Binəqədi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edilib - Fotolar

Binəqədi rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edilib - Fotolar

Təfsilat
05 Oktyabr 2016, 10:59 764
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi,  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Binəqədi Rayon Komitəsinin və Xəzər Universitetinin  "Dünya” məktəbinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Xəzər Universitetinin  "Dünya” məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, Binəqədi Rayon "Ziyalılar” Cəmiyyətinin sədri Asəf  Zamanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən professor Hamlet İsaxanlı müəllimlik peşəsinin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edərək müəllimin yüksək əqidəyə, mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməli olduğunu bildirib. 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd edib.  

Binəqədi Rayon "Ziyalılar” Cəmiyyətinin sədri Asəf Zamanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, "Həm ziyarət, həm ticarət” filmində məşhur "Mustafa müəllim” obrazının ifaçısı Hacı İsmayılov çıxış edərək ölkə prezidenti tərəfindən təhsilin inkişafına diqqətlə yanaşıldığını qeyd ediblər, əldə edilmiş nailiyyətlərin məhz bu diqqət və qayğının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıblar. 

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində də yaddaqalan uğurlar əldə edildiyini bildirib. A.Əliyeva vurğulayıb ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür və bütün bu uğurlar Prezident İlham Əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.  

Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.

Tədbir Xəzər Universitetinin kamera orkestrinin ifasında klassik musiqi sədaları ilə davam etdirilib.

Sonra iştirakçılar üçün çay süfrəsi təşkil edilib, rayonun balaca fidanları müəllimləri gül dəstələri ilə təbrik ediblər.