• çərşənbə axşamı, 19 mart, 09:23
  • Baku Bakı 8°C

Azərbaycan-NATO əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

26.09.17 20:27 958
Azərbaycan-NATO əlaqələrinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan nazir xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi yüksək qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir.
NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Alyansın müxtəlif proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər