• cümə, 26 Aprel, 20:02
  • Baku Bakı 22°C

Azərbaycanda həyata keçirilən islahatlara Dünya Bankı tərəfindən tam dəstək veriləcək

31.03.21 19:00 681
Azərbaycanda həyata keçirilən islahatlara Dünya Bankı tərəfindən tam dəstək veriləcək
Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüş keçirilib.
Kaspi.az Mərkəzi Bank-a istinadən xəbər verir ki, görüşdə DB-nin Ölkə ofisinin rəhbəri Sara Maykl da iştirak edib.
Görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmizin DB ilə uzunmüddətli əməkdaşlığının ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb. Sonra ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışaraq bildirdi ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq 2020-ci il ölkəmiz üçün bütövlükdə uğurlu il olub, makroiqtisadi sabitlik qorunub və iqtisadi azalma minimal olub.
E.Rüstəmov ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyini qeyd edib. Bildirib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına və Azərbaycanın təmiz ətraf mühit və "yaşıl artım" ölkəsinə çevrilməsinə yönəlib. Qeyd olunub ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynayıb və əminlik ifadə olunub ki, DB strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcək.
Molineus öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib. Bildirib ki, 2020-ci ildə həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir.
S.Molineus ölkədə DB-nin dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara DB tərəfindən tam dəstək veriləcəyini ifadə edib. O bildirdi ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Qeyd edib ki, sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində DB bütün lazımi dəstəyi göstərməyə hazırdır.
Görüşdə Mərkəzi Bank ilə DB arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər