• cümə, 26 Aprel, 14:35
  • Baku Bakı 23°C

Azərbaycan istədiyi vaxt xarici borclarını bağlaya bilər

14.01.20 18:39 903
Azərbaycan istədiyi vaxt xarici borclarını bağlaya bilər
Ekspertlər deyir ki, dövlətimizin sahib olduğu imkanlar buna əsas verir

Yanvarın 13-də Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu bildirib. İlham Əliyev ilin əvvəlindən qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu vurğulayıb: "Həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar əldə edilib.Ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur - həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir”.

Prezident İlham Əliyev müşavirədə ölkənin xarici borcunun azaldılması məsələsinə də diqqət çəkib: "Bizim xarici dövlət borcumuz onsuz da çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il daha da düşəcək. Ancaq bizim maliyyə imkanımız var ki, tez bir zamanda xarici borcumuzu daha da endirək. Çünki qeyd etdiyim kimi, təkcə keçən il biz 6,4 milyard dollar əlavə vəsait qazanmışıq. Bu il də neftin qiyməti təqribən 65 dollar səviyyəsindədir. Bizim büdcəmizdə isə neftin qiyməti 55 dollar götürülmüşdür. Biz neftin qiymətini çox konservativ, yəni, aşağı səviyyədə nəzərdə tutduq. Buna baxmayaraq, büdcəmiz rekord həddə çatıb. Ona görə əminəm ki, bu il bizə böyük əlavə xarici valyuta axını olacaq. Hesab edirəm ki, xarici dövlət borcu nə qədər aşağı olsa, o qədər yaxşıdır. Bir də ki, biz indi xarici kreditləri də çox böyük ehtiyatla alırıq. Ancaq texnoloji layihələrin həyata keçirilməsi üçün kreditlər alına bilər”.

Maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət borcunun uzunmüddətli idarə edilməsi ilə bağlı müəyyənləşdirilən strategiyaya uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir: "Hazırda bizim birbaşa götürdüyümüz xarici dövlət borcumuz 17,2 faiz təşkil edir. Bu il 1,7 milyard manat məbləğində vəsait nəzərdə tutulub. Bununla əlaqədar bəzi tədbirlər 2019-cu ildə görülüb, 2020-ci ildə də görüləcək. Çalışacağıq ki, xarici dövlət borcumuz təxminən 1 faiz azalsın”.

İqtisadçı millət vəkili Aydın Hüseynov bildirdi ki, Azərbaycan xarici borcu ən aşağı olan dövlətlər sırasındadır: "Bu göstərici hazırda 17 faiz təşkil edir. 2020-ci ilin dövlət büdcəsində 1,8 milyard manat vəsait xarici borcların idarə olunması üçün nəzərdə tutulub. Bu, kifayət qədər böyük göstəricidir və o deməkdir ki, ilin yekunlarında Azərbaycanın xarici borcu ciddi miqdarda azalacaq. Məlumdur ki, müstəqil iqtisadi siyasət ölkə başçısının apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil edir. İlham Əliyev dəfələrlə qeyd edib ki, ölkə iqtisadiyyatının müstəqilliyi onun siyasi müstəqilliyi deməkdir. İqtisadiyyatın müstəqilliyini təmin edən faktorlardan biri isə xarici borcun az olmasıdır. Azərbaycanın 51 milyard dollara yaxın valyuta ehtiyatı var. Valyuta ehtiyatları və ümumdaxili məhsulun xüsusi çəkisi ilə müqayisədə xarici borcumuz çox aşağıdır. Bu isə o deməkdir ki, Azərbaycan öz resursları və potensialı hesabına öz xərclərini tənzimləyə bilir. İnvestisiya proqramlarının, sosial tədbirlərin həyata keçirilməsində, dövlət xərclərinin təmin olunmasında kifayət qədər potensial var. Xarici borcların geri qaytarılması zamanı ilk növbədə faiz dərəcəsi yüksək olan borclar ödənilməlidir. Bu istiqamətdə dövlət tərəfindən müəyyən addımlar atılır. Bunun nəticəsidir ki, hazırda dövlət borcumuz aşağı rəqəmlərlə ifadə olunur”.
Maliyyə məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, Azərbaycanın kifayət qədər valyuta rezervləri var: "Bu rezervlər digər ölkələrin iqtisadiyyatına investisiya edilir. Bu investisiyalar əmlak formasında və ya banklara əmanət qoyuluşu formasında edilib. Burada ölkənin xərclərinin optimallaşması nəzərdə tutulub. Dövlətin borcu kənardan vəsait cəlb etməklə artır. Mövcud layihələri maliyyələşdirmək üçün vəsait imkanları yetərli olmadıqda, kənardan vəsait cəlb olunur. Hazırda Azərbaycanın maliyyə vəziyyəti qənaətbəxşdir. Yəni xarici borclanmalara ciddi ehtiyac yoxdur. Azərbaycan dövləti ən böyük layihələri maliyyələşdirmək iqtidarındadır. Son illər bir neçə böyük layihənin maliyyələşdirilməsinin şahidi olmuşuq. Azərbaycan hal-hazırda istiqraz çıxararaq 2024-cü ilə qədər vəsait cəlb edib. Bu vəsaitlər 4,7 faiz gəlirliliklə cəlb edilib. Hazırki situasiyada bu kağızların gəlirliliyi 3 faizə qədər aşağı düşüb. Bu o deməkdir ki, Azərbaycan istədiyi vaxt əlindəki imkanlarla borcunu bağlaya bilər. İndi isə Azərbaycan daha az, yəni 2-3 faizlə istiqraz çıxarıb vəsait cəlb edə bilər. Bu da büdcə üzərindən faiz yükünü nisbətən azaltmış olur. Yəni xarici borclarımızın ödənilməsi üçün vasitələr çoxdur. Əsas məsələ ölkə rezervlərinin buna imkan verməsidir. Xarici borclar maliyyə dayanıqlığından asılı olan bir məsələdir”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər