• şənbə, 27 Aprel, 01:33
  • Baku Bakı 14°C

Bala, bura “jek”dü...

14.06.13 10:04 2270
Bala, bura “jek”dü...
SSRİ süqut edəndə başqa keçmiş müttəfiq respublikalar kimi Azərbaycan da ayrıca nazirlik və başqa idarəetmə qurumlarını yaratdı. Eyni zamanda əvvəlki dövlət orqanlarından bəziləri gərəksiz olduqlarından bağlandı. Amma həmin gərəksiz təşkilatlardan bəziləri qaldılar. Çox təmtəraqlı olmasa da, ömür sürürlər. Üstəlik faydalı bir iş görmədilkəri halda insanlara əziyyət verir, get-gələ salırlar. Bu, mənzil istismar sahələri, yaxud el dililə desək “jek”lərdir.
Bəs MİS-lər, yaxud “jek”lər əslində nə olan şeydir və nə işlə məşğuldur, daha doğrusu məşğul olmalıdır?
Dünən
1980-ci illərin ortalarında Moskvada Qalina Şilova adlı bir nəfər alim “Müasir dövrdə yaşayış yerində ideya-tərbiyəvi işləri və onun təkmilləşdirmə yolları” adlı dissertasiya işi yazmışdı. O vaxt parçalanma meyllərinin özünü büruzə verdiyi ittifaqın ali rəhbər orqanı olmuş SovİKP MK həmin dissertasiyanın ana fikrinə dördəlli yapışdı. Mərkəzi Komitədə başa düşdülər ki, “sovet adamları”nı kollektivçilik tərzdə tərbiyələndirmək lazımdır. Həmin əsərdəki fikirləri həyata keçirmək üçün də Moskvanın kənar bölgəsi olan Perovo rayonu seçildi. Tapşırığın icrası da yerli “jek”lərə və milis sahə müvəkkillərinə həvalə olundu. Əsasən partiyanın nüfuzu sayəsində layihə baş tutdu, üstündən yarım il keçmiş, səhv etmirəmsə 1984-cü ilin ikinci yarısında artıq MK bütün respublikalara Perovo rayonunun qabaqcıl təcrübəsini tətbiq etmək, Şilovanın dissertasiyasını isə kitabça şəklində nəşr etdirib rəhbər vəsait kimi yaymaq göstərişi verildi. O vaxtlar bir şəhərin partiya komitəsində işləyən müəllif də bilavasitə həmin məsələ ilə məşğul olurdu. Elə o zaman da MİS-lərin mahiyyətcə nə olduğunu təfərrüatı ilə öyrəndim. Öyrənirkən də həmin qurumların vəzifəsinin nədən ibarət olduğunu başa düşməyib onların qatı düşməninə çevrildim. “Jek”lər oturub özləri üçün arayış alverini edir, ildə iki-üç dəfə də binaların bloklarını zəhlətökən yaşıl rəngə boyatdırırdılar. Zirzəmidə deşilən borunu isə onlara təmir etdirmək üçün gərək partiya təşkilatlarına bir yığın məktub yazaydın. O da ustaların zəhmət haqqını sakinlər ödədikdən sonra baş tuturdu. Hə, yadımdan çıxmışdı, bir də onlar müntəzəm olaraq qapı-qapı gəzib kirayə haqqı, zibil daşıma haqqı, blokların təmizlik haqqı dilənirdilər. Verməsən də olmaz, arayışsız qalarsan, hətta “arayış haqqı” versən belə!
İndi də mən əlimdə Şilovanın kitabı və şəhər partiya komitəsinin göstərişi ilə gəlib “jek”lərin bu rahatlığına, asudəliyinə son qoyur, kürklərinə birə salıram. MİS rəisləri, tərbiyəçiləri (bəli, onlar da varmış “jek”lərdə!), sahə müvəkkilləri arasına bir qaçaqaç düşdü ki, gəl görəsən. İnsafən sakinlər bunun xeyrini gördülər. Bütün uşaq meydançaları bərpa olundu, böyüklər üçün tennis masaları qoyuldu, idman yarışları keçirildi, yəni MİS-lərə ayrılan vəsaitlərin heç olmasa müəyyən hissəsi təyinatına görə xərcləndi. Ümumiyyətlə isə bu qurumların mənzil problemlərinə ögey münasibəti dəyişmədi, bloklardakı pəncərələr şüşəsiz qalır, təmizlik işlərini isə sakinlər özləri görməli idi.
Bu gün
SSRİ dağılan kimi “jek”lər də vəziyyətdən faydalanmağı bacardılar. Artıq yeni qiymətə arayış verməkdən başqa bir işləri qalmamışdı. Hazırda özəlləşdirilən mənzillərə heç bir məntiqi aidiyyatı olmayan məşhur “forma 2” indi də çətin əldə edilən sənəd kimi tanınır. Eynilə ev kirayəsinin də özəlləşdirilən mənzillərə nə əsasla tətbiq olunduğu, habelə bu adla toplanan vəsaitin hara getdiyi qaranlıq qalır.
