Azərbaycan-İran əlaqələri müzakirə edilib
İqtisadiyyat
naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi,
ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin
Mustafayev Azərbaycanda səfərdə olan İranın rabitə və informasiya
texnologiyaları naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi ilə
görüşüb. Nazirliyin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, görüşdə İran nümayəndə
heyətinin dekabrın 26-28-də ölkəmizə nəzərdə
tutulan səfərinə, səfər çərçivəsində Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət
Komissiyasının 11-ci iclasının və Azərbaycan-İran biznes forumunun keçirilməsinə,
eləcə də qarşılıqlı maraq doğuran digərə məsələlərə dair müzakirələr aparılıb.
Nazir
Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsində
Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini vurğulayıb. Səhiyyə, maliyyə,
bank, nəqliyyat, ticarət sahələrində mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsinə
dair fikirlərini bildirən Şahin Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin
önəmli həlqələrinən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Astara
stansiyasından (Azərbaycan) İran sərhəddinədək olan 8,3 km-lik dəmir yolu xəttinin
tikintisinin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, nəqliyyat dəhlizinə bir sıra ölkələr də maraq göstərir.
Şahin Musatafayev vurğulayıb ki, Azərbaycan-İran ticarət əlaqələri inkişaf edir
və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycan
tərəfi Bakı və Tehran arasında uçuşların sayının artırılmasında, İranın digər şəhərlərinə
də birbaşa uçuşların təşkilində maraqlıdır.
İranın rabitə və informasiya texnologiyaları
naziri, Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi "Bakutel-2016” Sərgi və
Konfransında iştirak məqsədilə ölkəmizdə səfərdə olduğunu və 10-a yaxın İran
şirkətinin sərgidə iştirak etdiyini qeyd edib. Mahmud Vaezi səfəri çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti ilə görüşdüyünü və ikitərəfli əlaqələrin
inkişafı istiqamətində müzakirələrin aparıldığını vurğulayıb. Son zamanlar ölkələrimiz
arasında əməkdaşlığın inkişafı istiqamətində bir çox işlərin görüldüyünü qeyd
edən İranlı nazir əlaqələrin genişləndirilməsi perspektivlərinə və Dövlət
Komissiyasının növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikirlərini
bildirib.