• cümə, 26 Aprel, 06:24
  • Baku Bakı 12°C

“Bir günlük xəlifə”lərin hökmranlığı - Fotolar

14.12.17 09:00 6271
“Bir günlük xəlifə”lərin hökmranlığı - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) "Bir günlük xəlifə” "Tələbə Özünüidarəetmə Günü” layihəsi keçirilib.
"Bir günlük xəlifə”nin mətbuat katibi Şahin Sərdarlıbildirdi ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə, onların peşə məsuliyyətini dərk etməsinə yardım etməkdir:"Bu gün universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla, 32 rəhbər vəzifədə tələbələrin açıq səsvermə yolu ilə seçildiyi "xəlifə”lər fəaliyyət göstərəcək. Həmin "xəlifə”lər universitetdə bir gün ərzində tədris prosesi, inzibati və digər işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Rəhbər postları tutan tələbələr bir gün ərzində icra etdikləri vəzifənin maaşını da alacaqlar. "Xəlifə”lərin qəbul etdiyi qərarlar tam olaraq hüquqi qüvvəyə malikdir. Onu da qeyd edim ki, xəlifələr 13 dekabrdan sonra "kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələri davam etdirəcəklər”.
Qayıbları sildirmək, kəsrlərini ləğv etdirmək istəyənlər olur
Mətbuat katibinin yanında ayrılıb ADU-nun rektoru Kamal Abdullanın otağında əyləşən bir günlük "xəlifə-rektor”un yanına getdik. Rektor universitetin Təhsil fakültəsinin 3-cü kurs tələbəsi Nicat Aşurov seçilib. Nicat universitetə qəbul olduğu gündən aktiv tələbələrdəndir və rektor seçilməyində də bunun əhəmiyyətli rol oynadığını deyir: "Seçkilər zamanı ədalətlilik prinsipi qorundu. Biz gün ərzində müxtəlif qərarlar verəcəyik. Tələbələrdən yaxınlaşıb qayıblarını sildirmək, kəsrlərini ləğv etdirmək istəyənlər olur. Amma biz bu qərarları qanun çərçivəsində etməliyik. Bu bir gündə elə addım atmalıyıq ki, sabah hər şey normala qayıdanda, verilən qərarların çətinliyi yaşanmasın. Bu vəzifənin necə məsuliyyətli olduğunu hiss etdik. İşin bir neçə saatdır ki, başlamasına baxmayaraq, üzərimdə olan stress, həyəcan hələ keçməyib”.
"Tələbə yoldaşlarım platformamı bəyəndikləri üçün...”
Tədris işləri üzrə prorektoru əvəz edən bir günlük "xəlifə” - Elşən Qəhrəmanov ADU-nun Təhsil fakültəsinin 4-cü kurs tələbəsidir. O, həyəcanlı olduğunu və hələ də tutduğu vəzifəyə uyğunlaşa bilmədiyini deyir: "Çox sevindirici haldır. Həmişə tələbə kimi gəldiyim otağa, indi vəzifənin icraedicisi kimi gəlmişəm. Bu, çox möhtəşəm hisdir, hələ də inana bilmirəm. Tələbə yoldaşlarım platformamı bəyəndikləri üçün məni bu vəzifəyə layiq gördülər. Düşünürəm ki, seçilməyimdə çıxışımın əvvəlində və axırında dediyim sözlərin təsiri böyükdür. Sonda dedim ki, əsas olan doğru yolu getmək deyil, getdiyin yolu doğru etməkdir”.
"Bu, bir növ yuxuya bənzəyir”
Bir günlük "xəlifə” Səma Məmmədzadə isə Filologiya və Jurnalistika fakültəsinin 3-cü kurs tələbəsidir. O, Elm və Təhsil Məsələləri üzrə müşavir vəzifəsini icra edirdi: "Bu gün elmi laboratoriyalarla, tədqiqat mərkəzləri ilə birlikdə bəzi işlərin görülməsi nəzərdə tutulub. Bəzən elm deyəndə, insanlar təkcə elmi məsələləri anlayır. Elm deyəndə, bura mədəniyyət və incəsənət sahələri də daxildir. Çünki düşünürəm ki, bizi həm mədəni, həm də elmi cəhətdən irəli çəkəcək tədqiqatlarımızı həyata keçirməliyik. Mənə verilən səlahiyyətdən yararlanıb, bu istiqamətdə bir sıra tədbirlərdə iştirak edəcəyəm. Həmçinin prorektorun bir gün ərzində edə biləcəyi işləri görməyə çalışacağam”.

Müsahibimiz keçirdiyi hisləri bizimlə bölüşdü: "Həqiqətən çox möhtəşəm bir təcrübədir. Bu, tək mənim üçün yox, "xəlifə” seçilən bütün tələbələr üçün əvəzedilməz duyğudur. Düşünün ki, bir sahə üzrə ixtisaslaşmaq istəyirsiniz və bunun üçün müəyyən pillələri qalxmalısınız. Amma birdən-birə sənə belə bir şans verilir ki, buyur, sən pillələri qalxmadan da ən azı bir günlük istədiyin işi gör. Bu, bir növ yuxuya bənzəyir. Sanki həyatınızın ssenarisini özünüz yazırsınız. Burada baxış bucağı fərqlilikləri yaranır. Tələbə kimi düşünürük ki, o vəzifədə olsaydım, filan işi görərdim. Amma elə deyil. Vəzifəyə gələndən sonra anlayırıq ki, nələri etmək olar, nələri olmaz. Çox şadam və özümlə fəxr edirəm ki, məni bu vəzifəyə layiq gördülər”.
"Mənə dekan kimi hörmət etməyə başladılar”
Prorektorlarla danışdıqdan sonra dekan vəzifəsini icra edənlərlə də görüşdük. Həmsöhbətimiz Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində dekan vəzifəsini icra edən Samirə Mikayıllıdır. O, işə başlayarkən daxilində kiçik narahatlıqların olduğunu dedi: "Səhər bir az narahat idim. Sanki hər şey bir-birinə qarışmışdı. Amma sonra tələbələrlə söhbət etdikdən sonra hər şey qaydasına düşdü. Həmçinin bu gün valideynlərim mənim xüsusi dəstəkçim oldular. Deyərdim ki, həyəcanım tamam keçib. Bu yolda mənə ən çox dekanımız Adelye xanım kömək oldu. Heç bir işdə öz məsləhətlərini məndən əsirgəmədi. Hətta o, mənə dedi ki, seçilməsən belə, problem yoxdur. Əsas odur ki, namizədliyini ver və orada auditoriya qarşısında özünə inanaraq çıxış et. Həmçinin rəqiblərim də kifayət qədər güclü idilər. Nəticədə tələbələr məni seçdilər. Məncə, çıxış edərkən səmimi danışığım tələbələrin xoşuna gəlmişdi. Nəticələr açıqlanarkən inana bilmirdim ki, qalib gəlmişəm. Sevincimi ilk olaraq müəllimlərimlə bölüşdüm. Seçilən gündən də hiss etdim ki, artıq qrup yoldaşlarım arasında hörmətim artıb. Onlar mənə dekan kimi hörmət etməyə başladılar”.
"Onun uğuruna çox sevinirəm”
Rəhbər vəzifələrə seçilmiş tələbələrdən sonra universitetin digər tələbələri ilə də danışdıq. İlk olaraq Gültac Əmiraslanovailə söhbətləşdik. Gültac Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 2-ci kurs tələbəsidir. O da namizədliyini irəli sürənlər arasında olub: "Bir günlük xəlifə” layihəsi çərçivəsində mən də namizədliyimi İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsinə vermişdim. Bu vəzifəyə namizəd çox idi. Təəssüf ki, seçilmədim. Qrup yoldaşım Şahverən qələbə qazandı. Onun uğuruna çox sevinirəm. Çünki düşünürəm ki, bu posta layiqlilər sırasında idi. Şahverən universitetimizin ən fəal və savadlı tələbələrindəndir. Ona bugünkü vəzifəsində uğurlar arzu edirəm. Bu layihə tələbələrin gələcək iş həyatında böyük önəm daşıyacaq, onlar üçün bəlkə də ilkin təcrübə rolunu oynayacaq”.
"Həmin sahələrlə bağlı beynimdə bir sıra təkliflər var”

Coşqun Gəncəliisə hələ birinci kursda təhsil aldığından, baş verən prosesləri sadəcə, izləməklə növbəti seçkilər üçün təcrübə toplayır: "Hazırda ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin birinci kurs tələbəsiyəm. Bu layihə uzun müddətdir keçirilsə də, mənim üçün ilkdir. Namizədliyimi verməmişdim. Çünki birinci kursda təhsil alıram, bu sahədə təcrübəm azdır. Düşünürəm ki, növbəti illərdə mən də namizəd ola bilərəm. Əgər namizədliyimi versəydim, ya Asiya Mərkəzini, ya da Alman oxu zalını seçərdim. Çünki həmin sahələrlə bağlı beynimdə bir sıra təkliflər var. Düşünürəm ki, gələcəkdə hər hansı müəssisə rəhbəri olacaq biri üçün çox gözəl təcrübədir. Yəni idarəetməni və kollektivlə işləməni öyrənmək baxımından, çox yaxşı təşəbbüsdür”.
Günel Azadə

banner

Oxşar Xəbərlər