AZE | RUS | ENG |


Azərbaycanın valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyib

Azərbaycanın valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyib
Prezident İlham Əliyev: “İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir”

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, qara qızılın insan kapitalına çevrilməsi Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə daha geniş vüsət alıb, zamanın tələbinə uyğunlaşdırılıb. Bunun sayəsində Azərbaycanda iqtisadiyyatın inkişafının davamlılığı təmin olunub, yalnız mərkəz şəhərlər deyil, regionlar da sosial-iqtisadi tərəqqi dövrünü yaşamağa başlayıb. Regional inkişaf proqramları, qanunvericiliyin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığa hərtərəfli dəstək qeyri-neft sektorunda da irimiqyaslı layihələrin reallaşdırılmasına səbəb olub. Məhz ona görə də 2015-ci ildə dünya iqtisadiyyatında baş verən növbəti böhran, neftin satış qiymətinin siyasi səbəblər üzündən kəskin ucuzlaşması fonunda Azərbaycan ayaqda durmağı bacardı. Milli valyutanın iki dəfə devalyasiyaya məruz qalmasına rəğmən qeyri-neft sektoru hesabına ölkəni çətin durumdan minimal itkilərlə çıxarmaq mümkün oldu. 2016-cı ilin başlanğıcında isə Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun iqtisadi prioritetləri elan etməsi, geniş islahatlara start verməsi, qeyri-neft sektorunun, xüsusən də sahibkarlığın daha da inkişafı üçün çoxsaylı fərman və sərəncamlar imzalaması Azərbaycan iqtisadiyyatındakı davamlı inkişaf tempini qoruyub saxlayıb.

Deyilənlərə misal olaraq qeyd edək ki, gəlirlərin azalmasına baxmayaraq, ötən il Azərbaycanda bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Həmçinin minimum əməkhaqqının artırılması və pensiyaların sığorta hissəsinin indeksasiyası, qaçqın və məcburi köçkünlərə aylıq müavinətin müəyyən edilməsi, elektrik enerjisi və qazın tariflərində diferensial yanaşmanın tətbiqi, dərman bazarının tənzimlənməsi və digər tədbirlər vətəndaşlara göstərilən qayğı kimi qiymətləndirilməlidir. Ümumilikdə, görülən işlər nəticəsində isə ötən il 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılıb. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il aparılan dərin islahatlar nəticəsində bütün bu nailiyyətlər əldə edilib.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən faktlar isə onu deməyə əsas verir ki, 2016-cı ildəki iqtisadi inkişaf cari ilin ilk 3 ayında da müşahidə edilib. 2017-ci ilin birinci rübünün yekunlarını konkret faktlarla təhlil edən dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir: "İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır. Bütün bu istiqamətlər üzrə yaxşı nəticələr var. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıbdır, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olubdur, kənd təsərrüfatı 3,5 faiz artıbdır. Xüsusilə qeyd etmək istəyirəm ki, bitkiçilik 20 faizdən çox artıbdır. Bu, onu göstərir ki, bizim gördüyümüz işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir”.

Prezident İlham Əliyev birinci rübdə ölkənin valyuta ehtiyatlarının 1 milyard dollar səviyyəsində artdığını da dilə gətirib. O, hazırda Azərbaycanın valyuta ehtiyatlarının 38,5 milyard dollar olduğunu diqqətə çatdırıb: "Bu, böyük rəqəmdir. Biz keçən il valyuta ehtiyatlarımızı qoruya bilmişik. Baxmayaraq ki, neftin qiyməti kəskin səviyyədə aşağı düşüb, bu il nəinki qoruya bilmişik, birinci üç ayda biz əlavə 1 milyard dollar qazanmışıq. Əminəm ki, biz il ərzində valyuta ehtiyatlarımızı artıracağıq. Bax, bu, çox önəmli məsələdir. Çünki hamıya aydındır ki, 2015-2016-cı illər böhran illəri idi. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi, inşaat sektorunda keçən il yaşanan durğunluq istər-istəməz təbii ki, bizim iqtisadi inkişafımıza mənfi təsir göstərə bilərdi. Bəlkə də hər hansı bir başqa hökumət bunun çıxış yolunu ancaq valyuta ehtiyatlarının istifadəsində görə bilərdi. Ən asan yol da bu idi. Ancaq bax, məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planlarımız əlbəttə ki, bizim üçün başqa seçimi diktə edir. Bu, məsuliyyətli seçim idi, bu, xalqın maraqlarını hər şeydən üstün tutan seçim idi. Biz tezliklə ciddi islahatları dəyərləndirdik, çox operativ tədbirlər gördük. İqtisadiyyatımızın restrukturizasiyası ilə bağlı çox ciddi addımlar atıldı. Biznesi, investisiyaları, ixracı stimullaşdırmaq istiqamətində müvafiq qərar və qanunlar qəbul edildi. Beləliklə, biz iqtisadi dayanıqlılığımızı qoruya və valyuta ehtiyatlarımızı artıra bildik. Neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti keçən il və bu il öz valyuta ehtiyatlarını itirirlər. Biz isə artırırıq”.

Dövlət başçısı cari ilin üç ayında ticarət dövriyyəsinin 15 faiz artdığını da vurğulayıb. Deyib ki, bu da çox yaxşı göstəricidir: "İxrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft ixracımız təqribən 10 faiz ətrafında artmışdır, idxal isə 17 faiz azalmışdır. Bu da bizim siyasətimizin təzahürüdür. Çünki biz idxaldan asılılığımızı azaltmaq üçün yerli istehsalı stimullaşdırdıq, biznes qurumlarına çox gözəl şərait yaratdıq, xüsusilə kənd təsərrüfatı sahəsinə texnikanın alınmasına və digər tədbirlərə dövlət investisiyaları qoyuldu. Bu barədə artıq çox danışmışıq, təkrar etmək istəmirəm. İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Ancaq birinci rübdə ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir”.

Onu da əlavə edək ki, 2017-ci ilin birinci rübündə nəqliyyat sektorunda da yaxşı nəticələr əldə edilib, Azərbaycandan İrana birinci qatar yola salınıb. Cari ilin sonunda isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi istifadəyə veriləcək. Azərbaycanda turizm sektoru da sürətlə inkişaf edir. Buna sübut kimi ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayının 25 faiz artmasını göstərmək olar. Azərbaycanda turizmin inkişafını şərtləndirən amillərə gəlincə, bura ölkənin dinamik inkişafını, müasir sosial-iqtisadi infrastrukturun yaradılmasını, şəhərlər və digər yaşayış məkanlarında ən müasir standartlara uyğun quruculuq, abadlıq işlərinin həyata keçirilməsini göstərmək olar. Bununla yanaşı, ölkədə hökm sürən sabitlik və təhlükəsizlik, müasir turizm infrastrukturunun qurulması, viza rejiminin sadələşdirilməsi və "ASAN viza” sisteminin yaradılması, Azərbaycanın ardıcıl şəkildə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünyada müsbət imicimizin formalaşması da turizmin inkişafına təsir edən amillərdəndir.

Sonda bir daha qeyd edək ki, cari ilin yalnız birinci rübü ərzində Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollar çoxalaraq 38,5 milyard dollar təşkil edib. Beləliklə də ölkənin valyuta ehtiyatları xarici borcu 5 dəfədən çox üstələyib. Aparılan düzgün iqtisadi siyasət nəticəsində 85 min yeni iş yeri yaradılıb. Bütün bu faktlar bir daha onu göstərir ki, Azərbaycan 2015-2016-cı illərdəki ümumdünya iqtisadi böhranın fəsadlarını uğurla aradan qaldıra bilib və inkişaf yoluna çıxıb. Ölkədə siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahat tədbirləri sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirib. İqtisadiyyatdakı bu tərəqqini 2017-ci ilin birinci rübünün müsbət nəticələri də nümayiş etdirməkdədir.

Alpər TURAN


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6373
GBP 1 İngilis funt sterlinqi 2.2678
TRY 1 Türk lirəsi 0.4429
KWD 1 Küveyt dinarı 5.6260
SEK 1 İsveç kronu 0.1996
EUR 1 Avro 2.0012
CHF 1 İsveçrə frankı 1.7140
USD 1 ABŞ dolları 1.7000