AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan paytaxtında bir neçə yarımmərkəz yaradılacaq

Azərbaycan paytaxtında bir neçə yarımmərkəz yaradılacaq

İqtisadiyyat
26 Sentyabr 2013, 16:10 850
Böyük Bakının Regional İnkişaf Planında paytaxt Bakı ilə yanaşı, əlavə yarımmərkəzlər də olacaq. Həmin yarımmərkəzlər sənaye, mədəni və ticarət mərkəzlərindən ibarət olacaq.

Bu barədə “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, bu cür yarımmərkəzlər şəhərin tarixən formalaşmış tarixi-memarlıq mühitini qorunub saxlanması şərti ilə həyata keçiriləcək: “Hazırda Bakıda əhali sıxlığı çox böyükdür. İnsanlar hətta istirahət günlərində belə gəzməyə eyni mərkəzə gedir. Ümumiyyətlə, Böyük Bakının Regional İnkişaf Planında bir neçə mərkəzin yaradılması nəzərdə tutulub. Belə ki, sənaye yarımmərkəzi olması nəzərdə tutulan texno-parklardan biri Sumqayıtda, biri Balaxanıda, digəri isə Qaradağda Ələt zonasında olacaq. Digər mədəni və ticarət yarımmərkəzlərindən biri Böyükşorda, digərinin Xırdalanda olması düşünülüb. Bundan başqa, avtovağzalın Biləcəridə olması, gələcəkdə dəmir yolu vağzalının xətlərinin azalması da yeni bir mərkəzin yaradılmasına gətirib çıxara bilər. Eyni zamanda Xırdalanın da mobil bir zonaya çevrilməsi nəzərdə tutulur. Biz bütün bunlarla şəhərin mərkəzi hissəsində olan basqının aradan qaldırılmasını nəzərdə tutmuşuq”.

Qeyd edək ki, Bakının ətrafında mədən ərazilərinin rekultivasiya olunması planlaşdırılır. Plana görə, gələcəkdə təxminən 25 min hektarın rekultivasiya olunması və həmin ərazilərdə yaşıllıq salınması nəzərdə tutulub.