BDU-da Elmi Şuranın genişləndirilmiş iclası keçirilib - Fotolar
Bakı Dövlət Universitetində (BDU) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Universitetin Mətbuat və informasiya şöbəsindən "Kaspi”yə bildirilib ki, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll
olunması, ölkəmizin uğurlu daxili və xarici siyasəti barədə çıxışına toxunan
rektor, eyni zamanda, Bakıda keçirilən
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumun və Formula -1 Qran Pri
yarışlarının təşkilində respublika rəhbərliyinin xidmətlərini yüksək
qiymətləndirib. Rektor forumda və yarışlarda könüllü olaraq iştirak edən 1000-ə
qədər BDU tələbəsinin fəaliyyətinə də diqqət çəkib.
Rektorun çıxışından sonra Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2015/2016-cı tədris
ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının
nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə
edib,Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində təşkil edilən çöl
təcrübələri haqqında ətraflı məlumat verib. Sonra məruzə ətrafında çıxışlar
olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib.
Elmi Şuranın iclasında BDU-nun Qazax filialının
əsasnaməsini və strukturunun təsdiq edilməsi, müsabiqənin keçirilməsi və elmi
adların verilməsi, imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə
mükafatların verilməsi, tədris planlarının təsdiqi, o cümlədən yubilyarların
təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə fərqlənənlərin
mükafatlandırması kimi məsələlərə baxılıb.
Qeyd edək ki, ilin nəticələrinə görə Botanika
kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Elşad Qurbanov və Rus
dilçiliyi kafedrasının müdiri, professor Lalə
Quliyeva "İlin kafedra müdiri”, Genetika və təkamül təlimi kafedrasının
professoru Məcnun Babayev və Arxeologiya və etnoqrafiya kafedrasının professoru Tarix Dostiyev "İlin
müəllimi” adlarına layiq görülüblər.
İclasda həmçinin Sosial elmlər və psixologiya
fakültəsinin Elmi Şurası tərəfindən qaldırılan vəsatət əsasında Psixologiya
kafedrasının professoru, Əməkdar elm xadimi, "Şöhrət” ordenli Əkbər Bayramova
"BDU-nun Fəxri professoru” fəxri adının verilməsi barədə qərar qəbul olunub.