MİS-lər kimə tabedir? Süpürgəçilərin sarı geyimindəki yazıya inansaq, icra hakimiyyətinə. Onda bəs bələdiyyə nəyə lazımdır? Axı evlərin tikildiyi ərazi guya bələdiyyəyə məxsusdur, həmin qurum da müvafiq vergini toplayıb abadlıq işlərinə sərf etməlidir. Amma bizdə bələdiyyənin nə səsi çıxır, nə də səmiri, niyə seçildiyi, nə üçün yaradıldığı da məlum deyil. MİS-lər isə əvvəlkitək möhkəm dururlar. Onlar deyilənə görə, qan iyini beş kilometrdən tutan köpək balıqlarını da arxada qoyublar. Belə ki, qapını qıfıllayıb evdə təmirə başlasanız, səhərisi gün mütləq MİS işçisi qapınızı döyüb “neynirsən burada?” sualı ilə sizi karıxdıracaq. Qarşısındakı xamdırsa, cibində onluq oynada-oynada çıxıb gedəcək, əks təqdirdə əliboş qayıdacaq, amma eyni zamanda təmirdən sonrakı zir-zibili neylədiyinizə, yaxud binanın fasadını dəyişib-dəyişmədiyinizə gizlincə göz qoymağı da unutmayacaq. Hətta adi pəncərələr əvəzinə şüşə paketi qurdurmağı qadağan etdikləri belə olub. Amma bu hələ harasıdır. Məsələn, şəxsi həyətinizdə hamam tikdirmək niyyətindəsiniz. Buna hər cür qanuni hüququnuz olsa belə, MİS-dəkilər məsələyə dair tamam başqa fikirdə ola bilərlər. Bu mötəbər qurumun işçisi sahə müvəkkilini də şirnikləndirərək yanına qatıb qapınızı kəsdirəcək. Lakin çağrılmamış qonaqlarla qanun dilində danışsanız, suyu süzülə-süzülə çıxıb gedərlər. Əfsus ki, camaatımızın böyük əksəriyyəti qanunlardan baş çıxarmadığından, hətta dar ayaqda belə kitabı açıb öz hüquqlarını öyrənməyə ərindiyindən həmin MİS-sahə müvəkkili cütlüyünün məqsədinə çatmaq ehtimalı yetərincə yüksəkdir. Son vaxtlaradək düz-əməlli bəhanə tapmayıb guya işıqpulu vermədiyinizi deyib adama arayış vermirdilər. Hətta burada çoxdandır smart kartla işləyən sayğacın quraşdırılmış olduğunu da “unudurlar”.
Sabah
Ölkədə Mənzil Məcəlləsi qəbul edilib. Dərhal tənqid hədəfinə çevrilən bu sənəddə MİS barədə bircə kəlmə də yazılmaması həmin qurumun qanunsuz olduğunu bir daha sübut edir. MİS-ləri ləğv etməyin zəruriliyi çoxdandır müzakirə mövzusudur və bu barədə xüsusi qərar çıxmasa belə, gec-tez həmin qurumların öz-özünə ortadan qalxacağına şübhə yoxdur. Belə ki, Bakıda köhnə məhəllələrin sökülüb əvəzində yeni hündür binaların tikilməsi ilə MİS-lər “yem mənbələri”ndən məhrum olur. Yeni binaların sahibləri bu evləri ya şəhərin balansına verir, ya da öz idarələrində saxlayırlar. Həmin bina sakinləri ən azı təmiz şəraitdə, su və işıqla fasiləsiz təmin olaraq, parkinqli və mühafizəli binada yaşadıqları üçün pul ödədiklərini bilirlər. Bəs görəsən, o binaları da MİS-lərə təhvil versələr bütün bunlar qalacaqmı? Hər halda bizim görüb-götürmüş insanlar əvvəlki vəziyyətə qayıtmaq istəməzlər. Odur ki, hüquqşünas Azər Talıbovla razılaşmaq olar: “Mənzil Məcəlləsində sakinlərin hüquqları, evə sahiblik səlahiyyətləri, habelə ümumi mülkiyyətin satılmasına dair və sair qanuni məhdudiyyətlər aydın göstərilməlidir. Həmçinin mənzil kondominiumlarına, yəni mənfəətsiz idarəetmə şirkətlərinə dair ayrıca qanunun qəbulu məqbul olardı. Mənzil Məcəlləsində sakinlər arasında mülkiyyət bölgüsü, onlar tərəfindən lift, dəhliz, zirzəmi, çardaq, ümumi istifadə olunan torpaq sahələrinə sahiblik və idarəetmə məsələlərilə bağlı xeyli boşluqlar var”.
Əli İbrahimov
banner

Oxşar Xəbərlər