BSU rektoru amerikalı qonaqları qəbul edib
BSU-nun rektoru, professor Nurlana Əliyeva
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri
Haydi Simit və Montereydəki Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun
nümayəndəsi Deyvid Viki qəbul edib. Görüşdə BSU-nun elmi işlər üzrə prorektoru,
professor Rafiq Novruzov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sahibə
Qafarova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyyə Abbasova iştirak ediblər.
Qonaqları universitetdə görməkdən məmnun qaldığını
deyən rektor Nurlana Əliyeva onlara BSU-nun fəaliyyəti, buradakı təhsil sistemi, tədris-mədəniyyət mərkəzləri barədə ətraflı
məlumat verib. N.Əliyeva universitetin beynəlxalq əlaqələri, ali təhsil müəssisəsində
dünyanın tanınmış universitetləri ilə bağlanan müqavilələrə əsasən müəllim və tələbə
mübadləsindən söz açıb. Rektor qonaqların BSU-ya əcnəbi tələbələrin qəbulu ilə
bağlı suallarına ətraflı cavab verərək bildirib ki, əcnəbi tələbələr bir il ərzində
hazırlıq kurslarında təhsil aldıqdan sonra BSU-da bakalavr səviyyəsinə qəbul
olurlar. N.Əliyeva əcnəbi tələbələrin təkcə bakalavr deyil, magistratura və
doktorantura üzrə oxumaq imkanlarının olduğunu da diqqətə çatdırıb.
Söhbət zamanı ABŞ-da professor və müəllimlər, o
cümlədən tələbələr üçün nəzərdə tutulmuş təhsil proqramlarından söz açan
amerikalı qonaqlar ABŞ-da təhsil alan əcnəbi tələbələri Azərbaycan universitetlərinə
cəlb etməklə bağlı bir sıra fikirlər irəli sürüblər. Bakı Slavyan
Universitetinin fəaliyyətini yüksək qiymətləndirən qonaqlar BSU tələbələrinə
lazımi dəstəyi verməyə daim hazır
olduqlarını vurğulayıblar.