“Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər ” mövzusunda seminar keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) universitetin İtalyan dili mərkəzinin təşkilatçılığı ilə
"Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər” mövzusunda seminar keçirilib. Tədbiri
açıq elan edən ADU-nun Xarici vətəndaşlarla iş və Protokol xidmətinin
müdiri Anar Bağırov qonaqları seminar iştirakçılarına təqdim edib və onları
universitetdə görməkdən məmnunluğunu dilə gətirib. Daha sonra "Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro
Teti universitetin italyan dili üzrə təhsil alan tələbələri, eyni zamanda müəllim
heyətinə İtaliya və Azərbaycan arasında mövcud ictimai-siyasi və mədəni əlaqələr
barədə ətraflı məlumat verib. O, Azərbaycan haqqında nəşr olunan ilk
italyandilli kitabları təqdim edib və Azərbaycan dilindən birbaşa italyan dilinə
tərcümə sənətinin inkişafının zəruriliyindən də söhbət açıb. Qonaq ADU-nun
rektoru, akademik Kamal Abdullanın "Yarımçıq əlyazma” romanını italyan dilinə tərcümə
etdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb, həmçinin bu romanın
italyandilli auditoriya üçün Azərbaycan xalqının qədim və zəngin tarixi ilə
bağlı dolğun fikir formalaşdırmaq baxımından dəyərli mənbə olduğunu da sözlərinə
əlavə edib.
Öz növbəsində, italiyalı
arxitektor Laura Peretti "Memarlıq dili”
mövzusunda mühazirə ilə çıxış edib. O, memarlığın insan dili kimi öz
qaydalarının olduğunu və xalqlar arasında ünsiyyət vasitəsi rolunu oynadığını
deyib: "Biz hər bir memarlıq abidəsini xalqın multikulturalizm göstəricisi kimi
qəbul edə bilərik. Memarlığın da öz lüğəti və özünü ifadə etmə növləri var.
Dünyada mövcud olan müxtəlif dillər kimi memarlıqda da biz cürbəcür üslubları
müşahidə edə bilərik”.
Sonda
italiyalı qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıb.