• cümə, 26 Aprel, 08:39
  • Baku Bakı 12°C

Biznes qurmaq istəyən gənclərə yaşıl işıq

17.11.17 20:41 4555
Biznes qurmaq istəyən gənclərə yaşıl işıq
"Bakcell və "SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb”. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi ilə həyata keçirdiyi yeni layihə də şirkətin növbəti xeyriyyə addımını nümayiş etdirdi. Belə ki, şirkətin "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün ayırdığı maliyyə vəsaiti üç gəncin sevincinə səbəb oldu. Bu vəsaitlə öz kiçik bizneslərini qurmaq imkanı əldə edən gənclər "Bakcell”in dəstəyilə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən "Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.
Qeyd edildi ki, Bakcell şirkəti 2009-cu ildən etibarən "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Yeni layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc "Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr "Bakcell”in, "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirib. Ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin Bakcell şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar "Floristika” gül dükanı, "Şirniyyat evi" və "Çay evi" layihələridir.
Məlumat verildi ki, qalib gənclərdən Vüsal Məmmədov gül mağazasında köməkçi işləyib. 7 ildir, işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda öz gül mağazasını açmağa iddialıdır. Biznes planı mükəmməl hazırlanıb.
Mehri Yolbaşova bir neçə ildir ki, şirniyyatçı yanında köməkçi işləyir. Əksər qənnadı məhsullarını sərbəst hazırlamağı bacarır.
Seymur Kazımlı bir müddət çay evində çayçı və ofisiant işləyib. İşin detallarına bələddir. Biznes detalları düzgün tərtib edilib.
Gənclərin biznes planlarının hazırlanmasına mütəxəssislər tərəfindən dəstək göstərilib. Qiymətləndirmə zamanı biznes planın hazırlanması, ideyanın real bazar şərtlərində özünü doğrultma imkanları, müraciət edən şəxsin təcrübəsi və sosial vəziyyəti və. s kimi meyarlar əsas götürülüb.
"Biznes mühitinin içində, işgüzar həyata baş qarışdığından çox vaxt real problemlərdən uzaq düşürük" - deyən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu tip layihələrin böyük mənasının olduğunu bildirdi: "Bu cür layihələrdə iştirak edəndə çox xoş oluruq. Bakcell şirkəti uzun illərdir ki, öz Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Onların təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin olması çox vacibdir”. N.Beckers gənclərin biznes sahəsində uğur qazanmaq istəklərini yüksək dəyərləndirdi: "İstənilən işlə məşğul olmaq üçün israrlı olmaq lazımdır. İsrar varsa, demək uğur da olacaq”. N.Beckers gənclərə səslənərək "Həyatda hər hansı işdə uğursuzluğa düçar olanda heç vaxt inamınızı itirməyin, yenidən cəhd edin, onda uğur sizinlə olacaq!”
Dövlət Məşğulluq Xidmətinin sektor müdiri Kamran Həsənov dövlətin sosialyönümlü siyasətinin gənclər üçün geniş imkanlar açdığını bildirdi: "Sevindirici haldır ki, Bakcell şirkəti biznesini qurmaq istəyən gənclərə dəstək göstərib. Bu, dövlətin əhalinin həssas qruplarına göstərdiyi siyasətə dəstəkdir. Bu tip layihələrin genişlənməsinə və davamlı olmasına ehtiyac var”.
SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının proqram əməkdaşı Cavid İmamoğlu "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Bakcell şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində "Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirdiyini bildirdi: "Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, "Əmək bazarının və peşəkar oriyentasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. "Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir”. C.İmamoğlu bu tip layihələrin həyata keçirilməsinin əməkdaşı olduğu qurumun əsas hədəflərindən olduğunu qeyd etdi: "Bacarıqlı gənclərin həyatda yer tutmaları, öz ideyalarını gerçəkləşdirmək üçün bu layihə çox əhəmiyyətlidir”.
Gələcəkdə gənclərə yönəli layihələrə, onların biznes planlarına daha çox dəstək olunacağı qeyd edildi.

Təranə Məhərrəmova





banner

Oxşar Xəbərlər