib. Ümumi götürəndə, qış elə də sərt keçmir”.
Baş hidroloq bildirdi ki, fevralın sonunda qışın sərt keçib-keçmədiyi ilə bağlı daha dəqiq danışmaq olar: "Qış dövrü bizdə dekabr, yanvar, fevral ayları hesab edilir. Qışın əsas sonuncu ayı fevral götürülür. Qışın sərt keçib-keçmədiyini bu ayın sonunda müəyyənləşdirmək olacaq. Bu ayların ümumi tədqiqatları aparılır, norma ilə müqayisə edilir”.
A.Verdiyev qeyd etdi ki, havalar yaxın günlərdə mülayimləşməyə doğru gedəcək: "Fevralın 18-dən etibarən 2-3 gün ərzində yağmursuz hava müşahidə olunacaq. Temperatur tədricən yüksələcək. Bakıda və Abşeron yarımadasında gündüz 5-9, aran rayonlarında 4-9 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Hava mülayimləşməyə doğru gedəcək”.
Aygün
banner

Oxşar Xəbərlər