• şənbə, 27 Aprel, 06:09
  • Baku Bakı 12°C

Bəzi musiqi alətlərinə maraq azalır

08.12.16 13:48 3897
Bəzi musiqi alətlərinə maraq azalır
"Ölkəmizdə Qərb musiqi alətlərində ifa etmək üçün şagird qıtlığı yaşanır. Valideynlər övladlarına musiqi təhsili vermək istəsə də, düşünürlər ki, seçdikləri musiqi alətində ifa etməklə övladları gələcəkdə ailələrini dolandıra bilməyəcəklər”. Bu sözləri Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi APA-ya müsahibəsində deyib.
Həqiqətən də vəziyyət olduqca ciddidir. Görünür, 5-10 ildən sonra Azərbaycanda nə Qərb alətlərində ifa edən tələbə, nə də bu sahədə bir mütəxəssisə rast gələcəyik. Məsələ ilə bağlı müxtəlif ekspertlərə müraciət etdik. Bu barədə onların da fikirləri maraqlı və müxtəlifdir.
Əvvəlcə, məsələ ilə bağlı Siyavuş Kəriminin fikirlərini tamamlayaq. Onun sözlərinə görə, bu gün musiqiçinin vəziyyəti çox çətindir. Toy biznesi ilə məşğul olanlar özlərini bu sahədə normal və çox rahat hiss edirlər.Klassik musiqi ilə məşğul olanlar üçün isə vəziyyət çox ağırdır: "Məndən soruşanda deyirəm, buyurun, burada skripka, tar, fleyta, kamança, fortepiano və sair musiqi alətləri var. Deyirlər ki, fikirləşərik, görək uşaq böyüyəndə bu alətlə öz ailəsini saxlaya biləcək, ya yox? Valideyn düşünür: məsələn, qarmon olsa, lap yaxşı olar. Çünki həmin uşaq sabah ailə sahibi olanda heç olmasa evinə bir parça çörək apara biləcək. Amma bir neçə alət var ki, simfonik orkestrlərdə həmin alətləri çalan musiqiçilərin qıtlığı yaranıb. Çünki valideyn öz uşağını həmin alətin dərslərinə yazdırmır. Buna görə də biz sabah böyük problemlə üzləşə bilərik. Gələcəkdə himnimizi eşitmək üçün trombon çalana futbolçuya verdiyimiz pulu verə bilərik ki, gəlib orkestrdə ifa etsin. Vəziyyət olduqca ciddidir. Gimnaziyada musiqi, rəsm ixtisasını öyrənən uşaqlar məktəbi qurtaranda iqtisadiyyat üzrə təhsil almaq istəyirlər. Çünki iqtisadiyyat gəlir gətirir. Elə tələbələr var, konservatoriyanı bitirib, öz ixtisasları üzrə iş tapa bilmədiyinə görə, turist şirkətində, bankda işləyirlər”.
S.Kərimi onu da əlavə edib ki, problemin həlli üçün xüsusi bir dövlət proqramının qəbul edilməsi zəruridir: "Bu gün kontrabas çalana ehtiyac böyükdür, amma kim övladına icazə verəcək ki, get kontrabas sinfində oxu? Amma bütün bu alətlər bizə lazımdır. Bu sahədə Bakı Musiqi Akademiyası böyük işlər görür. Uşaq evlərində nəfəsli orkestr alətlərini təbliğ edirlər. Bu, qismən boşluğu doldurur”.

Bakı Musiqi Akademiyasının müəllimi, xalq artisti, professor Zəhra Quliyeva isə bizimlə söhbətində bütün musiqi alətlərinə əslində maraq olduğunu, ancaq milli alətlərə üstünlüyün daha çox verildiyini dedi: "Bu, indiki tendensiya deyil, əzəldən belə olub. Qərb musiqi alətlərinə maraq yenə də var. Doğrudur, əvvəlki illərlə müqayisədə indi maraq daha azdır. Sovet vaxtında hər bir ailədə bir piano vardı. Hamı bilirdi ki, övladı orta məktəbi oxumaqla yanaşı, bir musiqi alətində də çalmalıdır. Vacib deyil ki, peşəkar olsun, ancaq mütləq musiqiyə getməlidir. Statistika onu göstərir ki, musiqi ilə məşğul olan uşaqların beyni daha yaxşı inkişaf edir, nəinki davamlı olaraq oxuyan uşaqların. Savadlı valideynlər öz uşaqlarını musiqiyə yönəldirlər. Milli musiqi alətlərinə diqqət hər zaman daha çox olub, bu yalnız indi deyil. Hər şeydən əvvəl valideyn diqqəti bunu həll edir. İstər milli alət olsun, istər Qərb aləti, mütləq şəkildə hər bir uşağı musiqi məktəblərinə yönəltmək lazımdır. Uşaqlar musiqi ilə məşğul olmalıdır. Dərs deməyə də meyil azalıb. İnsanlar hansısa bir məktəbdə dərs deməkdənsə orkestrdə çalmağa daha çox üstünlük verirlər. Bunun da əsil səbəbi onların maaşlarının həddindən artıq aşağı olmasıdır”.

İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova da bildirdi ki, musiqi təhsili bütün dünyada təhsilin elitar formalarından biridir. Uşaqların şəxsiyyət kimi formalaşmasında, onların bədii-estetik tərbiyəsində musiqinin rolu əhəmiyyətli dərəcədə böyükdür: "Bildiyimiz kimi, respublikamızda musiqi təhsili ocaqları fəaliyyət göstərir. Bu təhsil müəssisələrində milli alətlərlə birlikdə, klassik alətlər də tədris olunur. İncəsənət Gimnaziyasında da təsviri-tətbiqi sənət, xoreoqrafiya, teatr şöbəsi fəaliyyət göstərir. Ən çox şagird isə musiqi şöbəsində təhsil alır. Bu şöbədə fortepiano, violan, tar, kamança, kanon alətləri tədris olunur. Şagirdlərimizin böyük əksəriyyəti öz alətləri ilə öz təhsillərini davam etdirirlər. Təəssüf hissi ilə deyim ki, nəfəs alətləri – klarnet, fleyta, truba, valtorna və s. alətlərlə məşğul olan şagirdlərimizin sayı çox azdır. Bununsa səbəbləri müxtəlifdir. Səbəblərdən biri şagirdlərin bu alətlər haqqında az məlumatlı olmasıdır. Artıq birinci sinfə gələndə valideynlər öz uşaqlarını fortepiano, violan alətlərinə yönəltməyə çalışırlar. Ona görə biz bu alətləri mütləq təbliğ etməliyik. Bu alətlərdə çalan şagirdlərin konsertlərini təşkil etməli, alətlərin yaranması, tarixi, inkişafı, bu alətdə ifa edən görkəmli musiqiçilər haqqında məlumat verməliyik. İkinci əsas səbəb isə həmin alətlərin çox baha olmasıdır. Hər valideynin bu alətləri almağa imkanı çatmır. Amma bu istiqamətdə işlər aparılır. Çalışırıq ki, fakültativ olaraq bu alətlərdə tələbələrin tədrisini davam etdirək. Əgər onlar fakültativ dərslərdə öz bacarıqlarını göstərə bilsələr, biz də onları bir ixtisasçı kimi bu alətlərə yönəldəcəyik. Bunu etməsək, yaxın gələcəkdə bu sahə üzrə böyük problemlərlə rastlaşacağıq”.
A.Əhmədova bunun simfonik orkestrlərin fəaliyyət göstərməsi üçün vacib olduğunu qeyd etdi. Vurğuladı ki, dövlətimiz bu sahədə müəyyən işlər görür, beynəlxalq müsabiqələr keçirilir. Təhsil naziri bu alətlər üzrə iştirak etmək üçün şagirdlərə hər bir şərait yaradıb. Son zamanlar iki nəfəs alətində çalan şagirdlərə Prezident təqaüdü ayrılıb. Bakı Musiqi Akademiyasında tez-tez xaricdən dəvət olunmuş ustad dərsləri keçirilir. Bu ustad dərslərinin uşaqların inkişafında çox böyük rolu var.
Adı "Qızıl Kitab”a düşən skripka ifaçısı Cəmilə Əsgərzadənin valideyni Vüsalə Əsgərzadə isə dedi ki, Bülbül adına Orta İxtisas Məktəbində Qərb alətlərinə böyük maraq var: "Teymur müəllim direktor təyin edildiyi zaman orada iki alət vardı – piano və skripka. Ancaq indi burada istənilən aləti görmək olar. İndi Qərb alətlərinə müraciət daha çoxdur. Əslində bu alətlərdə ifa etməyi bacaranlar toylara da gedə bilərlər. Mən uşağıma ixtisas seçərkən belə şeyləri düşünmədim. Mənim bacım Norveçdə musiqi məktəblərinin birində musiqi pedaqoqu kimi çalışır. O, vətəndən kənara gedən kimi orda özünə iş tapdı və hətta indi saysız tələbələri də var. Sadəcə, burada bu sahəni inkişaf etdirmək lazımdır ki, insanlarda maraq oyansın. Musiqinin dili beynəlxalq olduğu üçün düşündüm ki, övladım dünyanın harasına getsə, hər hansı bir xarici dil bilməsə belə, məhz musiqi ilə özünə iş tapa bilər. Əgər övladlarınız musiqinin istənilən növünə yiyələnirsə, lap Afrikaya da getsə, onların dilini bilməsə belə, əldə etdiyi musiqi təhsili sayəsində yeməyə bir tikə çörəyi olacaq. Bu işdə valideynlərin də üzərinə böyük öhdəliklər düşür”.
Əlbəttə ki, bu işdə valideynlərin üzərinə böyük yük düşür. Çünki şagirdlər yaşlarının elə dövründədirlər ki, onların əvəzinə qərarları əsasən valideynləri verir. Təhsil sahibi, ziyalı valideynlər isə övladlarının musiqi təhsili almasını zəruri hesab edir. Bəzi hallarda valideynləri övladlarının ixtisas seçiminə müdaxilə etdiklərinə görə qınamaq olmur. Çünki hər bir valideyn övladının gələcəkdə gəlir gətirəcək sahədə çalışmasını və ailəsini yaxşı şəkildə dolandırmasını istəyir. Ancaq və lakin... Müsahiblərimizin fikirlərində də həqiqətlər var. Milli musiqilərimizi qorumaq və onu yaşatmaq vacibdir. Bununla yanaşı, Qərb musiqi alətlərində ifaçılıq bacarığı, musiqi biliklərimizin genişləndirilməsi heç də lazımsız istiqamət deyil.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər